“Minsk qrupunun həmsədrləri moldovalı ombudsmandan nümunə götürməlidir”
8 İyul 2013 16:39 Siyasət"Dağlıq Qarabağ münaqişəsinin ədalətli beynəlxalq rezonansı artıq Ermənistanın sərhədlərini yararaq İrəvanda səslənir. Moldovalı ombudsman Aurelia Qriqoriu İrəvanda Ermənistanı işğalçı adlandırmasını mən ilk növbədə belə sərh edərdim". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov səsləndirib. Bildirib ki, moldovalı ombudsmanın cəsarətli addımı bir çox beynəlxalq təşkilatların nümayəndələrinə, üçüncü dövlətlərin siyasətçilərinə xas olan Bakıda Azərbaycanlıların, İrəvanda ermənilərin xoşuna gələn bəyanatlar səsləndirmək vərdişinə ölümcül zərbə vurub: "Bu zərərli, münaqişənin həllini çətinə salan praktikadan nəhayət ki, əl çəkilməlidir. A.Qriqoriudan ilk növbədə Minsk qrupunun həmsədrləri, ATƏT təmsilçiləri, beynəlxalq qurumların nümayəndələri nümunə götürməlidirlər". Əli Əhmədov deyib ki, moldovalı ombudsmana İrəvanda təzyiqlər edilməsi, böhtanlar atılması ermənilərin davranış məntiqinə tam uyğundur: "Azərbaycan ictimaiyyəti, diaspora təşkilatları xanım Qriqoriunu erməni tərəfin həyasız təzyiqlərindən, şantaj və böhtanlarından qorumalı, ona mənəvi dəstək olmalıdır".