Rüstəm İbrahimbəyov Əkrəm Əylislinin dədəsinə Quran oxutdurdu
8 İyul 2013 19:04 SiyasətKinomatoqraf Rüstəm İbrahimbəyov müxalifətin təmsil olunduğu Milli Şuranın prezidentliyə vahid namizədi müəyyən olunduqdan sonra gələcək planları ilə bağlı mətbuata palaz-palaz müsahibələr verməkdə davam edir. Məsələ orasındadır ki, müxalifətin seçib etibar etdiyi "vahid namizəd" elə danışdıqca iç üzünü ortaya qoymuş olur. Yəni cənab İbrahimbəyov öz fikirləri ilə birbaşa etiraf edir ki, həm siyasi proseslərdən kənar, həm də milli təəsübkeşlikdən uzaq insandır. Belə bir şəxsin prezidentliyə vahid namizəd kimi müəyyən edilməsi təbii ki, müxalifətin qara planlarından xəbər vermiş olur. Məsələn, Rüstəm İbrahimbəyov mətbuata açıqlamasında bildirib ki, Dağlıq Qarabağ məsələsinin hərbi yolla həlli ilə bağlı hələ danışmaq istəmir: "Mən hakimiyyətdə müvəqqəti adam olacam. Qoy bu məsələləri yeni seçilmiş parlament həll etsin. Ümumiyyətlə, Qarabağ probleminin həlli Azərbaycandakı daxili problemlərlə əlaqədar çətinləşir. Biz Qarabağı verməli deyilik, amma biz ermənilərə demokratiya, korrupsiyanın olmaması, azərbaycanlılarla real bərabərlik barədə zəmanət verməliyik. İş burasındadır ki, Qarabağ təkcə torpaq deyil, həm də bu bölgənin erməni əhalisidir. Buna görə də biz Qarabağın erməni əhalisini sadaladıqlarında əmin etməliyik. Ermənilər bacarıqlı və anlayan xalqdır. Düşünürəm ki, onlar bizi başa düşəcəklər".
Diqqətlə fikir verdikdə prezidentliyə namizədin hər bir cümləsinin, hər bir kəlməsinin Azərbaycan dövləti və xalqına qarşı yönəldiyi bəlli olur. Təsəvvür edin ki, R.İbrahimbəyov hesab edir ki, prezident olacaq, amma Dağlıq Qarabağ məsələsi onun işi deyil. Necə ola bilər ki, prezident kimi ölkənin ərazi bütövlüyünün, onun təhlükəsizliyinin təmin olunmasına and içəsən, amma vətənin 20 faiz torpağının işğal altında qalmasına biganə qalasan. Belə halda R. İbrahimbəyov hansı milli problemin həllində qətiyyət, əzəmət nümayiş etdirəcək?. Əslində dövlət başçısı ən azından dünyanı qarış-qarış gəzərək mötəbər tribunalardan Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla, müxtəlif səviyyələrdə danışıqlar aparmaqla diplomatik qələbə əldə etməlidir ki, torpaqların hərb yolu ilə azad edilməsinə zəmin yaratmış olsun. R.İbrahimbəyov məsuliyyətdən yayınaraq Qarabağ probleminin həllini ölkə parlamentinin üzərinə qoymaq istəyir. Ölkənin Ali Baş Komandanı kimi məsuliyyəti öz üzərinə götürərək əldə silah cəbhəyə yollanmaq əvəzinə, parlamenti tarix qarşısında günahkar qismində qoymaq istəyir. Əslində bu fikirlə R.İbrahimbəyov ermənilərin arzularını gerçəkləşdirməyə hazır olduğunu bəyan edir. Bəllidir ki, parlament Ali Baş Komandan funksiyasını yerinə yetirmir. Parlament referendum yolu ilə ölkənin sərhədlərinin dəyişdirilməsinə qərar verir ki, bunu da yalnız milli xəyanət yolu tutmuş parlament edə bilər. Məhz bu zaman prezident məsuliyyətdən kənarda qalmış olur. Deməli, R.İbrahimbəyov bu açıqlaması ilə həm də ermənilərə mesaj verərək erməni diasporundan dəstək almağa çalışır. Onun fikirlərindən belə məlum olur ki, Qarabağ probleminin həllinə əsas maneə Azərbaycandır. Görünür, İbrahimbəyov Azərbaycana qarşı olan beynəlxalq təzyiqlərin kökündə hansı amillərin durduğunu ya görmür, ya da görmək istəmir. Gərək o, ən azından bir dramaturq kimi dünyada gedən siyasi oyunlardan baş çıxarmalı idi ki, dövranın gərdişinin dərk edə bilsin. Əks halda Azərbaycanı dünyanın iri dövlətlərinin istəklərinə uyğun idarə etməklə müstəqilliyimizi çöküşünə nail ola bilər. Onun açıqlamalarındakı "bacarıqlı və anlayan" xalq olan erməniləri nədəsə əmin etməliyik" fikrini Dağlıq Qarabağla bağlı Milli Şuranın vahid namizədinin seçki platforması kimi də qəbul etmək olar. Burada belə bir sual yaranır, doğrudanmı R. İbrahimbəyov ermənilərin səmimiyyətinə inanır, onların hansısa zəmanətlə yola gətiriləcəyinə əmindir? Doğrudanmı ermənilərin əsrlərdən bəri zəmanət üçün deyil, "dənizdən dənizə böyük Ermənistan" ideyası uğrunda mübarizə aparmalarından xəbərsizdir? Başqa sözlə, Azərbaycan daha hansı səmimi addımları atmalıdır ki, ermənilər bunu zəmanət kimi qəbul etsinlər? R.İbrahimbəyov daha sonra bildirir ki, "Azadlıq" radiosuna demişdim ki, bəziləri mənim haqqımda yalan və təxribat xarakterli materiallar yayırlar, müxalifət mətbuatı isə susur və bu təxribatçıların ağzından vurmur. Onda Xədicə İsmayılova soruşdu ki, "Mətbuatın ağzından necə vurmaq olar?" Amma mən hesab edirəm ki, hakimiyyətə qulluq edən satılmış qəzet yalançıları ağızlarından vurulmalıdır. Mən şəxsən bunu etməyə ərinməzdim - böhtançıların ağzından vurardım. Sovet dövründə "Pravda" qəzeti ABŞ Prezidenti H.Trümenin qızını təhqir etməsinə cavab olaraq onun müəlliminə sillə vurmuşdu. "Pravda" üçün bu, Trümen haqqında neqativ göstərici idi, mənim üçünsə, əksinə, pozitiv - gör müəllim hakimiyyətdən necə qorunur ki, prezident ona sillə vurmaqdan başqa yol tapmır və bir insan və bir ata kimi bunu edir. Bax mənim nöqteyi-nəzərimdən, bu, demokratiyanın triumfudur". Təkcə bu fikirlər deməyə əsas verir ki, bunlar hakimiyyətə gələcəyi təqdirdə fikri İbrahimbəyovun xoşuna gəlməyən yazarla necə davranacaqlarını heç gizlətmirlər də. Əgər bu, onların söz azadlığına münasibətidirsə, onda ittiham hədəfinə çevirdikləri hakimiyyəti nədə və niyə günahlandırırlar? Açıq-aydın görünür ki, İbrahimbəyov bütün məsələlərin hüquqi yolla deyil, zor gücü ilə həllinin tərəfdarıdır. Deməli, Qarabağ verilir ermənilərə, jurnalistlərin ağzı qapadılır, başını qaldıranın da boynunu vururlar. Görəsən, xalq bu təfəkkür daşıyıcılarını necə dəstəkləyə bilər? Maraqlı orasıdır ki, istər Milli Şurada təmsil olunan, istərsə də onların fəaliyyətini kənardan süyr edən bəzi üzdəniraq zialılar da bu şəxslər barədə layiq olmadıqları fikirlər