Günəşdən usananlar, siyasət meymunu və aldanmış biçarələr -
12 İyul 2013 15:13 Siyasət"İndidən böyük maarifçi Axundovun məşhur qəhrəmanı kimyagər Molla İbrahimxəlilin dediyi kimi, meymunu yada salmaq lazım deyil"
Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı belə deyib və bildirb ki, Milli Şuranın sədlri Rüstəm İbrahimbəyovun prezident seçkilərinə müxalifətin vahid namizədi qismində qatılmasını son variant hesab etmir.
Rüstəm İbrahimbəyovun durumu, gerçəkdən də, qəlizdir. Çünki Rusiya və Azərbaycanın ikili vətəndaşı olduğunu o, artıq dana bilmir. Bir tərəfdən Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı ərizə yazdığını, yaxın vaxtlarda ərizəsinə müsbət cavab veriləcəyinə ümid etdiyini deyir - digər tərəfdən Azərbaycan pasportunu göstərir və "2018-ci ilə qədər gücü var" deyir.
İbrahimbəyov Azərbaycan qanunvericiliyinin belə əllaməçiliyə yol vermədiyini və prezident seçkilərinə namizəd qismində qatılmaq istəyən adamın məhz Azərbaycan vətəndaşı olmasını, özü də seçkilərdən əvvəlki 10 il ərzində Azərbaycanda yaşamasını tələb edir.
İbrahimbəyovun durumu bu şərtlərin heç birinə cavab vermir. Milli Şuranın rəhbərliyi, xüsusilə də R.İbrahimbəyovun yardımçısı, "El" hərəkatının lideri Eldar Namazov yaranmış problemləri həll etməyə çalışır, eyni zamanda başçılıq etdikləri təşkilatın üzvləri ilə yanaşı, vətəndaşları absurd vədlər və aşkar yalanlarla aldatmağa çalışırlar. Aldananlar arasında ilk yeri elə Rüstəm İbrahimbəyov tutur. Belə ki, tanınmış kinodramaturq prezident seçkilərinə qatılaraq qalib gələcəyini düşünür, indidən "xilas proqramı", "anti-böhran taktikası" və qeyri, siyasətə azacıq bələd olan şəxs üçün real durumda illüzor təsir bağışlayan mövzularda danışır.
İbrahimbəyov siyasi diletantdır və o, hətta müsahibələrində belə, bəzi məqamları qarışdırır, bəzilərini isə istədiyinin tam əksinə olaraq, gerçəkləri əks etdirən sözlərlə əks etdirir.
Məsələn, onun "Milyarderlər İttifaqı" ilə Milli Şura arasında birbaşa əlaqələrin mövcudluğu ilə bağlı suala verdiyi cavabda belə ifadələr səslənib: "Baxın, "Milyarderlər İttifaqı"nda azərbaycanlı milyarderlərin olduğu deyilir. Belə deyil. Orada cəmi bir milyarder var, qalanları milyonçulardır. Onlardan başqa, normal adamlar da var".
"Normal adamlar"a xitab etdiyi düşünən Rüstəm İbrahimbəyov prezident seçkilərində qalib gəlmək istədiyini deyir və həmin qələbədən sonra 2 il ölkəni idarə edəcəyini deyir. Amma həqiqət, özü də cənab kinodramaturq üçün acı gerçəklik budur ki, Lalə Şövkət, Əli Kərimli və Eldar Namazov kimi siyasətçilərlə ittifaq qurmuş Milli Şura sədrinə xəyalı reallaşarsa, iki il yox, heç iki ay idarəçilik imkanı verilməyəcək.
Necə ki, hələ indi, irreal açıqlamalar və illüziyaların çarpışaraq Milli Şuranın bəyanatlarını yelkən kimi şişirtdikləri zamanda Müsavat Partiyası öz başqanı İsa Qəmbərin prezidentlik ambisiyalarının gündəmdən düşməsi ilə razılaşmır. Müsavatçılar artıq açıq-aşkar deyirlər ki, Rüstəm İbrahimbəyova güvənmirlər və onun namizədliyinin qeydə alınması şansını da real hesab etmirlər. İbrahimbəyovu siyasi konstruksiya təki gündəmdə saxlamağa çalışanlar isə problemləri çözməyə can atırlar. Bu səylər bəzən məzhəkə təsiri bağışlasa da, fasiləsiz olaraq "xalq, xalq" deyənlərin bəzən əsl məqsədlərini bütün çılpaqlığı ilə əyan edir.
