“Kitabi-Dədə Qorqud dastanı”nda Qərbi Azərbaycan təbiətinin təsviri - “Basatın Təpəgözü öldürdüyü boy”un (VIII), “Bəkil oğlu İmranın boyu” (IX) və “Uşun Qoca oğlu Səyrək boyu” (X) hekayətində ...
18 Noyabr 2022 11:37 Siyasətəvvəlini buradan oxuya bilərsiniz: https://olaylar.az/news/siyaset/477432
Dastan VII-XIII əsrlər dövrünə aid Oğuz-Səlcuq tayfa birliklərinin (İç və Dış Oğuz dövləti səviyyəsində, müasir Bütöv Azərbaycan timsalında) milli-etnogenezisinin, mənəvi-sakral ruhsallığının, maddi, yazılı və şifahi irs mənbələrinin...tarixi-etnoqrafik, ictimai-siyasi salnaməsi olmaqla yanaşı, həm də coğrafi-ekoloji ensiklopedik (elmi-nəzəri) məlumatlar zənginliyi ilə də fərqlənir. ÜmumTürk eposunun qiymətli cəhəti odur ki, epik təsvirlərin təbii-yurd məkanları müasir coğrafi sərhədlərlə eyniklik təşkil edir, Təbiət-Cəmiyyət münasibətlərində fəlsəfi məzmuna, etimoloji məna zənginliyinə geniş yer verilir...
"Basatın Təpəgözü öldürdüyü boy"da cərəyan edən tarixi-coğrafi hadisələrin məkan-mövqe hüdudları barədə bilgilər epik təsvir və ədəbi-bədii nəzm,nəql dilindən Dədə Qorqudun, İç və Dış Oğuz elatının dialekt-şivə, dil zənginliyindən məlum olur. Dastanda (boylarda) qeyd edilən coğrafi yer adları məhz lanşaft-relyef formalarının morfogenetik təzahürlərinə Oğuz dilində verilmiş toponimlərin toplusudur, eləcə də Qərbi Azərbaycan timsalında.
Bu xüsusda və bu boyda Təpəgözün sığındığı Salaxana qayasının (orotoponimin kökü "sal" ("çılpaq, yalçın, hündür" mənasında) sözündən yaranıb) etnomorfoloji-toponim mənası-"sal qaya parçası olan yer", "sal qayalıqlar yeri"... anlamındadır ki, oxşar oroqrafik yer adları Qərbi Azərbaycanda və digər bölgələrimizdə geniş yayılmışdır.
Qərbi Zəngəzur mahalında, Qarakilsə nahiyəsində Saldaş dağı-sal, yalçın, çılpaq qayalarlardan ibarətdir. Həmin dağın ətəyindəki Saldaşlı kəndinin əhalisi 1904-1906-cı illərdə hay-daşnak quldurlarının basqını nəticəsində qovulmuş, kənd dağıdılmış və yeür üzündən silinmişdir.
Sal qayalar arasından çıxan bulaq ətrafında yurd-yuva quran Oğuz tayfaları həmin ocağı Saldıbulaq ("sal qayadan çıxan bulaq" yozumunda) kəndi adlandırıb, Ü(İ)çmüəzzin nahiyəsində.
Ağrıdağ vadisində, Araz çayının sol hissəsində, Arpaçay hövzəsindəki qədim Türk-Müsəlman tərəkəmə elatının qış düşərgələrindən biri-Saldaşınlı ("sal daşlar, qayalar arasından axan sel, daşqın" mənasında) qışlağı olub.
Zəngəzur dağlıq silsiləsində Salvartı zirvəsi (3161 m) oroqrafik struktur və hündür relyef forması kimi morfo-etimoloji baxımdan təbii şəraitinə uyğundur-silsilənin "qaya çıxıntısının arxası", "qayalığın ardı" (xüsusilə zirvənin güney yamacı sərt qayalıqdır) mənasını verir. Bu zirvə Naxçıvan bölgəsinin Şahbuz nahiyəsi ilə sərhəddir və Dağdağan aşırımından (2858 m) 2 km cənubdadır.
Qeyd etmək lazımdır ki, "Saldaş" toponimi ilə fonetik-leksik oxşarlıq təşkil edən "Qayalı" yer adlarının əksəriyyəti (Qərbi Azərbaycanın Ağrıdağ hövzəsində (Qars vilayəti ilə həmsərhəd hissədə) Qayaqışlaq, Qayaxaraba, Sürməli nahiyəsində Qayalı və Dərəçiçək nahiyəsində, Zəngi çayının mənbə hövzəsində Qayqocalı kəndləri) Oğuz-Səlcuq mənşəli Kayı/Qayı tayfalarına mənsub antro-etnotoponimlərdir.
