Azərbaycanın uğurlu xarici siyasət kursu
23 Dekabr 2021 15:51 SiyasətAzərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Azərbaycanın uğurlu xarici siyasət kursu
Azərbaycanın xarici siyasətində daim dost və qonşu ölkələrlə əməkdaşlığı inkişaf etdirmək, ikitərəfli və çoxtərəfli formatda əlaqələr qurmaq əsas prioritet təşkil edib. Bu gün həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan dünyada xüsusi çəkisi və nüfuzu olan ölkə kimi tanınır desək yanılmarıq. Artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatları belə Azərbaycanla hesablaşır, onun mövqeyi, təşəbbüsünə hörmətlə yanaşır və həmin təşəbbüsləri dəstəkləyirlər. Ancaq onu da vurğulamaq lazımdır ki, Azərbaycan bu uğurlara asanlıqla nail olmayıb.
Sovetlərin dağılmasından sonra bütün istiqamətlərdə olduğu kimi, xarici siyasət sahəsində də ciddi problemlər mövcud idi. Yenicə müstəqillik əldə etmiş ölkənin beynəlxalq aləmə tanıdılması üçün xarici siyasət konsepsiyası ümumiyyətlə yox idi. Ayaz Mütəllibov hakimiyyətinin daha çox Rusiyaya meyilli siyasət həyata keçirməsi, ondan sonra ölkəyə rəhbərlik edən AXC-Müsavat hakimiyyətinin şimal və cənub qonşularımızı özünə düşmən görməsi, eyni zamanda Çinə bayraq sancmaq kimi cəfəng fikirləri müstəqil Azərbaycanı demək olar ki, yaxın və uzaq qonşularla düşmən etmiş, bir növ Azərbaycan beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətə düşmüşdü. Xarici siyasət sahəsində bu mənfi tendensiya ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər davam etdi.
Ümummili lider yaxşı bilirdi ki, müstəqil Azərbaycanın dünyada tanıdılması, ona etibarlı tərəfdaş qazanmaq üçün elə müstəqil xarici siyasət konsepsiyası həyata keçirmək lazımdır. Bu xarici siyasət konsepsiyası isə balanslaşdırılmış xarici siyasəti özündə ehtiva edirdi. Məhz sözügedən siyasətin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan tezliklə yaxın və uzaq ölkələrlə əlaqələr qurdu, ayrı-ayrı ölkələrlə normal əməkdaşlıq mühiti yaradıldı.
Heydər Əliyevin xarici siyasət konsepsiyasında Islam dünyası, müsəlman ölkələri ilə əlaqələri inkişaf etdirmək xüsusi yer tuturdu ki, bu da bir neçə vacib məqamla bağlı idi. Birincisi, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dini zəmində baş verdiyini iddia edir və dünyanı öz yalanına inandırmağa çalışırdı ki, guya ermənilərin məskunlaşdığı Azərbaycan ərazilərində, Dağlıq Qarabağda dini dözümlülük yoxdur, ermənilərə öz dini inanclarını həyata keçirmək üçün heç bir şərait yoxdur. Halbuki tarixən Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinə öz dini inanclarını müstəqil şəkildə icra etmək üçün hər cür şərait yaradılıb və Azərbaycanda mövcud olan qeyri - islam dininə aid dini abidələr dövlət hesabına təmir olunub. Bu baxımdan mövcud reallığın ərəb ölkələrinin imkanlarından istifadə edərək dünyaya çatdırılması xarici siyasətdə əsas prioritetlərdən biri sayılırdı və Heydər Əliyev də bu istiqamətdə uğurlu fəaliyyət həyata keçirirdi. Bu istiqamətdə ümummilli liderin Səudiyyə Ərəbistanı, Misir, Qətər, İordaniyaya səfərləri, bu gün Islam Əməkdaşlıq Təşkilatı kimi tanınan, o zaman isə Islam Konfransı Təşkilatına üzv olan ölkələrin birliyi kimi tanınan qurumla əməkdaşlığı xüsusi önəm daşıyırdı.
Azərbaycanın xarici siyasət konsepsiyasında islam dünyası ilə əlaqələri inkişaf etdirməyin ikinci bir vacib məqamı ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər, dağıntılarla bağlıdır. Belə ki, Ermənistan işğal etdikləri Azərbaycanın şəhər və rayonlarında yerləşən məscidləri xaraba qoyur, orada donuz saxlayırdılar ki, bu qeyri insani davranışın dünyaya çatdırılmasında Islam Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün vacib tribuna sayıla bilərdi.
Paralel olaraq Avropa, postsovet ölkələri ilə də əlaqələrin qurulması Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından əhəmiyyətli idi. MDB, Avropa Şurası, ATƏT, NATO ilə əməkdaşlığı bu mənada xüsusi qeyd etmək lazımdır.
Azərbaycanın uğurlu xarici siyasət kursu ümummilli lider Heydər Əliyevdən sonra da uğurla davam etdirildi. Ümummilli liderin siyasi varisi Ilham Əliyevin respublikaya rəhbərlik etdiyi 18 il ərzində Azərbaycan xarici siyasət sahəsində önəmli addımlar atdı, dünyadakı yeri və rolunu möhkəmləndirdi. Uğurla həyata keçirilən xarici siyasət kursu nəticəsində Azərbaycan BMT Baş Assambleyasında önəmli sözə və xüsusi çəkiyə malik olan ölkəyə çevrildi, dünyanın ikinci böyük siyasi təsisatı sayılan Qoşulmama Hərəkatına üzvlük və qısa müddətdə ona sədrlik etməyə nail oldu. Məhz bu uğurlu siyasi gedişlərin nəticəsi idi ki, 44 günlük Vətən müharibəsində əksər beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini alqışladı, rəsmi Bakıya qarşı hər hansı maneçilik yarada biləcək addımlar atılmadı.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Media İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir