Müsavatçı AXCP və Eldar Namazova replika atdı
“Həyatları, tərcümeyi-halları, siyasi fəaliyyətləri ən müxtəlif rənglərdən ibarət ləkələrlə zəngin, sonradan ən müxtəlif səbəblərdən iqtidar düşərgəsindən qovulmuş bir dəstə”
10 İyul 2013 11:47 SiyasətMüsavat Partiyası ilə AXCP arasında soyuq müharibə və söz atışması davam edir. Hələki Müsavat tərəfdən "Yeni Müsavat" qəzetinin rəhbərliyi çıxış edir. Baş redaktor Rauf Arifoğlu və qardaş Azər Ayxan Müsavatın müxalifət daxilində hazırkı durumundan narazıdırlar. Azər Ayxan bundan öncə AXCP rəhbərliyi və "Azadlıq" qəzetinin yazarları ilə söz atışmaısna çıxmışdı. Bu dəfə Azər Ayxan yenə dolayısı ilə AXCP-ni nəzərdə tutan açıqlama ilə çıxış edib. Azər Ayxan facebook sosial şəbəkəsindəki statusunda yazıb: "Bir tərəfdə son 25 ildə 1 santimetr belə mövqeyindən, tutduğu yoldan sapmayan, 1993-cü ildən üzü bəri bu hakimiyyətə zərrə qədər güzəşt etməyən, stabil kursu, təmiz, ləkəsiz tərcümeyi-halı olan, şəxsi və siyasi həyatının heç bir fraqmentində, epizodunda, səhifəsində qüsur olmayan, şərəfli, ləyaqətli həyat tərzi keçirən bir siyasi lider var, o biri tərəfdə həyatları, tərcümeyi-halları, siyasi fəaliyyətləri ən müxtəlif rənglərdən ibarət ləkələrlə zəngin, indiyədək özlərinə normal bir mövqe seçə bilməyən, mövcud rejimlə açıq-gizli əməkdaşlıq etmiş, amma sonradan ən müxtəlif səbəblərdən iqtidar düşərgəsindən qovulmuş bir dəstə var. İkincilər birincini hakimiyyətin dəyirmanına su tökməkdə suçlayır, hər addımda ona laf soxurlar. O isə hələlik susur. Arada 2-3 cümləlik cavab verməklə kifayətlənir. Çünki bilir ki, bu mövsümi "qəhrəman" dəstəsi bir neçə aydan sonra Günəş şüası görən qar kimi "əriyib suya dönəcək, axıb çaya gedəcəklər. Yenə də meydanda meydanda olanlar qalacaq... Allah səbr versin". Azər Ayxan "son 25 ildə 1 santimetr belə mövqeyindən, tutduğu yoldan sapmayan" deyəndə Müsavat başqanı İsa Qəmbəri, "həyatları, tərcümeyi-halları, siyasi fəaliyyətləri ən müxtəlif rənglərdən ibarət ləkələrlə zəngin, sonradan ən müxtəlif səbəblərdən iqtidar düşərgəsindən qovulmuş bir dəstə" deyəndə isə AXCP sədrini və El hərəkatının lideri Eldar Namazovu nəzərdə tutur.