Təsadüfi deyil ki, Kayı/Qayı tayfalarının Alp-İgidlərinin əksər adları (Qorqud, Tural, Basat...) Dastan qəhrəmanlarının ismindən götürülmüşdür.
VIII boyun hekayətində Basatla Təpəgöz arasındakı sorğu-sual aşağıdakı kimi sorumlanır və cavablanır:
...Böyük bayraq götürən xanınız kimdir döyüş günü öndə?
...İgid, əgər igidlərdən ad gizlətsə, eyibdir...
Olduğum yer, yurdum mənim Günortacdır!
Böyük bayraq götürən xanımız Bayandır xan,
Döyüş günü öndə gedən qəhrəmanımız Salur Qazan.
Eləcə də Boyun sonunda Dədə Qorqudun dilindən səslənir:
-Qara Dağa yetəndə sən, keçid versin!
Aşqın-daşqın sular keçsən, keçid versin!
Göründüyü kimi, hadisələrin cərəyan etdiyi coğrafi məkanı Oğuz tayfa birliyinin öndərləri də açıq-aydın bildirir, istər "Bayandır" etno-antrotoponimi, istərsə "Günortac" və "Qara Dağ" orotoponimləri, istərsə də Zəngi, Apraçay, Vedi və Oxçuçay çayları hövzələrini tutan Zəngibasarın, Vedibasarın, Zəngəzurun selli-daşqınlı çaylarını bəriltiləyən hidrotoponimlər olsun, bu adlar Qərbi Azərbaycan coğrafiyası üçün səciyyəvidir, geniş yayılan toponimlərdir.
Qərbi Zəngəzur mahalında Gorus nahiyəsində Bayandır kəndi Qarabağ vulkanik yaylasının qərb hissəsindəki 2740 m yüksəklikdən başlayan Bayandır çayının (uzunluğu 25 km-ə qədər) sasən sol sahilində yerləşir, bu çay Həkəri çayının sağ qolu olan Əhmədli çayına qovuşur Laçın rayonu ərazisində Ağoğlan və Malıbəy kəndləri yaxınlığında. Bayandır çayı ilə yanaşı Xəzinəvar çayı (eyni adlı kənddən keçir) da bir hövzəyə mənsubdur.
Şörəel mahalında, Ağrıdağ vadisində qədim Bayandır kəndi isə 1918-ci ildə hay-daşnak quldurları tərəfindən dağıdılmışdır.
Gün Qobu kəndi (Günəş şüaları şərq-qərb istiqamətində uzanan qobu, yarğan landşaft-relyef formalarını yalnız orta hissəsini daha çox isidir, işıqlandırır) Gümrü qəzasında XV-XVI əsrlərdə salınıb, 60-a qədər ev olub, amma XIX əsrin sonu, XX əsrin əvvəllərində hay-daşnak silahlıları tərəfindən məhv edilmişdir.
Qaradağ, Qaradağlı, Qaraqala, Qaraqaya...kimi toponimlər ("relyefin ən hündür yeri" mənasında) nəinki Qərbi Azərbaycanda, eləcə də digər bölgələrdə də geniş yayılmışdır.
"Bəkil oğlu İmranın boyu"nda, 114-115-ci səhifələrdə Bayandır xanın məclisindən qayıdan Oğuz obabaşçısı Bəkil bəyin fikirli, qüssəli olması Ağ üzlü xanımının gözündən qaçmır, sorumlu olur ömür-gün yoldaşından:
-Ala gözlü igidlərini yanına saldın, Ağrıbeldən, Ala Dağdan gecə aşdın...
Amma, Dastanda Ağrıbel yüksəkliyi, (Ağrı dağ) dağı texniki səhv olaraq "Arqubel" kimi qeyd edilib...
Böyük Ağrıdağ (5137 m) və Kiçik Ağrıdağ (3896 m) zirvələri, Ağrıdağ vadisi-Arazboyu düzənliyi... Qərbi Azərbaycanın Ağbaba, Şörəel və Gümrü mahalları-nahiyələrinin Türkiyə Cumhuriyyətinin İqdır və Qars vilayuətləri ilə həmsərhəd hissələrini əhatə edir, əski Oğuz Türklərinin məhsuldar, münbit torpaqlarını, əhalisi sıx olan yaşayış məntəqələrini tutmaqla, beynəlxalq ticarət yolu və strateji əhəmiyyətli nəqliyyat dəhlizi rolunu oynamışdır. Məhz bu bölgədə-Sürməli nahiyəsindəki (İqdır vilayəti ilə qonşuluqda) subalp və alp çəmənliklərindən biri Ağrı yaylağı güllü-çiçəkli örtüyü ilə göz oxşayır, tərəkəmə ocağı kimi qədim yurd yeridir.
