Ermənistan KTMT-ni ilk dəfə olaraq türk dövlətindən qisas mexanizminə çevirdi - . Aydın QULİYEV yazır..
8 Yanvar 2022 21:38 SiyasətQazaxıstanda baş verən hadisələr bu ölkənin suveren daxili işi kimi qəbul edilməli olduğu halda, KTMT-nin qəbul etdiyi müdaxilə qərarı Qazaxıstanın suverenlik prinsipi ilə zidd nəticələr ortaya çıxarır.
Qazaxıstan hadisələrinin heç şübhəsiz ki, daxili sosial-iqtisadi və siyasi kökləri yox deyil və daxili gərginliyin yaranmasında bu faktor müəyyən rol oynadı. O da məlumdur ki, Qazaxıstan çox əhəmiyyətli geosiyasi mövqe tutduğu və mühüm ehtiyatlara malik olduğu üçün burada müxtəlif dünya qüvvələrinin toqquşan maraqları özünü bariz şəkildə göstərdi. Müəyyən beynəlxalq qüvvələrin bu ölkədə baş verən proseslərdən istifadə etmək niyyətləri olsa da, bu heç bir halda KTMT rəhbərliyinin suveren ölkəyə hərbi qüvvə yeritməsinə əsas ola bilməzdi. KTMT-nin hərbi-siyasi moderatorlarının Qazaxıstana münasibətdə təşkilatın nizamnamə prinsiplərindən sui- istifadə etdiyinə, hətta qərəzli tətbiq etdiyinə dair ciddi şübhələr var. Suveren Qazaxıstana hərbi qüvvə yeridilməsi barədə qərarın bu təşkilatın KT Şurasına Ermənistanın sədrlik etdiyi dövrdə baş verməsi diqqət çəkən həssas bir məqamdır. Cəmi bir il əvvəl Qazaxıstanın da fəal siyasi dəstək verdiyi müharibədə Azərbaycanın ağır məğlub etdiyi Ermənistanın belə qərar verməsi KTMT-nin türk əsilli dövlətdən qisas almaq üçün alətə çevrildiyi barədə ehtimallara yol açır. Konkret desək, Ermənistan rəhbərliyi bu qərarın verilməsinə təsir göstərməklə Qazaxıstandan köhnə qisası almış kimi görünür.
KTMT Qazaxıstana münasibətdə həm özünün nizamnamə normalarını pozdu, həm də Qazaxıstanın suveren hüquqlarına qəsd etdi. KTMT Qazaxıstanın xarici sərhədlərinin təşkilata üzv olmayan yad dövlətlər tərəfindən pozulmayacağına siyasi-diplomatik təminat yaratmaq əvəzinə özü bu ölkənin daxili işinə kobud hərbi müdaxiləyə yol verdi. Nəticədə Qazaxıstanın suverenliyini və sərhədlərini pozan qüvvəyə çevrildi. KTMT kobud hərbi müdaxilə sayəsində Qazaxıstanın son illər xeyli irəli getmiş beynəlxalq nüfuzuna ağır zərbə vurdu. Dünyanın bir sıra təşkilat və güc mərkəzləri KTMT-nin Qazaxıstan hadisələrinə müdaxiləsinin legitim olub-olmadığına dair çox ciddi şübhələr ortaya qoyublar. Əslində KTMT-yə ittiham xarakterli bu şübhələr Qazaxıstanın əsil suveren ölkə kimi beynəlxalq manevr imkanlarını xeyli zəiflədir. KTMT rəhbərliyi bu addımı elə bir vaxtda atdı ki, Qazaxıstanda gedən proseslərin tam mahiyyəti üzə çıxmamışdı, yeni hakim komandanın legitimliyi hələ təsdiqlənməmişdi və ən əsası Qazaxıstanı 30 ilə yaxın bir dövrdə tikib-qurmuş siyasi qüvvənin baş verənlərə münasibəti aydın deyildi. KTMT özünün kobud müdaxilə addımı ilə Qazaxıstanın faktiki hakimiyyətinin xaricdən kömək istəməsinin legitimliyini ciddi suallar altında qoydu.
KTMT hərbi müdaxilənin əvəzinə Qazaxıstanın faktiki hakimiyyəti ilə etirazçıların dinc dialoqunun reallaşmasına qədər müşahidəçi mövqe tutmalı idi. KTMT suveren Qazaxıstanın öz daxili problemini həll edə bilməyəcək qədər hərbi və siyasi cəhətdən zəif ölkə imicini nümayiş etdirdi.
KTMT özünün bütün tarixi ərzində nizamnamənin 4-cü maddəsinə ilk dəfə, həm də yanlış şəkildə istinad etdi.Qazaxıstana müdaxilə KTMT-nin tarixində ən ağır məsuliyyətli addım kimi qalacaq. Son bir ildə şahidi olduq ki, Ermənistan ilk dəfə KTMT-ni Azərbaycana qarşı qisas və cəza alətinə çevirməyə cəhd göstərsə də tam iflasa uğradı. KTMT-ni bu təşkilatın öz üzvlərinə qarşı cəza maxanizminə çevirmək siyasəti məhz Ermənistanın sədrliyi dövründə baş tutdu və təəssüf ki, bu sarıdan hədəf ölkə olaraq məhz Qazaxıstan seçildi. Əslində Qazaxıstana hərbi müdaxilə KTMT-nin özünün də nüfuzunu heçə endirdi.
KTMT-nin yanlış Qazaxıstan qərarı postsovet məkanı üçün təhlükəli presedent yaradır. Təhlillər göstərir ki, bu təşkilatın nüfuzu üçün əsas məsuliyyəti daşıyan ölkələr KTMT- nin Qazaxıstanla bağlı yanlış siyasətə yönəldilməsinin bütün hallarını araşdıracaqlar. KTMT-nin postsovet məkanında bir daha addım atması onun öz perspektivi üçün dağıdıcı proseslərə yol aça bilər.
Aydın QULİYEV