Novruz Məmmədov: “Sanki münaqişənin həlli ilə bağlı proseslər monopoliyaya alınıb”
12 İyul 2013 17:20 Siyasət"ATƏT PA-nın yay sessiyasında deputatlarımız tərəfindən Minsk konfransının çağırılması təklifi prinsip etibarilə məntiqlidir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yap.org.az saytına bildirib. Novruz Məmmədov qeyd edib ki, mövcud vəziyyəti təhlil etmək və yeni imkanlar üzərində müzakirələr açmaq üçün doğurdan da, ən məntiqli adımlardan biri Minsk Konfransının çağırılmasıdır: "Əlbəttə ki, belə müzakirələr, fikir mübadilələri münaqişənin həlli prosesinə kömək edə bilər. Amma hələlik bu barədə rəsmi mövqe ortaya qoyulmayıb. Bunun da müəyyən səbəbləri var. Düşünürəm ki, gec-tez bu addım atıla bilər. Çünki bu gün belə proses müşahidə edilir ki, sanki bu münaqişənin həlli ilə bağlı proseslər monopoliyaya alınıb. Dünyada, o cümlədən Avropada bu münaqişədən söhbət düşəndə "bu işlə ATƏT-in Minsk qrupu məşğul olur" deyə mövqe bildirirlər. Azərbaycan tərəfi olaraq bu yanaşmanı düzgün hesab etmirik. Bu münaqişə geosiyasi xarakterli münaqişədir, dünyanın ən həssas nöqtələrindən birində baş verir. Ona görə də, bir kiçik qrup bunu həll edə bilmirsə, onda şübhəsiz ki, yeni addımların atılması lazımdır. Məndə olan məlumat bundan ibarətdir ki, müəyyən dairələr var ki, belə bir konfransın çağırılmasına o qədər də maraqlı deyillər. Yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində monopoliyanın sanki qalmasında hansısa dairələr maraqlıdır".