Dünya azərbaycanlılarının həmrəyliyindən, birlik və bərabərliyindən doğan qələbə
23 Dekabr 2021 15:08 SiyasətBu gün mübaliğəsiz və qəti şəkildə deyə bilərik ki, dünya azərbaycanlılarının həımrəyliyi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətindəki fəaliyyəti təkcə müstəqillik illərinə təsadüf etmir, o eyni zamanda həm keçmiş sovetlərin zamanında Azərbaycana rəhbərlik edəndə, həm də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri olanda bu istiqamətdə müstəsna xidmətlər göstərib. Ancaq ümummilli liderin dünya azərbaycanlılarının birlik və bərabərliyi, həmrəyliyi istiqamətində intensiv fəaliyyəti məhz onun Naxçıvana rəhbərlik etdiyi illərə təsadüf edir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olduğu illərdə bu prosesə start verən Ulu Öndər 90-cı illərin əvvəllərində xalqın təkidli tələbi və ümumxalq istəyi ilə Bakıda siyasi hakimiyyətə qayıtdıqdan sonra sovetlərin zamanından gələcəyə hesablayaraq təməlini qoyduğu müqəddəs missiyanı yeni dövrün və zamanın tələblərinə uyğun olaraq davam etdirməyə başladı. Bu mənada heç bir mübaliğə, şişirtmə olmadan tam əminliklə deyə bilərik ki, müasir dövrümüzdə diaspor quruculuğu və lobbiçiliyin əsaslarını təşkil edən, onun daha da inkişaf etdirilmıəsinə hesablanmış olan dünya azərbaycanlılarının birlik və həmrəyliyi öz başlanğıcını Heydər Əliyevin rəhbərliyi altında Naxçıvandan götürmüşdü. Belə ki, 1991-ci il, dekabr ayının 16-da ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında" Qərar qəbul olundu. Həmin tarixi qərar müasir dövrdə dünya azərbaycanlılarının birlik və həmrəylik şəklində birləşməsi, onların sonrakı mərhələdə daha sıx təşkilatlanması, nəticə etibarilə diaspor quruculuğu və lobbiçilik fəaliyyətlərinin təşkilinə hesablanmış ilk rəsmi sənəd idi desək yanılmarıq. Böyük siyasi əhəmiyyət daşıyan bu qərarın sonrakı mərhələdə bütün Azərbaycanı, eyni zamanda dünyada yaşayan soydaşlarımızı əhatə edəcəyi başlıca hədəf olsa da, lakin həmin illərdə mərkəzi hakimiyyətin Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə olan qısqanc münasibəti, Muxtar Respublikanın Ali Məclisinin qəbul etdiyi qərarlara biganəliyi 16 dekabr qərarının icrasına problemlər yaradılacağı qənaəti formalaşdırmışdı. Lakin Ulu Öndər uzaqgörən siyasəti ilə əmin idi ki, bu ideya, qarşıya qoyulan hədəf gec də olsa nəticəyə çatacaq. Təsadüfi deyil ki, elə həmin tarixi qərar qəbul edilərkən də çıxışında ümummilli lider buna əminliyini ifadə etmişdi: "Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür".
Ümummilli liderin Muxtar Respublikada təməlini qoyduğu birlik, həmrəylik ideyaları, diaspor quruculuğu və lobbiçilik fəaliyyətləri Ulu Öndərin Bakıya siyasi hakimiyyətə qayıdışından sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. 1993-cü ildə ölkədə keçirilən prezident seçkiləri ilə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq respublika rəhbəri seçilən Heydər Əliyev bütün sahələrdə olduğu kimi, diaspor quruculuğu, lobbiçilik fəaliyyətləri istiqamətində də nəticəyə hesablanmış addımlar atdı, mühüm qərarlar qəbul etdi. Bu mənada Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi mühüm tarixi-siyasi əhəmiyyət daşıyırdı. 1991-ci il 16 dekabrında Naxçıvan Muxtar Respublikasında qəbul edilən "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında" Qərarı nə qədər əhəmiyyətli və o dövr üçün əlamətdar bir hadisə idisə, eləcə də "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli sərəncamı da, bir o qədər dərin siyasi mıəna kəsb edirdi. Həmin sərəncama əsasən 2001-ci il, noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının Birinci Qurultayı keçirildi. Qurultayda dövlət başçısı Heydər Əliyevin də iştirakı Azərbaycan dövlətinin diaspor quruculuğuna, dünya azərbaycanlılarının birlik və həmrəyliyinə nə dərəcədə önəm verdiyini ortaya qoyur, bu məsələnin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu təsdiqləyirdi. Eyni zamanda müstəqil Azərbaycan dövlətinin buna çox ciddi ehtiyac duyduğu anlamını verirdi. Elə Ulu Öndər də Dünya Azərbaycanlılarının Birinci Qurultayında etdiyi tarixi və proqram xarakterli çıxışında bu məqamı xüsusi vurğulayırdı.
