Fransanın Azərbaycana olan ikiüzlü və riyakar münasibəti
18 Noyabr 2022 11:09 SiyasətRəsmi Paris bir daha ermənipərəst mövqedə olduğunu, Ermənistanın maraqlarına xidmət etdiyini ortaya qoydu. Hər halda Fransa Senatının bu günlərdə Azərbaycanla bağlı qəbul etdiyi qətnamə belə deməyə əsas verir. Senatın bu qərarı Azərbaycan cəmiyyətində ciddi narazılkıq və etirazla qarşılanıb.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, noyabr ayınının 15-də Fransa Senatında Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamənin qəbul edilməsi nəinki Fransa adına ümumilikdə dünya siyasəti adına böyük bir biabırçılıqdır. Onun sözlərinə görə, belə qətnamənin qəbulu böyük təəssüf hissi doğurmaqla yanaşı şiddətli şəkildə qınanılmalıdır: "Erməni lobbisinin maraqlarına xidmət edən bu qətnamə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Heç bir hüquqi əsası olmayan qətnamənin qəbulu regionda sülhün bərqərar olmasına böyük bir zərbədir. Eyni zamanda Fransa Senatının qəbul etdiyi qətnamə Fransanın Azərbaycana qarşı ikiüzlü və riyakar siyasətinin növbəti göstəricisidir. Hər zaman olduğu kimi bu dəfə də Fransa özü kimi işğalçı və terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanı açıq-aşkar, bütün beynəlxalq hüquq normalarını ayaqlar altına ataraq müdafiə etməkdən çəkinmir. Maraqlıdır demokratiya və haqq- ədalətdən dəm vuran Fransa dövləti niyə görə Ermənistanın 30 illik işğalı zamanı törətdiyi vəhşiliklər haqqında bir dəfə olsun belə səsini çıxarmadı, qətnamə qəbul etmədi? Niyə görə İkinci Qarabağ müharibəsi zamanı şəhərlərimizin Ermənistan tərəfindən raket atəşinə məruz qalmasına, mülki vətəndaşlarımızın həlak olmasına göz yumdu?".
Sədaqət Vəliyeva bildirib ki, görünür Azərbaycan dövlətinin dinamik inkşafı və dünyada nüfuzunun günbəgün artması Fransanı narahat etməyə başlayıb: "Bu səbəbdəndə bu cür biabırçı yola əl atmağa başlayıblar. Qeyd etmək lazımdır ki, qətnamənin qəbulunda Fransa prezidenti Emanuel Makronun böyük rolu vardır. Bu bir daha Fransa prezidenti Emanuel Makronun necə cılız bir siyasətçi və siyasətdə təsadüfi adam olmasını göstərir. Rəsmi Fransa birmənalı şəkildə anlamalıdır ki, bu cür ikiüzlü, riyakar və beynəlxalq hüquqa zidd olan siyasətin sonu uçurumdur. Fransanın 30 il ərzində BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə necə dəstək olduğu göz qabağındadır. Fransa, özünün də imza atdığı qətnamənin əleyhinə hərəkət etməklə nə qədər hiyləgər, çirkin əməllərə xidmət etdiyini və öz imzasına hörmət etmədiyini ortaya qoymuş oldu. Yaxşı olardı ki, Fransa Senatı heç bir hüquqi əsası olmayan, riyakar qətnamə qəbul etmək, terror dövləti olan Ermənistanı dəstəkləmək əvəzinə 50-dən çox ölkədə törətdiyi qətliamlar, işğallar, həmin dövlətlərin sərvətlərini talan etməsi haqqında düşünsün!"
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər ərzində Fransa ilə səmimi dost və müttəfiqlik siyasəti yürütməyə çalışıb: "Lakin rəsmi Bakının bütün cəhdlərinə və xoş məramına baxmayaraq ötən illər ərzində Fransa dövlətini və xüsusən də onun parlament qanadını haqq yoluna gətirmək mümkün olmadı. Çünki Fransa "əhliləşmə"si mümkün olmayan, ermənipərəstlik mərəzindən, xristian təəssübkeşliyindən, türkofobiya mövqeyindən heç cürə əl çəkə bilməyən və yaxud, əl çəkmək istəməyən ölkələr qrupuna aiddir. Bu bir aksiomadır və biz bundan sonra hər nə qədər səy göstərsək də, Fransa dövləti hazırkı kursundan əl çəkməyəcək. Biz bu acı həqiqətlə barışmalıyıq".
MHP sədri bildirib ki, Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamə də bu acı həqiqətin bir tərkib hissəsidir: "Hərçənd ki, sözügedən qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bu sənədin müddəaları Azərbaycan üçün məcburi xarakter daşımır, ancaq bütün hallarda Fransa senatorlarının məlum sənədə yekdilliklə səs verməsi Fransa-Azərbaycan münasibətlərini zədələmək, korlamaq üçün yetərlidir. Bu baxımdan, kimlərsə deyirsə ki, məlum qətnamənin qəbul edilməsi Fransa-Azərbaycan münasibətlərinə xələl gətirməyəcək, heç bir mənfi təsir göstərməyəcək, onlar ciddi şəkildə yanılırlar".
