İrəvanın iqtisadi-siyasi nəfəs dəhlizi Bakının əlində...
16 Dekabr 2021 12:59 SiyasətBrüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş və onun nəticələri hazırda diqqət çəkən əsas məsələlərdəndir. Məlumata görə, görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib. Yekunda qəbul olunan bəyənatda Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunub. Həmçinin Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da Aİ-nin dəstəyi ifadə olunur və birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür. Şarl Mişel regionda komunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Və hətta Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi bildirib. Bütün bunlar Aİ tərəfindən təşkil olunmuş görüşdə də Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu göstərir. Siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, Brüssel görüşündə əsas məqamlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib, lakin İrəvanın dediyi kimi, burada gömrük və sərhəd nəzarəti qurulacaq: " Praktiki addımlar bu razılaşmaya əsasında atılarsa, Azərbaycan Naxçıvana dəhlizlə yox, nəqliyyat yolu ilə çıxacaq. Azərbaycan Laçın dəhlizində gömrük və sərhəd nəzarəti quracaq. Xatırladaq ki, Prezident İlham Əliyev görüşdən öncə bunu şərt olaraq irəli sürmüşdü. Və istisna deyil ki, bu razılaşma Əliyevlə Paşinyanın təkbətək görüşündə əldə edilib. Laçın dəhlizində gömrük və sərhəd nəzarəti postunun qurulması müharibədən sonra ən böyük qazanclardan biri ola bilər. Belə ki, bununla Qarabağa qanunsuz daşımaların qarşısı alınacaq, Rus sülhməramlılarının bölgədəki təsir imkanları zəifləyəcək, Ermənistana bizim gömrük postundan keçərək gedən ermənilər üzərində idarəçiliyi müəyyən qədər bərpa edə biləcəyik, Və ən əsası Laçın dəhlizi dəhliz olmayacaq. Burada əsas məqam Bakı və İrəvanın "dəhlizlər" üzərindəki nəzarətlərindən rıçaq kimi istifadə imkanlarıdır. Bakı Laçın dəhlizini, İrəvan Zəngəzur dəhlizini bağlamaqla siyasi proseslərə təsir edə bilər, hərçənd, Zəngəzur dəhlizindən (Naxçıvana gedən yol) təkcə Azərbaycan yox, Türkiyə, İran və Rusiyanın da istifadə edəcəyini nəzərə alsaq, Bakı ilə müqayisədə İrəvanın bundan rıçaq kimi istifadə imkanları zəifləyir. Brüssel anlaşmasının praktiki mərhələdə işləyəcəyi sual altındadır. Dəhlizlərə "gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması", yəni tərəflərin öz nəzarətində olması rusların marağında deyil. Bu baxımdan, Moskvanın mövqeyinin hansı istiqamətdə olacağına baxmaq lazımdır. Lakin Moskvada da, Brüsseldə də Bakı qazanclı çıxdı və hər iki halda - kommunikasiyanın dəhliz, yaxud yol məntiqi ilə açılması Azərbaycana sərf edir". Politoloq Nurlan Qələndərli hesab edir ki, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsində qanuni - suveren mövcudluq 29,743 kvadrat kilometr əraziyə malik Ermənistana siyasi nəzarət deməkdir. O zaman Azərbaycanın öz suveren ərazisindən keçən 21 kilometrlik yolu bağladı və Ermənistan həm mənəvi-psixoloji, həm siyasi-strateji, həm də sosial-iqtisadi nöqteyi-nəzərdən ciddi çətinliklə üzləşdi. Bununla da Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində ölkəmizin qanunlarına əməl edilməsi ciddi tələb olundu: "Azərbaycan Ermənistanın sonuncu nəfəsliyini qapatmaqla - blokadaya salmaqla haqlı tələb və şərtlərini qəbul etdirmək iqtidarında olduğunu nümayiş etdirdi. Təbii ki, əsas tələblər isə sərhədlərin delimitasiyası və demarkasiyasına dair, həmçinin Zəngəzur dəhlizində işlərə başlanmasıdır. Son hədəf isə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması və yekun sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Həmçinin Bakı nümayiş etdirdi ki, Ermənistanın həm siyasi, həm də iqtisadi-ticari nəfəs borusu Azərbaycanın əlindədir. Çünki Ermənistan ilə İran arasında əsas daşımalar bu yoldan keçir. Hətta alternativ yol haqqında düşünülsə də, buna əlavə vaxt və vəsait lazımdır, üstəlik, indiyə qədər bu istiqamətdə hər hansı bir iş görülməyib. Həmçinin alternativ yol Gorus-Qafan yolu qədər strateji cəhətdən əlverişli, iqtisadi baxımdan rentabelli deyil. Hətta alternativ yol açılsa belə, coğrafi şəraitə görə İran ilə Ermənistan arasındakı əsas daşımalar bu yoldan olacaq. Yəni Ermənistanın bu imkandan məhrum olmaması üçün konstruktiv mövqe tutmaqdan - hərbi-siyasi təxribatlardan və qeyri-qanuni hərəkətlərdən imtina etməkdən başqa çarəsi - yolu yoxdur".
Alim