Rüstəm İbrahimbəyovun müxalifətçiliyinin köklü əsası yoxdur
O şəxsi maraqlarına görə incik düşmüş adamdır
9 İyul 2013 15:13 SiyasətMilli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədlik məsələsi ortaya çıxdıqdan sonra mətbuata onun sayıqlamaları ayaq açmağa başlayıb. Artıq xalq, ictimai qurumlar, eləcə də onunla birgə olmayan mətbuatla ultimatum dilində danışmağa rəvac vermiş İbrahimbəyovun elə ilk müsahibəsində əsil siması üzə çıxmış oldu. Təsəvvür edin Rüstəm İbrahimbəyov açıq şəkildə bəyan edir ki, onun xoşuna gəlməyən jurnalistləri "şəxsən ağzından vuracaq". Əvvala onu qeyd edək ki, mümkünsüz haldır ki, mətbuat bütövlükdə Rüstəm İbrahimbəyovun xoşuna gəlsin, ikincisi isə əgər mətbuat bütövlükdə ona "xaç atası" kimi sevgi bəsləyəcəksə, deməli bu halda demokratik dəyərlərdən danışmağa dəyməz. Rüstəm İbrahimbəyovun bu fikirləri təkcə media təmsilçilərini deyil, eləcə də cəmiyyətin müxtəlif təbəqələrinin narazılığına səbəb olub. Millət vəkili Tahir Rzayev bildirib ki, Rüstəm İbrahimbəyov siyasət adamı olmadığından nə danışdığının fərqində deyil: "Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun bu günlərdə qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar müsahibəsini oxuyanda onun siyasi cəhətdən yetkin olmadığını bir daha yəqin etdim. Özünü Azərbaycan prezidentliyinə ən real namizəd hesab edən və xalqın adından əsassız yerə danışan Rüstəm müəllim çox təkəbbürlə söyləyir ki, "məndən başqa Azərbaycanda qüvvə yoxdur bu problemlərlə sıx məşğul olsun. Ona görə də mən Amerikada, Avropada, Rusiyada bu işləri görürəm". Başa düşmək olmur və təəccüblüdür ki, nəyə görə Rüstəm İbrahimbəyov hər kəlmə başı "mən-mən" deyir". Belə çıxır ki, ondan başqa seçki ilə məşğul olan yoxdur. Elədirsə, o zaman Rüstəm müəllimin namizədliyini irəli sürən Milli Şura, bu qurumda toplaşan və hər biri özünü dünyanın siyasi lideri hesab edən, prezidentlikdən ötrü sinov gedən insanlar nə işlə məşğuldurlar? Digər tərəfdən prezident seçkiləri Amerika, Avropa, Rusiyada deyil, Azərbaycanda keçirilir və prezidenti də amerikalilar, avropalılar, rusiyalılar deyil, Azərbaycan vətəndaşları seçəcəklər. Belə olan halda Rüstəm İbrahimbəyovun adları çəkilən bu ölkələrdə nə işi var və o, xaricilərlə hansı məsələləri həll edir? Nə üçün o, Azərbaycanda öz xalqının içərisində yox, xarici ölkələrdə, əcnəbilərin arasındadır? Bu sualı Rüstəm İbrahimbəyova verməyə hər bir azərbaycanlının hüququ var. Amma onun suallar qarşısında aciz qalacağına əminəm". T.Rzayev bildirib ki, Rüstəm İbrahimbəyov aldadılıb və gücündən qat-qat ağır olan bir yükün, xəyalına gətirə bilmədiyi bir vəzifənin altına girib. Ona görə də bu şəxs kəlməbaşı təntiyir, hər cümləsində, səhvlərə söz verir: "Rüstəm İbrahimbəyov siyasətdə səriştəsizliyini və nəyə qadir olduğunu çilpaqlığı ilə büruzə verir. Bir kinorejissor kimi insanlar arasında müəyyən hörmət qazanmış və bu hörməti siyasətə qoşulduqdan sonra yavaş-yavaş itirən Rüstəm müəllimin düşdüyü bugünkü vəziyyət acınacaqlı və gülməlidir. Azərbaycanlı olduğu üçün onu bu vəziyyətdə görmək istəməzdim. Çünki hörmətdən çox nifrət qazandıran və gülünc doğuran siyasət və siyasətçi heç kimə lazım deyil. Siyasətdə səriştəsizlik isə Rüstəm İbrahimbəyov kimi siyasətçilərin başına bəladır. Biz bunun şahidiyik".
Deputat Zahid Oruc isə qeyd edib ki, Rüstəm İbrahimbəyov şəxsi maraqlarına görə hakimiyyətdən incik düşmüş adamdır. Onun klassik mənada müxalifətçiliyinin köklü əsası yoxdur. Z. Oruc bildirib ki, R. İbrahimbəyovun uzun illər ərzində ulu öndər Heydər Əliyevlə münasibətləri yaxşı olanda həmişə kino şöhrətindən evlərə, əmlaka, böyük mülklərə imtiyazlar əldə edib: "Bu dövrdə isə onların bəzilərini almadı və özünün məntiqinə görə, mənafeləri tapdalandığından, o, iqtidar əleyhinə çevrildi və indi gəlib həm mümkün proletariatın, həm bütün haqları guya pozulan insanların, o cümlədən elə bu 20 illik uğursuz müxalifətin də "liderinə" çevrilib. Eyni zamanda çox maraqlıdır, Müsavat, Cəbhə rəhbərlərinin, illərdən bəri xalqın guya üzərində böyük nüfuz təsiri saxlayan şəxslərin öz nümayəndələrinə hansı sözü qalır ki, bu Rüstəm İbrahimbəyov qeyri-siyasi bir şəxs nədən onların lideri olur, vahid namizədinə çevrilir?" Millət vəkili hesab edir ki, R. İbrahimbəyovun namizədliyi ilə müxalifətdaxili intriqalar dərinləşəcək, itaətsizlik artacaq: "Çünki bunu yerlərdə həzm etməyən köklü və müxtəlif ağır mübarizələrdən keçmiş müxaliflər həmin qərarın onlar üzərində bir öhdəlik yaratmadığını söyləyəcəklər. Şəxsəm mən özüm də bunun şahidiyəm. Paytaxtda verilən qərarı bölgədə onlar qəbul etmək istəmirlər, həzm olunmur. Çünki bilirlər ki, bu siyasi blok başçılarının qəbul etdiyi bir qərardır. Bu nöqteyi-nəzərdən elə hesab edirəm ki, "müxalifət seçkiyə nəylə gedir" sualına artıq tam cavab verə bilərik. Onlar bütün ağır, amansız maddi durumunun siyasi qərarını çıxarıblar. Onlar göstərdilər ki, bu dövr ərzində onların gələcəyinə investisiya qoymayan Azərbaycan xalqı fonunda istənilən qüvvə ilə müştərək layihədə yer almağa hazırdılar ki, bu hakimiyyətlə savaşlarını aparsınlar. Hətta belə görünür ki, Rüstəm İbrahimbəyov bu müxalifəti xilas edib. Yoxsa, onlar nəylə çıxış edərdilər?" Z. Orucun bildirdiyinə görə, əslində heç bir halda Rusiyanın köklü dəstəyini əldə etməyən, Amerikaya səfər edib guya hansısa kömək qazanmağa bel bağlayan bir şəxsin Azərbaycanda hakimiyyət uğrunda mübarizə turnesində yer almağı mümkün olmayacaq: "Rüstəm İbrahimbəyovun siyasi materialı olmadığından onun üzərində xarizmatik və gələcək xilaskar modeli qurmaq mümkün deyil. Sadə azərbaycanlı soruşacaq ki, hava limanına düşən kimi taksi sürücüsünü aşağılayan bir şəxs nə adla bu milləti təmsil etmək istəyir? Ya da ki, "ermənilər və yəhudilər gedəndən sonra Bakıda intellektual mühiti sarsılıb" deyən adam hansı dəyərin daşıyıcısıdır? Ona görə açığı Rüstəm İbrahimbəyovun vahid namizədliyi müxalifətin siyasi həyatının ən amansız, ən ağır və dağıdıcı bir yekunu olacaq ki, bunu çox qısa zamanda görəcəyik". Sonda kinomatoqrafa elə məhşur bir filmdən stat gətirmək yerinə düşərdi: "Bilmirsən ki, dayağı xalq olanın başı göylərə ycalar".
Alim