“ABŞ Misirdə hərbi hakimiyyətin güclənməsinə çalışır” - AÇIQLAMA
Ərəstun Oruclu: “Müsəlman Qardaşlarının təkidlə Mursini yenidən hakimiyyətə gətirmək səyləri Amerika və İsrailin Misirdəki maraqlarına ciddi ziyan vura bilər”
12 İyul 2013 15:07 SiyasətABŞ-ın iki hərbi gəmisi Misir sahillərinə doğru istiqamət götürüb. Dəniz piyadaları korpusunun komandanı general Ceyms Amos bildirib ki, ABŞ Misirin Qırmızı dəniz regionuna "San-Antonio" və "Kirsarc" desant gəmilərini göndərib. Lakin, general ABŞ-ın məsələ ilə bağlı konkret hansı variantları nəzərdən keçirdiyini açıqlamayıb. Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclu hesab edir ki, ABŞ-ın atdığı bu addımın nəyə hesablandığını proqnozlaşdırmaq çətindir: "Yüksək ehtimalla bu manevr Misirdəki hərbi hakimiyyətə dəstəyin ifadəsidir. Çünki, indiki vəziyyətdə Misirdə çox gərgin proseslər cərəyan edir. Müsəlman Qardaşlarının təkidlə Mursini yenidən hakimiyyətə gətirmək səyləri Amerika və İsrailin Misirdəki maraqlarına ciddi ziyan vura bilər. İslam yönlü siyasət izləyən Məhəmməd Mursinin yenidən hakimiyyətə qaytarılması İsrail və ABŞ-ın maraqlarını əks etdirmir. Hər halda hərbçilər ölkəyə nəzarəti tamamilə ələ keçiriblər. Çox güman ki, ABŞ-ın atdığı bu addım birinci ehtimala hesablanıb". ("OLAYLAR" İA)