söyləməkdən çəkinmirlər. Məsələn, sabiq deputat Cəmil Həsənli Rüstəm İbrahimbəyovu "millətimizin mənəvi siması", "böyük idealların daşıyıcısı" adlandırıb. O, İbrahimbəyovun Azərbaycan dilində danışa bilməməsinə bəraət qazandırmağa çalışıb və onu tənqid edənləri təhqir edərək "tör-töküntü", "həşərat sürüsü" adlandırıb: "Bu tör-töküntü mənəvi simasını elə itirib ki, onları yığıb Balaxanı zavoduna aparsan, təkrar istehsaldan sonra da onlardan faydalı bir şey çıxası deyil". Cəmil Həsənlinin heç bir mənəviyyata sığmayan bu açıqlaması MŞ-da təmsil olunanların iç üzünü açmış olur. İbrahimbəyovun şəxsi məddahı olan və mənliyini itirərək təlxəyə çevrilən Cəmil Həsənliyə demək gərək ki, iqtidarın tör-töküntülərini emal edib onlarda özü üçün istifadəyə yararlı bir şey tapan müxalifət mətbəxi Balaxanı zavodundan daha yaxşı işləyir. Odur ki, əziyyət çəkib zir-zibili Balaxanı qədər şəhərdən uzaq bir məkana deyil, müxalifət liderlərinin, Milli Şura üzvlərinin evlərinə daşımaq daha effektli olardı. Eyni zamanda, ADP sədri Sərdar Cəlaloğlu bildirib: "Rüstəm İbrahimbəyov 2003-cü ildə İqbal Ağazadəyə məktub yazaraq, onu "İsa Qəmbərin yanında yox, İlham Əliyevin yanında olmağa" çağırmışdı: "Sən çox səhv ünvandasan, nahaq yerə İsa Qəmbərin ətrafındasan. Sən İlham Əliyevin yanında olmalısan. Çünki xalqımızın xoşbəxtliyi, azadlığı ilham Əliyevin prezidentliyindədir . Cəmil Həsənli də deyir ki, R.İbrahimbəyov "millətimizin mənəvi simasıdır". Məgər bunlar milli satqınlar, milli riyakarlara xas olan xüsusiyyətlər deyilmi? Üzdə bir, arxada başqa cür danışan, danışıqda bir, əməldə tamam fərqli olan kəslər məyər milləti xamelion olanlardan deyilmi?
Digər tərəfdən, Milli Şura təmsilçisi Əli Kərimli bir az da irəli gedərək müxalifət fəalları haqda qərarlar çıxaran məhkəmə hakimlərinə xəbərdarlıq edib, onları "nə qədər ki gec deyil, öz gələcəkləri haqda fikirləşməyə" çağırıb. Görünür, jurnalistlərə, açıq fikir sahiblərinə Milli Şura üzvləri vahid mərkəzdən təsdiqlənmişlər prinsiplər əsasında yanaşırlar. Odur ki, Rüstəm İbrahimbəyov açıq şəkildə bəyan edir ki, onun xoşuna gəlməyən jurnalistləri "şəxsən ağzından vuracaq", indi isə Ə.Kərimli məhkəmə sistemində çalışanlara hədə-qorxu gələrək, gələcəkdə onlarla haqq-hesab çürüdəcəklərini açıq şəkildə işarə edir. İbrahimbəyov "4-cü hakimiyyət" adlandırılan mətbuatı hədəf götürdüyü kimi, Ə.Kərimli də "üçüncü hakimiyyət"i hədəfə alıb. Bütün bunlar, hakimiyyətin ələ keçiriləcəyi təqdirdə kütləvi repressiyaların anonsundan başqa bir şey deyil. Qisas hissi ilə yaşayan, millətin qanını axıtmaqdan çəkinməyən, Milli Şura üzvləri elə açıqlamaları ilə gələcək fəaliyyətlərinin konturlarını indidən sızmış olurlar. Demokratiyadan, fikir pluralizmindən dəm vuran müxalifət indidən qələm sahibləri ilə ultimatum dilində danışmaqdan belə çəkinmir. Allah bizim mətbuatımızı belələrindən qorusun!
Alim