İsa Qəmbəri “boykot kampaniyası”nın arxasında Əli Kərimli dayanır
Müsavat başqanı isə bunu bilir və qarşı qüvvələrə qıcıq vermək üçün namizədliyini qüvvədə saxlayır
11 İyul 2013 15:46 SiyasətMilli Şuranın rəhbəri Eldar Namazov deyir ki, qurumda Rüstəm İbrahimbəyovun vahid namizədliyinin qəbul olunmasından sonra digər müxalifət liderlərinin namizədliklərini qüvvədə saxlaması zərərli tendensiyadır. Sədr Rüstəm İbrahimbəyov isə Milli Şura üzvlərinə göndərdiyi məktubda göstərir ki, "Milli Şuranın prezident seçkilərində bir namizədi olmalıdır". Politoloq və professorun demək istədikləri əsas cümlə: "Ya İbrahimbəyov, ya da boykot"dur. Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasının qarşısında müəyyən edilmiş problemləri var. Dəqiqdir ki, rejissorla bağlı məsələlər tamamilə təsdiq olunacağı təqdirdə İbrahimbəyov seçkilərdə namizəd qismində iştirak edə bilməyəcək. Bu isə Müsavat və KXCP xaricində digər siyasi partiyaların (ALP, ACP, AP, AXCP və s.) seçkiləri boykot etməsi deməkdir. Məlum partiyalar müxalifətin seçkilərə İbrahimbəyovla getməsinin tərəfindədirlər. Buna görə öz namizədlərini irəli sürməyiblər. Yaxın gələcəkdə belə bir qərara gələcəkləri də inandırıcı deyil. Namazov və İbrahimbəyovun səylərinə baxmayaraq Müsavat başqanı İsa Qəmbər bir neçə ay bundan qabaq partiyası tərəfindən irəli sürülən namizədliyini qüvvədə saxlayır. KXCP sədri Mirmahmud Mirəlioğlu da başqanın etdiyini edir. İsa Qəmbər isə namizədliyini qüvvədə saxlamasına "hər ehtimala qarşı tədbir" kimi qiymətləndirir. Müsavat başqanı Milli Şuraya daxil olan digər müxalifət liderlərindən daha ağıllı təsir bağışlayır. İsa Qəmbər başa düşür ki, vergi cinayəti, ikili vətəndaşlıq, başqa dövlət qarşısında vergi öhdəliyinin olması problemlərinə görə Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacaq. Bu mənada Milli Şura üzvlərinin seçkiləri boykot qərarına getməsinə görə İsa Qəmbər Mirmahmud Mirəlioğlunu nəzərə almasaq, müxalifətin ana partiyalarından iərli sürülən yeganə namizəd olacaq. Bütün ehtimalları nəzərdə keçirən müxalifətin radikal qanadlarını təmsil edən AXCP, ACP və ALP kimi siyasi təşkilatlar İsa Qəmbəri təkidlə namizədliyini geri götürməyə çağırırlar. Son zamanlarda AXCP və Müsavat arasında baş verən "Facebook müharibəsi" də eyni ssenarinin təzahürüdür. İsa Qəmbərin namizədliyinin geri götürməsi və "Ya İbrahimbəyov, ya da boykot" kampaniyalarının arxasında politoloq Eldar Namazov və AXCP sədir Əli Kərimli dayanır. Onlar İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağını yaxşı bilirlər. Boykot qərarının ortaya atılması isə İsa Qəmbərin namizədliyinə əngəl olmasına xidmət edir. Lakin Müsavat başqanının namizədliyini geri götürəcəyi o qədər də inandırıcı deyil. İsa Qəmbər heç vaxt uzun illərdir aralarında "soyuq müharibə" gedən ALP, AXCP və ACP-ni sevindirəcək qərara imza atmayacaq. Həmin partiyaların İsa Qəmbərə olan qısqanclıqları funksionerlərinin başqanı Lalə Şövkət, Əli Kərimli və Rəsul Quliyevdən daha xarizmatik və təcrübəli hesab etmələridir. Müxalifət mətbuatında son zamanlarda tez-tez eşidilən "Ya İbrahimbəyov, ya boykot" şüarları əslində başqanın namizədliyinə əngəl tendensiyasıdır. Arxasında isə məlum qüvvələrə xidmət edən Əli Kərimli və Eldar Namazov dayanır. İsa Qəmbər isə bunu bilir və qarşı qüvvələrə qıcıq vermək üçün namizədliyini qüvvədə saxlayır.
Bütün hallarda müxalifət daxilində baş verən gərgin proseslər 20 illik siyasi fəaliyyətsizliklərinin təzahürüdür. Hər seçki ilində mediada əzələ nümayişi etdirən müxaliflər qalan bütün günlərdə ortada görünmürlər. Ona görə də müəyyən siyasi məqsədlər üçün bir yerə yığışanda hərəsinin ağzından bir avaz gəlir.
Ömər Zamin