Mübariz Əhmədoğlu: "Dağlıq Qarabağ münaqişəsinin həlli süni olaraq mürəkkəbləşdirilir"

Dağlıq Qarabağ münaqişəsinin həlli süni olaraq mürəkkəbləşdirilir və ya belə təqdim olunur. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, iqtisadi, siyasi və hərbi baxımdan Ermənistandan xeyli güclü olan Azərbaycan Dağlıq Qarabağ münaqişəsini istənilən anda müharibə yolu ilə həll edə bilər: "Azərbaycanın ümumi parametrləri, iqtisadi qüdrəti və siyasi bacarığı dünənə kimi Azərbaycanı sıradan çıxarmaq niyyətində olan dövlətləri də dosta çevirib. Azərbaycanın müasir silahlarla təchiz olunmuş güclü orduya malik olması son iki ildə dünya hərbi ekspertlərinin və tədqiqat mərkəzlərinin diqqətindədir".
Əhmədoğlu qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan kosmik dövlətə çevrilib: "Bakıda keçirilmiş hərbi parad Azərbaycanın hansı silahlara malik olduğunu, eləcə də hərbi qüdrətini nümayiş etdirdi. Hərbi paradda hansı silahların nümayiş olunacağını, eləcə də Azərbaycanın əlavə hansı hərbi arsenala malik olduğunu dəqiqliklə bilən ölkə Prezidenti tabeliyindəki rəsmilərin dili ilə Azərbaycanın Ermənistana ucuz qiymətə qaz satmağa, Ermənistanı regiondakı iqtisadi layihələrə qoşmağa hazır olması bəyanatını verdi".
Politoloq vurğulayıb ki, xarici ekspertlərin böyük əksəriyyətinin Dağlıq Qarabağda müharibənin olmayacağı ilə bağlı ən ciddi arqumenti Azərbaycan Prezidenti İlham Əliyevin müdrikliyi və Heydər Əliyev kimi dahinin oğlu olması ilə bağlıdır.
Əhmədoğlu bildirib ki, İlham Əliyev Dağlıq Qarabağın dağ mağaralarında erməni hərbçiləri yandırmağa və əzməyə imkan verən silahlara malik olduğu halda işğalçı Ermənistana xoşniyyətli mesaj verdi: "Müdrikliyin başqa əlaməti olmur. Ermənistan isə özü üçün faydalı olan İlham Əliyevin müdrikliyinə müvafiq reaksiya vermədi. Rus, qərbli, iranlı olmasından asılı olmayaraq, İlham Əliyevin müdrikliyinə istinad edənlərin aktivləşməsinin, Ermənistanı ayıltmasının vaxtıdır. Ermənistan Azərbaycanın iqtisadi təkliflərini qəbul etməli və ya "TOS"-ların yüksək temperatur və təzyiq yaradan atəşlərini seçməlidir. Azərbaycan üçün hər ikisinin nəticəsi birdir: Dağlıq Qarabağ geri qayıdacaq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00