Azərbaycan regional və qlobal səviyyədə mövqelərini möhkəmlədib
16 Dekabr 2021 15:55 Siyasətİstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır
Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya birliyinə ineqrasiya məsələsi qarşıda duran əsas vəzifələrdən hesab olunurdu. Belə ki, 1992-ci ildə müstəqilliyinə qovuşan Azərbaycan dünya birliyinin bərabər hüquqlu üzvü olmaq, milli təhlükəsizliyi, ərazi bütövlüyü, müstəqilliyini təmin etmək, sülhə, quruculuğa, inkişafa töhfə vermək prosesinə start verdi. İnsfən qeyd edilməlidir ki, Azərbaycan bu işin öhdəsindən uğurla gəlməyi bacardı. Əslində dünya birliyinə inteqrasiyanın əsası hələ Azərbaycan Xalq Cümhüriyyəti dövründə prioritet məsələlərdən hesab olunurdu. Xalq Cümhuriyyətinin varisi olaraq müstəqil Azərbaycan bu ənənəni inkişaf etdirməkdə davam edir. Çox təəssüf ki, Azərbaycan 1918-ci ildə olduğu kimi, 1991-ci ildə də müstəqilliyini əldə edərkən əsassız iddialar ilə qarşı-qarşıya idi. Qonşu dövətlərin, xüsusən də Ermənistanın əsassız iddiaları Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrlə üz-üzəydi. Bir yandan müstəqilliyi, ərazi bütövlüyünü qorumaq, bir yandan beynəlxalq birliyə inteqrasiya olunmaq kimi proseslərin hamısını eyni vaxtda həyata keçirmək zərurəti yaranmışdı. Azərbaycan bu işin öhdəsindən uğurla gəldi. 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatına, 1992-ci ildə ATƏT, BMT və digər beynəlxalq təşkliatlara üzv oldu. Digər beynəlxalq və regional təşkilatlarla Azərbaycan əsasən fikir birliyi ilə əməkdaşlıq edir. NATO, Avropa İttifaqı ilə də əməkdaşlıq davam etdirilir. Azərbaycanın digər rəsmi strategiyası Avro-Atlantik məkana inteqrasiyadır ki, bu istiqamətdə də ciddi iş aparılır. Amma faktiki xəttimiz Avro-Atlantik məkanına inteqrasiya deyil, mümkün qədər balanslaşdırılmış müstəqil xarici siyasət kursu yürütməkdir. Azərbaycan balanslaşdırılımış, amma Bakı mərkəzli milli xarici siyasət kursu icra edir. Bu kurs nəticəsində Azərbaycanın Ermənistan istisna olmaqla bütün qonşularla, dünyadakı dövlətlərin böyük əksəriyyəti ilə normal və yaxşı münasibətləri var. Bəzi dövlətlərlə bu münasibətlər uzun müttəfiqlik səviyyəsindədir. Azərbaycan regional və qlobal müstəvidə enerji təhlüksizliyinə töhfə verir. Qoşulmama Hərəkatına Azərbaycan ilk başda üzv olanda bu bir müddət daxildə mübahisəyə səbəb olmuşdu, amma tarix və zaman bunun çox doğru qərar olduğunu göstərdi. BMT-dən sonra ən çox üzvü olan beynəlxalq təşkilatdır və Azərbaycan Qoşulmama Hərəkatına üzv olaraq həm Qoşulmama Hərəkatına ciddi töhfə verir, həm də bu təşkilatın beynəlxalq hüquqa uyğun töhfə verməsində Azərbaycanın rolu böyükdür. O cümlədən 44 günlük Vətən müharibəsində bunun şahidi olduq. Sirr deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi altında, mükəmməl və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan, dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Bu, artıq heç kimin inkar edə bilməyəcəyi tarixi fakt, əlahəzrət tarixi həqiqətdir. Ölkəmiz artıq dünya birliyinin bütün sahələrdə, xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşına çevrilib. Məhz Azərbaycanın dünya birliyi və beynəlxalq təşkilatlarla qurduğu diplomatik münasibətlərinin nəticəsində 44 günlük Vətən müharibəsində plkəmizin ərazi bütövlüyü dəstəkləndi.
Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiya, eyni zamanda beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əməkdaşlığa əsaslanan inkişaf platforması formalaşdırmaqdan ibarətdir: Azərbaycan bu gün düyanın aparıcı bir neçə beynəlxalq qurumunda kifayət qədər fəal iştirak edir. Həmin qurumlardan biri, Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatıdır. Bu, kifayət qədər nüfuzlu bir qurumdur. Azərbaycan həm regional, həm beynəlxalq digər qurumlarda da fəal iştirak edərək regional proseslərə daha yaxından töhfə verməyə çalışır. Eyni zamanda bütövlükdə beynəlxalq təşkilatlar və dünya birliyi ilə qarşılıqlı əməkdaşlıq və inteqrasiya Azərbaycan üçün iqtisadi baxımdan da vacibdir. Çünki Azərbaycan qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirir. Eləcə də nəzərə alaq ki, bu, həm də Azərbaycanın mövcud potensialının daha böyük anlamda iqtisadi dəyərə çevrilməsi baxımından vacibdir. Biz artıq praktik olaraq müşahidə edirik ki, Azərbaycanın beynəlxalq təşkilatlar, o cümlədən BMT ilə əməkdaşlığı bütövlükdə milliliyin inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın formalaşması, hədəflərin qurulması, qeyri-neft sektorunun inkişaf fəaliyyətinin genişləndirilməsi birmənalı şəkildə ondan xəbər verir ki, Azərbaycan üçün bu, eyni zamanda 2030 sosial-iqtisadi inkişaf prioritetlərində də öz əksini tapıb. Azərbaycan üçün növbəti dekada, o cümlədən növbəti 5 ildə əsas hədəflərdən biri həm də iqtisadiyyatın liberallaşdırılması ilə bağlı islahatların dərinləşməsidir. Bu, həm də beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi bunun Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi təsirlərinin, töhfələrinin artırılması baxımından vacibdir. Bu baxımdan qarşılıqlı əməkdaşlıq nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaradır. Bu da ondan xəbər verir ki, praktik olaraq Azərbaycan beynəlxalq platformalarda daha fəal şəkildə iştirak etməklə həm ölkə iqtisadiyatının inkişafı, həm də regionda əməkdaşlıq və sülhün formalaşmasına xüsusi töhfə verməyə çalışan ölkədir".
Sözsüz ki, bu sadaladığımız faktların arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzlmkar və müstəqil xarici siyasət kursu dayanır. İndi Azərbaycanın iştirakı olmadan, nəinki regionda, hətta dünya miqyasında heç bir strateji layihənin reallaşması mümkün deyil. Çünki hazırda Azərbaycan dünya siyasətinin və iqtisadiyyatının əsas faktorlarından birinə də çevrilib. Sözsüz ki, bu sadaladığımız uğurlar, dünya birliyi ilə inteqrasıya istiqamətində görülən düzgün işlərin nəticəsində mümkün olmuşdur. Çünki bütün beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olan ölkəmiz, bunun üçün konkret addımlar atır, bərabərhüquqlu əlaqələrin qarşılıqlı maraqların təmin edilməsi istiqamətində, biri-birinin işinə qarışmamaq prinsipləri çərçivəsində davam etdirilməsi işinə öz töhfəsini verir. Tam əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bu diplomatik reallıqlar fonunda respublikamızın Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir. Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən NATO-nun Şimali Atlantika Şurasının iclası sadaladığımız fikirlərin bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qatıldığı iclasda NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Bu mövqenin NATO-nun Sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edilib. NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın "Qətiyyətli dəstək" missiyasındakı rolu xüsusi vurğulanıb. Azərbaycan hərbçilərinin Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində oynadığı rol NATO rəsmiləri tərəfindən xüsusi qeyd edilib. Azərbaycanın 2002-ci ildən 2021-ci il avqustun 27-dək bu əməliyyatda iştirak etdiyi və Əfqanıstanı ən son tərk edən ölkələrdən biri olduğu bildirilib. İclasda, həmçinin Azərbaycan və NATO silahlı qüvvələri arasında operativ hərbi uzlaşma məsələsinin artırılması da qeyd olunub. Beləliklə, qətiyyətlə qeyd etmək olar ki, dövlət başçımızın məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcək.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Media İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir