Azərbaycan hökuməti Milli Məclisin çağırışının icrasına hansı halda start verə bilər?

Fransa Senatının Azərbaycana qarşı qətnamə qəbul etməsi gözlənilən idi, hərçənd, qətnamənin müzakirəsindən öncə Makronun Əliyevə zəng etməsi də diqqətçəkən məqamdır. Makron Bakı-İrəvan münasibətlərində Ermənistanın xeyrinə, eyni zamanda, Fransanın Cənubi Qafqazda iştirakçılığını saxlamaq üçün Əliyevdən "icazə istəyirdi". Və istisna deyil ki, Fransa prezidenti buna nail olmaq, həm də münasibətlərdə qapını "aralı saxlamaq" üçün Senatın qətnaməsinin hökumətin siyasətinə aid olmadığını inandırmağa çalışıb. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, qəbul edilən qətnamə Fransanın nəinki vasitəçiliyi, ümumiyyətlə Azərbaycanla münasibətlərini də sual altına saldı: "Qətnamənin tərkibinə nəzər salqıqda məlum olur ki, Fransa hökuməti Ermənistana və "Dağlıq Qarabağa" "təcavüzə" görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırılır. Azərbaycan sentyabr döyüşlərində "Ermənistanın suveren ərazisinə hücumda" ittiham edilir və rəsmi Bakını "qoşunları Ermənistandan çıxarmağa" çağırırlar. Fransanın "Dağlıq Qarabağı" tanınmasının vacibliyi bir daha təsdiq olunur. Həmçinin Laçın dəhlizinin statusunun dəyişməz qalacağına təminat verilməsi tələb edilir. Fransa hökuməti avropalı müttəfiqlərlə birlikdə Azərbaycanın "yeni hücumlarına" güclü və adekvat cavab verməyə dəvət edilir. Sənəddə eyni zamanda, Azərbaycan rəhbərliyinə qarşı, o cümlədən, Azərbaycanın  neft və qaz ixracına sanksiyaların qoyulması çağırışı edilir; Fransa hökumətindən Qarabağda "humanitar ofisin" yaradılması, "Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi" və İrəvana bütün vasitələrlə dəstəyin göstərilməsi xahiş olunur. Maraqlı məqam ondan ibarətdir ki, qətnamənin müzakirəsində iştirak edən 296 senatorun 295-i lehinə səs verib, o cümlədən, Fransa xarici işlər naziri qətnamənin qəbuluna etiraz etməyib və bu iki məqam da Makron administrasiyasının Azərbaycan əleyhinə qətnaməyə praktiki dəstəyinin nümunəsidir".

Maraqlıdır, bəs, qətnamənin praktiki mərhələdə tətbiqi hansı səviyyədə mümkündür? A.Nərimanlı qeyd edib ki, Azərbaycanın enerji resurslarına sanksiyaların, o cümlədən, Fransanın Bakıya qarşı sanksiya tətbiq etməsi ehtimalı azdır. Lakin iki istiqamətində addımların atılması gözləniləndir: "Birincisi, Ermənistanın "müdafiə qabiliyyətinin artırılması"dır: Fransa və Ermənistanın hərbi rəhbərliyi bu məsələ ilə bağlı müzakirələr keçirib. İkincisi, Qarabağda "humanitar ofisi"n açılmasıdır: Rusiya buna soyuq yanaşacaq, lakin bir məqam - Moskva ilə yanaşı, Qərblə də münasibətlərə malik olan Ruben Vardanyanın Xankəndinə köçməsi və separatçıların qondarma "dövlət naziri" kimi fəaliyyəti bu məsələnin mümkünlüyü ehtimalını önə çıxarır: rusların layihəsi olan Vardanyanın Qarabağa gəlişindən ilk görüşləri Fransada keçirməsi də bu kontekstdə diqqət çəkir".

Xatırladaq ki, bu arada Azərbaycan Milli Məclisi Fransa Senatının qətnaməsinə etiraz əlaməti olaraq bəyənat qəbul edib. Sənədə əsasən  Milli Məclis hökumətə Fransa ilə bağlı çağırış edib. Siyasi ekspert hesab edir ki, Fransa hökuməti Senatın Azərbaycana qarşı qətnaməsinin icrasına başlayarsa, Azərbaycan hökuməti Milli Məclisin çağırışının praktiki icrasına start verə bilər: "Azərbaycan Fransanın mümkün vasitəçiliyindən tamamilə imtina edəcək. Siyasi və iqtisadi münasibətlərə yenidən baxacaq, bu halda diplomatik münasibətlərin kəsilməsi istisna deyil. Beləliklə, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə icra edilən istənilən layihədə iştirakına imkan verməyəcək. Fransa şirkətlərinin Azərbaycanla enerji sektorunda əməkdaşlığına yenidən baxılacaq ki, nəticədə "Total" və digər şirkətlər bazardan çıxarıla bilər. Ən əsası Fransanın hərbi cinayətlərini, islamofibiya və türkofobiya siyasətini Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında müzakirəyə çıxaracaq. Bu, Senatın qəbul etdiyi qətnamənin Fransa hökuməti tərəfindən mümkün icrasına qarşı Bakının əks-həmləsidir. Fransanın qətnamənin icrasına başlayacağı, xüsusilə Avropanın enerji ehtiyacları fonunda çətin görünür. Müzakirələrdə iştirak edən Fransa xarici işlər naziri də qətnamənin icrasının mümkünlüyü ilə bağlı sualı cavablandırmaqdan imtina etdi. Bu baxımdan, Azərbaycanın əks-addımlarına ehtiyac yaranacağı gözləntisi də azdır. Lakin Fransanın vasitəçilik cəhdlərinə imkan verilməyəcəyi ehtimalı böyükdür, hətta belə bir situasiya yaransa belə, bu formal xarakter daşıyacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31