Rəzalətə baxın ki, Azərbaycanda prezident seçkilərinə qatılmaq fikrində olan adamın sədr olduğu Milli Şura Rusiya prezidenti Vladimir Putinə müraciət edərək onu faktiki olaraq qanunları tapdalamağa, Konstitusiyanın tələblərini pozmağa çağırır və ən pisi də, Rusiyanın dövlət başçısını hədələyir.
Milli Şuranın "Hörmətli Vladimir Vladimiroviç Putin!" xitabı ilə başladığı müraciətdə bildirilir: "Hərgah Rusiya ən yaxın vaxtlarda Rüstəm İbrahimbəyovu vətəndaşlıqdan məhrum etməsə, onda Rusiyanın Azərbaycandakı nüfuzuna ciddi zərbə dəyə bilər. Buna görə də biz tələb edirik ki, Rusiya rəhbərliyi bu məsələni təcili həll etsin".
Tragikomediyadır: Milli Şura qonşu ölkənin dövlət başçısından ultimativ formada tələb edir ki, vətəndaşı olan İbrahimbəyovu vətəndaşlıqdan məhrum etsin. Özü də mümkün qədər tez, təcili, dərhal. Artıq sözə gərək yox. Azərbaycan müxalifətindəki partiya liderləri indi peşman durumdadırlar: onlar Rüstəm İbrahimbəyovun seçkilərə müxalifətin vahid namizədi qismində qatılacaq adam kimi təqdim olunmasının, gerçəkdən də, yanlış addım olduğunu anlayırlar. Milli Şura sədrinin Rusiyada hazırlanmış ssenari əsasında belə statusla müsahibələr verməsi müxalifətçilərə ciddi başağrıları yaradıb.
Ona görə də yeni namizəd axtarışları sürətlənib. Müsavat başda olmaqla, bir sıra partiyaların rəhbərliyi yaxşı bilirlər ki, Rüstəm İbrahimbəyovun vahid namizədliyi idefiks, uğursuz siyasi eksperiment və mövqeləri, onsuz da, səbatsız, fəaliyyəti dağınıq olan müxalifətə yaxşı heç nə vəd etməyən məsələdir.
Müsavatçılar israr edirlər ki, əgər Mərkəzi Seçki Komissiyası Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almasa, onda Milli Şura məntiqi olaraq İsa Qəmbərin prezidentliyə namizədliyini təsdiqləməlidir. Yəni elə bu Milli Şura İ.Qəmbəri müxalifətin vahid namizədi elan etməlidir.
Müsavatçıların israrlarını isə "namizəd Rüstəm İbrahimbəyov" oyununun müəllifləri arasında yer alan AXCP sədri Əli Kərimli, Lalə Şövkət və Eldar Namazov qətiyyətlə rədd edirlər. Bu adamlar hətta ehtiyat namizəd ideyasını müzakirə belə, etmək istəmir, İbrahimbəyovun namizədliyini qeydə alınmayacağı təqdirdə "kütləvi etiraz aksiyalarına başlamağın vacibliyi"ni vurğulayırlar.
İki düşərgə sərt qarşıdurmada ikən gündəmə yeni təkliflər gəlib. Bu dəfə Cəmil Həsənli ilə Rafiq Əliyevin potensial namizəd ola biləcəkləri vurğulanır.
Adları çəkilən şəxslər dünənədək Rüstəm İbrahimbəyovu dəstəkləyərək Milli Şuraya ünvanlanan ən kiçik tənqidi qıcıqla qarşılayırdılarsa, indi namizəd ola biləcəklərini istisna etməyiblər. Hələlik dolayı yolla. Amma hadisələr belə davam edərsə, onlar razı olduqlarını ucadan söyləyəcəklər.
Beləcə, Milli Şura adlanan strukturun puç, məntiqsizliyi və müxalifətin vahid namizədi qismində Rüstəm İbrahimbəyovun ən uğursuz seçim olduğu bir daha təsdiqlənir. Siyasət günəşinin altında özlərinə yer etməyə çalışan və məqsədlərini xalqın mənafeyi kimi qələmə verərək elə bu xalqı növbəti yalanlara tuş etməyə can atan bir qrup şəxs siyasətdən atılmış olduqlarını bilirlər. Amma etiraf etmirlər. Əks təqdirdə onların siyasi mövcudluğunun paradokslar üzərində kökləndiyini özləri də etiraf etmiş olardılar. milli.az