Kitabın ümumi ruhuna rəğmən "Bəkil oğlu İmranın boyu"nda da "Qaraca", "Qarayallı", "Qaragünə","Qaracıq"... antro və orotoponimlərə geniş yer verilmişdir. Bütöv Azərbaycan tarixi-coğrqafiyası timsalında eyni mənşəli və oxşar yer adlarının yayılması Qərbi Azərbaycan hüdudlarında daha çoxdur.
Nümunələrə, yəni, milli və etnomorfoloji toponimlərə diqqət yetirək.
İrəvan xanlığlı ərazisində Qaratəpə kəndi, Şörəel mahalında Qaracaqışlağı, Qırxbulaq, Dərəçiçək və Ü(İ)çmüəzzin nahiyələrində Qaracalar kəndləri...Türk tayfa birliklərinin nəsil-şəcərə soyunu adında yaşadan toponimlərdir. Ü(İ)çmüəzzin nahiyəsindəki Qaraca xarabalığı kəndinə 1830-cu ildə Osmanlı Türkiyəsindən köçürülən hay sürüsü 1918-ci ildə yerli əhalini qovsa da, bu yaşayış məntəqəsi 1930-cu illərdə yox olmuşdur.
Qeyd etmək lazımdır ki, Qarabağ bölgəsində XIX əsrdə "Qaracalar" antrotoponimlərin yaranmasına səbəb həmin elatın böyük köçünün nəticəsi olmuşdur.
Gümrü qəzasında isə Qara Çoban çayı Şərur nahiyəsindəki Qara Çoban düzü ilə eyni məna kökünə malikdir.
"Uşun Qoca oğlu Səyrək boyu"nda nəql edilir ki, Oğuz bəylərindən olan Uşun bəyin iki oğlu vardı-böyük oğlu-Əyrək idi, kiçiyi Səyrək . Dastan dili ilə deyilir ki, məclislərin birində Tərsuzamış adlı igidin təkidi ilə Əyrək qılıncının və biləyinin gücünü göstərmək qərarına gəlmiş və özü kimi dəliqanlı Oğuz igidləri ilə Şö(i)rəel düzündən Göyçə gölünədək bir ərazidə qılınc çalmış, gərdən-qurşaq tutmuş, amma sonda Qara Təkür kafirlərinə əsir düşərək Əlincə qalasında zindana salınmışdır...
Şö(i)rəel mahalı Kitabda səhv olaraq "Şiroküz" kimi qələmə alınıb...
1996-cı ildə nəşr edilən "İrəvan əyalətinin icmal dəftəri"ndə və Leninqrad (indiki Sankt-Peterburq) şəhərində 1961-ci ildə M.İ.Artamonovun işıq üzü görən "Xəzərlərin tarixi" (rus dilində) kitabında qeyd edilib ki, İrəvan xanlığı ərazisindəki Sürməli qəzasında (Arazboyu vadidə) Əyrək kəndi 1728-ci ildən məlum olmuşdur.
Haşiyə. Rus-sovet arxeoloqu və tarixçisi, tarix elmləri doktoru, professor M.İ.Artamonovun (1898-1972) tədqiqatları Skiflərin və Xəzərlərin öyrənilməsinə həsr edilib, Rusiyada "Xəzərşünaslıq məktəbi"nin yaradıçısıdır, onun tələbələri sırasında məşhur türkoloq-alim, yazıçı-tarixçi L.N.Qumilyovun (1912-1992) adı xüsusilə çəkilir. M.İ.Artamonov 1951-1964-cü illərdə Leninqrad şəhərində Dövlət Ermitajının direktoru olmuşdur.
"Tərsuzamış" antrotoponiminin kökündə yazılan "tər", "tərsa", "tərna"...sözləri ilə başlayan etno, oro və hidronimlərin mənşəyi "yüksək dağ çiçəklərinin şehinə" və ya Xəzərlərin Tərnə/Tərna tayfasının adına uyğunluğu şübhə doğurmur. Çünki, Ş(i)örəel mahalında Tərgül kəndi (başqa adı Dövlətyardır), Sürməli nahiyəsində Tərli yaylağı ("yüksək dağ örüşü" anlamında), Dilican vadisində Tərsaçay (eyni adlı qışlağın yatağından axır) çayının etimoloji məna yükündə oxşarlıqlar aydın görünür.
(ardı var)
R.S. Şərqi Zəngəzur iqtisadi rayonunda Qubadlı nahiyəsində də Çərəli kənd İƏD tərkibində Saldaş, eləcə də Qayalı, Bərdə rayonunda da Qayalı kəndləri vardır.
R.S.S. Qarakilsə nahiyəsinin Bayandur kəndini 1959-cu ildən hay kilsəsi-"Vaqatur", Laçın rayonu, Ağoğlan kəndini-"Tsitsernavak", Malıbəy kəndini-"Melikaşen"... adlandırır.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi