“Müxalifət liderlərinin siyasi problemləri var”

Qabil Hüseynli: “Rejissorun müxalifətin vahid namizədi olması məsələsi tragikomik hadisədir”

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun "Milli Şuranın seçkilərdə bir namizədi olmalıdır" tezisinə  Müsavat başqanı İsa Qəmbər münasibət bildirib. Başqan deyib ki, seçki ilə bağlı bütün riskləri gözə alan Müsavat hələlik öz taktikasını dəyişmək fikrində deyil. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, İsa Qəmbər namizədliyini geri götürməməklə müəyyən siyasi dividentlər əldə etməyə çalışır. Qabil Hüseynli qeyd etdi ki, başqan uzun illərdir ki, seçki proseslərində iştirak edir və bu sahədə kifayət qədər təcrübəsi var: "Çünki, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi və namizədliyinin qeydə alınması problemdir. Məsələn, İbrahimbəyovun namizəd olmasının qarşısında onun ikili vətəndaşlıq problemi var. Düzdür, o məsələ ilə əlaqədar Rusiyanın aiddiyyatı orqanlarına müraciət edib. Ola bilsin ki, Kreml İbrahimbəyovun Rusiya vətəndaşlığını ləğv etməsin. Digər tərəfdən kinorejissorun son 10 ilini Azərbaycanda yaşaması, bunun üçün 400 min imzanın toplanması məsələləri də çox ciddi problemlər yaradır. İsa Qəmbər də namizədliyini qüvvədə saxlamaqla Milli Şuranı pis vəziyyətdə qoymaq istəmir. Müsavat başqanı məsələləri bu cür analiz etdikdən sonra bu qərara gəlib. Neçə illərdir ki, Azərbaycanın siyasi müxalifəti keçirilən bütün seçkilərdə birləşə bilmir. Onlar xəcalət çəkmirlər ki, müxalifəti Azərbaycanda o qədər də tanınmayan dünya şöhrətli rejissor birləşdirməyə çalışır. İbrahimbəyovun bu cəhdləri Pənah Hüseyn demişkən, özümüzün rejissoru olmadığımız oyunda iştirak etmək deməkdir. Rejissorun müxalifətin vahid namizədi olması məsələsini tragikomik hadisədir. İsa Qəmbərin namizədliyini pozmağa çalışmaq, bunun müqabilində İbrahimbəyovu dəstəkləmək onu göstərir ki, müxalifətin liderləri arasında ciddi siyasi uyğunsuzluq var. Həmin faktor çox vaxt düşmənçilik həddinə qədər gedib çatır. İsa Qəmbərin namizədliyinə qarşı çıxmaq siyasi rəqabət deyil. Bu müxalifət liderlərinin siyasi psixologiyası ilə bağlı olan məsələdir. Müxaliflər siyasi inteqrasiyaya gedə bilmirsə və İbrahimbəyov kimi adamı dəstəkləyirlərsə, bu onu göstərir ki, müxalifətin siyasi liderlərində müəyyən siyasi çatışmamazlıqlar var. Həmin problemlər də uzun illərdir ki, siyasi proseslərə əngəl törədən əsas amillərdir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00