Partiya sədri hesab edir ki, Azərbaycanın Fransa senatorlarının bu cür rüsvayçı davranışına göz yummaq fikri yoxdur: "Makron hökuməti öz ənənəsinə uyğun olaraq həmişəki kimi yenə də riyakarlıq edib senatorların bu cür təxribatçl addımına səssiz qala bilər, ancaq rəsmi Bakının səbr limiti isə heç də hüdudsuz deyil. Azərbaycan bu qətnamənin qəbul edilməsindən özü üçün ciddi nəticələr çıxaracaq və Fransa ilə bağlı siyasətinə əsaslı korrektələr edəcək. Özünü sülhyaradıcı, vasitəçi, arbitr qismində görən, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün guya səy göstərən Fransa tərəfsizlik və neytrallıq, ədalət və obyektivlik prinsiplərini bu cür kobud şəkildə pozursa və açıq-aşkar Ermənistanın, separatçı ermənilərin maraqlarına uyğun siyasət yürütdüyünü əməli olaraq nümayiş etdirirsə, o zaman Fransa prezidenti də, siyasi elitası da bilməlidir ki, artıq Fransanın hər hansı formada vasitəçiliyi Azərbaycan üçün məqbul və arzuolunan deyil".
"Fransa dövlətinin siyasətini fransız xalqının seçdiyi prezident və parlamentarilər yox, Fransadakı güclü erməni lobbisi və diasporu müəyyən edirsə, bizə belə bir dövlətin vasitəçiliyi əsla lazım deyil"- deyə vurğulayan Əlisahib Hüseynov hesab edir ki, bu qətnamənin Azərbaycanın özünə və mövqeyinə heç bir mənfi təsiri olmayacaq: "Lakin biz bundan sonra Fransaya münasibətdə necə davranmalı olduğumuzu artıq çox gözəl bilirik. Əslində biz bu qətnaməni qəbul edən şərəfsiz senatorlara etirazımızı bildirməklə yanaşı, həm də təşəkkür etməliyik. Bilirsiniz niyə? Çünki Senatin bu addımının bizim üçün mənfi tərəfləri ilə bərabər, faydası da var. Senatorlar anti-Azərbaycan xarakterli qətnaməyə səs verməklə Fransa dövlətinin və siyasi sisteminin sonuncu maskalarını da yırtdılar. Bu qətnamə Fransa siyasətinin güzgüsüdür, vitrinidir. İndi kimin kim olduğu, hansı ölkənin haqqın (Azərbaycanın) yanında, hansının isə şərin (Ermənistanın) yanında yer aldığı artıq tam şəkildə bəllidir. Ona görə də biz bundan sonra Fransaya qarşı adekvat siyasət yürüdəcəyik. Fransa özünü ikinci erməni dövləti kimi aparırsa, biz də bu ölkə ilə gərəkən şəkildə davranacayıq. Fransanın Azərbaycandakı siyasi, iqtisadi, mədəni maraqları ciddi şəkildə sarsılacaq. Tarixindən qan daman, lakin özünü "demokratiyanın beşiyi" kimi, beynəlxalq hüququn qarantorlarından biri kimi təqdim edən Fransa Azərbaycana qarşı haqsız mövqe tutduğuna görə Türk-İslam dünyasının da təpkiləri ilə üzləşəcək".
Sonda MHP sədri onu da qeyd edib ki, Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamasına, mədəni və təbii sərvətlərimizi talan etməsinə, xalqımıza qarşı soyqırımları törətməsinə göz yuman fransız senatorların bu ədalətsizliyi sonda Fransanın özünə çox ciddi zərər yetirəcək: "Əlbəttə, Makronun və senatorların Cənubi Qafqazın lider ölkəsinə qarşı hazırkı yanlış siyasəti erməniləri sevindirə bilər. Lakin Fransa kimi böyük bir dövlətin erməni lobbisinin əlində oyuncağa çevrilməsi heç şübhəsiz ki, günün birində fransız xalqını da düşündürməyə, narahat etməyə başlayacaq. Fransız siyasətçiləri ermənipərəstlik edə bilər, amma bütün fransız xalqının ermənipərəstlik mərəzinə tutulması qeyri-mümkündür. Odur ki, biz fransız xalqının Fransanın milli maraqlarını erməni siyasətinə qurban verənlərdən hesab soracağına əminik. Makronun fransız xalqının maraqlarına zidd olan siyasəti Fransanın özünə qarşı çevriləndə, biz Parisin küçələrini öz ağuşuna alan növbəti "Sarıjiletlilər hərəkatı"nın şahidlərinə çevriləcəyik".
Süleyman