Dünya Azərbaycanlılarının Birinci Qurultayı bir tərəfdən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin daha da möhkəmləndirilməsinə, onların tarixi Vətənlə əlaqələrinin genişləndirilməsinə, həmvətənlərimizin Azərbaycançılıq ideologiyası ətrafında birləşməsinə çağırış, bu istiqamətdə atılan addım idisə, digər tərəfdən onların arxasında artıq güclü, müstəqil bir Azərbaycan dövlətinin dayandığını isbatlayan tarixi hadisə idi. Dünya Azərbaycanlılarının Birinci Qurultayı həm də müstəqillik tarixində yeni, eyni zamanda mühüm əhəmiyyət kəsb edən böyük bir prosesin başlanğıcı idi. Qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonağın iştirakı da bunu təsdiqləyirdi. Bu proses, hər birimiz üçün önəmli olan mühüm tarixi başlanğıc müstəqil Azərbaycanın diaspora siyasətinin dövlət səviyyəsində həyata keçirildiyinə dəlalət edirdi. Elə Dünya Azərbaycanlılarının Birinci Qurultayından qısa müddət sonra ümummilli liderin imzalamış olduğu "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman da, məhz müstəqil Azərbaycan dövlətinin diaspora siyasətinin mühüm tərkib hissəsi idi. Eyni zamanda Azərbaycan dövlətinin diaspor quruculuğu və lobbiçiliyə nə qədər önəm verdiyi, bunu prioritet saydığını ortaya qoyurdu. Beləliklə, Ulu Öndərin 2002-ci il, iyulun 5-də imzaladığı tarixi fərmanla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Sözügedən qurumun yaradılması xarici ölkələrdə yaşayan azərbaycanlılarla işin təşkili, onların mövcud problemlərinin həllinə xidmət edəcək dövlət qurumunun mövcudluğu zərurətindən meydana gəlmişdi.
Beləliklə, həm Azərbaycan dövləti, həm yeni yaradılan müvafiq dövlət qurumu, həm də xaricdə fəaliyyət göstərən Azərbaycan icmaları və təşkilatlarının birgə fəaliyyəti, səmərəli işi nəticəsində Azərbaycan diasporunun quruculuğu, inkişaf etdirilməsi prosesi sürətləndi. Dünyanın müxtəlif ölkələrində yeni-yeni diaspor təşkilatları, onları birləşdirən federasiya və konqreslər təsis edildi.
Dünya Azərbaycanlılarının Birinci Qurultayından sonra bu istiqamətdə görülmüş işləri təhlil etmək, onları dəyərləndirmək və yeni-yeni hədəflər müəyyənləşdirmək kimi vacib məqamlar vardı və artıq bu bir zərurətə çevrilmişdi. Həm bu zərurətdən, həm də Heydər Əliyev ideyaları və siyasətinə sadiqlikdən irəli gələrək 2003-cü ildən respublikaya rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də sələfi kimi diaspor quruculuğu və lobbiçilik, dünya azərbaycanlılarının birlik və bərabərliyini dövlət siyasətinin prioritetlərindən biri hesab edərək Dünya Azərbaycanlılarının İkinci Qurultayının keçirilməsini qərarlaşdırdı. Beləliklə, Prezident İlham Əliyevin 2006-cı il, 8 fevral tarixində imzalamış olduğu sərəncamla həmin ilin mart ayının 16-da Bakıda Dünya Azərbaycanlılarının İkinci Qurultayının keçirilməsi nəzərdə tutulurdu. Dünya Azərbaycanlılarının İkinci Qurultayı da prinsip etibarilə Birinci Qurultay qədər əhəmiyyətli idi. Qurultayın əhəmiyyətini şərtləndirən isə əsas iki amil idi. Birincisi, dünya azərbaycanlıları İlham Əliyevin timsalında yeni lider, yeni dövlət rəhbəri ilə görüşür, onun siyasəti, fikir və ideyaları ilə canlı ünsiyyət əsnasında tanış olur, ikincisi, Birinci Qurultaydan keçən dövr ərzində görülən işləri təhlil edərək Cənab İlham Əliyevin rəhbərliyi altında yeni hədəflər seçir, görüləcək işləri müəyyənləşdirirdilər.
Qurultayda yeni liderin, yeni dövlət başçısının, Ulu Öndərin siyasi varisinin diaspor təmsilçiləri, soydaşlarımıza verdiyi digər mesaj da həm əhəmiyyətli, həm də dünya üçün bir siqnal idi. "Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək" deməklə Cənab İlham Əliyev əslində dünyadakı 50 milyonluq Azərbaycan xalqının təmsilçisi, prezidenti olduğu mesajını verirdi.
Artıq Azərbaycan diasporunun təşkilatlanması, dünya azərbaycanlılarının birlik və həmrəyliyi, lobbiçilik istiqamətində müvafiq addımların atılması erməni diasporu, lobbisini ciddi şəkildə narahat edirdi. Dünyanın müxtəlif ölkələrində soydaşlarımıza qarşı artan hücumlar, təxribatlar diaspor fəaliyyətimizə yenidən nəzər salmağı zəruri edirdi. Bu mənada həm Dünya Azərbaycanlılarının 2011-ci il, iyul ayının 5-6-da keçirilən III, həm də 2016-cı il, iyun ayının 3-də baş tutan IV qurultayları mühüm əhəmiyyət kəsb edirdi.
Günümüzdə isə həm diaspor quruculuğu, təşkilatlanma prosesinin yeni müasir tələblərə uyğun qurulması, həm də dünya azərbaycanlılarının birlik və həmrəyliyi kifayət qədər mütəşəkkil xarakter alıb və öz müsbət nəticələri ilə diqqət çəkir. Xüsusilə, 44 günlük Vətən müharibəsi günlərində biz bu həmrəyliyin əyani şahidinə çevrildik. Dünyadakı bütün azərbaycanlılar Vətən müharibəsində dövlətimizlə, dövlət başçısı Cənab İlham Əliyevlə birlikdə, həmrəy olaraq düşmənə öz layiqli sözünü dedi, 30 ilə yaxın işğal altında olan ərazilərini düşməndən təmizlədi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər həm də dünya azərbaycanlılarının həmrəyliyindən, birlik və bərabərliyindən doğan qələbə idi.
Bu gün də Azərbaycan xalqı birlik və həmrəylik içərisində, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək düşməndən azad etdiyi əraziləri qurub-yaradır, abadlaşdırır.
Süleyman İsmayılbəyli