“Şarl Mişel bu mövqeni göstərsəydi, danışıqlar ciddi zərbə alardı”
15 Dekabr 2021 22:34 SiyasətXəbər verdiyimiz kimi, dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb. Məlumdur ki, bəyanatda bir sıra mühüm məsələlərə toxunulub. Onlardan biri də bəyanatın heç bir müddəasında ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi, eyni zamanda, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslərlə bağlı mövzunun salınması və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyinin qeyd olunmasıdır. Çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil.
Hər iki mühüm məqam barədə "Qafqazinfo"ya açıqlama verən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Avropa İttifaqının prezidenti Şarl Mişellə Azərbaycanın dövlət rəhbəri İlham Əliyev arasında bunaqədərki görüşlərdə də yüksək anlaşma mühiti, bölgənin reallıqları, ona balanslı, yetərincə prinsipial və xüsusilə də Azərbaycanın ərazi bütövlüyünə münasibətdə dəqiq ifadələri görmüşük:
"Eyni zamanda, həm əvvəlki görüşlərdə, həm də indi verilən bəyanatda bu prinsiplər əsas elementlər regiondakı təhlükəsizliyin və birgə yaşayışın əsas fundamenti, təməl daşları kimi yenə də qorunub saxlanılır. Bu, çox önəmli məsələdir. Yəni Azərbaycan üçün başlıca olaraq bizim çalışdığımız məsələ bölgədə kommunikasiyaların açılacağı təqdirdə tərəflərin bir-birinin bütövlüyünü tanıması baş verəcəksə, bu halda yeni beynəlxalq oyunçuları dövriyyəyə qatmaq və problemi geopolitik savaş aparan dövlətlərin sanki inhisarına yenidən keçirmək yolverilməz sayılır. Biz buna cəhdləri də görməkdəyik.
Buna görə də bəyanatda ən prinsipial məqamlardan biri ATƏT-in Minsk Qrupu ilə bağlı hər hansı müddəanın yer almamasıdır. Biz fərqindəyik ki, 44 günlük müharibədən sonra müəyyən dövlətlər, xüsusən də Fransa açıq şəkildə hiss olunur ki, onlar nəyin bahasına olur-olsun Ermənistanın hərbi məğlubiyyətini diplomatik addımlarla müəyyən qədər kompensasiya etməyə çalışırlar. Bu mövqe əgər Şarl Mişel və Avropa İttifaqı tərəfindən də özünü göstərmiş olsaydı, dünənki danışıqlar ciddi şəkildə zərbə alardı, eləcə də, Azərbaycanın mövqeyi bu məsələlər ətrafında dərhal ölkə rəhbəri tərəfindən gündəmə gətirilərdi".
Z.Oruc qeyd edib ki, bəyanatda ikinci vacib məqam itkin düşən şəxslərlə bağlıdır:
"Bu o deməkdir ki, biz bir sıra hallarda beynəlxalq reaksiyaları və rəyləri eşidərkən əksər halda hansısa əsir düşən şəxslərin üzərindən mövqeləri qabarıq görürük. Azərbaycana bu yöndə nəinki təsir, hətta bir sıra hallarda təzyiq etmək istəyən qüvvələr də ortada idi. Ancaq bu əsirlərin taleyinə münasibətdə 1990-ci illərdə bizim 4000-ə qədər insanımızın ağır taleyinin üstündən xətt çəkmək indiki reallıqda yeddi rayonun yer üzündən silinməsini görməzdən gəlməyə bərabər hadisədir. Ona görə də bizim üçün Rusiyanın Soçi görüşündə keçirilən danışıqlar və onun baza prinsipləri önəmli qalmaqla yanaşı, Rusiya-Qərb, Moskva-Brüssel, Türkiyə-Qərb və Amerika-Türkiyə kimi və. s formatlarda qarşıdurma qətiyyən gərəkli deyil.
Xarici siyasətimizdə hazırkı dövrdə bölgəni yeni bir geopolitik məkana çatdırmaq üçün Prezident İlham Əliyevin hədəfləri bu yöndədir ki, biz uzlaşmaları tapaq. Görünən mənzərə budur ki, dünən 4 saat yarıma qədər davam edən danışıqlar sübut edir ki, ortada real məsələ ətrafında müzakirələr olub. Aralıq zamanda təkbətək görüşlər də keçirilib. Biz bir daha söyləyirik ki, ötən on illər ərzində bizim siyasi yetkinliyimiz özünün maksimumundadır. Biz Amerikanın, Fransanın və ya başqa dövlətlərin də Qarabağda hərbi təmsilçiliyi olmalıdır şəklində gedən prosesləri təbii ki, təqdir etməyəcəyik. Biz bir daha söyləyirik ki, regional və qlobal savaşları bu məsələ üzərində arzulamırıq. Amma ən önəmli məsələ Brüsseldə Azərbaycanın mövqeyinin indiki halda anlayışla qarşılanmasıdır. Xüsusilə də burada ərazi bütövlüyü məsələsinin vurğulanması NATO çərçivəsində də danışıqlarda yer alması onu göstərir ki, Qərb özünün illər ərzində yürütdüyü bir sıra hallarda gözləmə siyasətindən daşınır. Azərbaycanın 44 günlük müharibədə qələbəsi Brüsseli bu məsələ ətrafında düşünməyə, onunla hesablaşmağa və legitimliyi tanımağa yönəltmək siyasəti doğrudur".