“Əli Kərimli İsa əmbərə qarşı ittiham irəli sürəcək” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Müsavat AXCP-ni bütün parametrlərdə üstələdiyinə görə Əli Kərimli onu həzm edə bilmir”
9 İyul 2013 13:47 Siyasət"Rüstəm İbrahimbəyovdan başqa namizədin irəli sürülməsi AXCP-də müsbət qarşılanmayacaq. Əgər onun namizədliyi qeydə alınmazsa, AXCP yalnız Əli Kərimlinin prezident seçkilərinə qatılmasının tərəfdarı olacaq". AXCP sədrinin müavini Asəf Quliyev "Facebook"da paylaşdığı statusda belə deyib. Qeyd edək ki, Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı İsa Qəmbərin namizədliyi ilə bağlı qərarın qüvvədə qaldığını bildirib. Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev hesab edir ki, İsa Qəmbərə qarşı oynanılan oyunun arxasında Əli Kərimli və Eldar Namazov dueti dayanır: "Kərimli və Namazovun haraya bağlılığı da məlumdur. AXCP İsa Qəmbərə nifrət edir. Bu günə qədər AXCP İsa Qəmbərə qarşı "anti-virus proqramı" tapa bilməmişdi, başqanı heç cürə zərərsizləşdirə bilmirdi. Ona görə də indiki məqamda AXCP Müsavata qarşı müəyyən gedişlərdən istifadə edərək seçkiqabağı zərərsizləşdirmək istəyir. Lakin AXCP-in əl atdığı bütün yollar o qədər də effekt vermir. Rüstəm İbrahimbəyovun ermənilər haqqında son açıqlamaları AXCP və Müsavatı pis vəziyyətə saldı. Bu müstəvidə müxalifətdə yaranmış çaşqınlıqdan istifadə edən Müsavat öz iddiasını ortaya qoyur. AXCP də görür ki, heç cürə Müsavatı zərərsizləşdirə bilmir, sosial şəbəkələrdən hücuma keçir. Bir azdan sonra Əli Kərimli İsa Qəmbəri müəyyən qüvvələrə xidmət etməkdə ittiham edəcək. Xalq Cəbhəsinin funksionerləri və sədri çalışacaqlar ki, Müsavatı həmin qüvvələrə bağlasınlar. Digər tərəfdən İsa Qəmbərin namizədliyinin irəli sürülməsi Qərbin Azərbaycandakı planlarını pozur. Çünki, Azərbaycanla bağlı pərdəarxası oyunlar səhnələşdirilir. Həmin oyunların gizli qalan məqamları bir aya ortaya çıxacaq. Prezidentliyə namizədlərin adları bəlli olandan sonra şübhəli suallara aydınlıq gətiriləcək. Müsavat AXCP-i bütün parametrlərdə üstələdiyinə görə Əli Kərimli onu həzm edə bilmir. Müxalifət daxilində olan gərginliyin də arxasında Əli Kərimli dayanır. Mətbuatda Müsavat əleyhinə gedən informasiyalar Əli Kərimlinin xüsusi dəstəsi tərəfindən dəstəklənir. Həmin dəstə sosial şəbəkələrdə və mətbuatda Müsavata qarşı "söyüş kompaniyası" aparırlar. Dəstə üzvlərinin əksəriyyəti heç biri öz adlarından çıxış etmirlər, saxta profillərdən istifadə edirlər. Əli Kərimli olmayan yerdən özünü müxalifətin lideri kimi görür. AXCP sədri eyforiyada yaşayır". ("OLAYLAR" İA)