Brüsseldən verilən Zəngəzur mesajları

Ermənistan bunu etməyə borcludur və məhkumdur

Nəhayət ki, Azərbaycan və Ermənistan liderlərinin nəzərdə tutulduğu Brüssel görüşü reallaşdı. Hələ belə bir görüşün keçirilməsi mümkünlüyü gündəmə gələrkən bəzi ekspertlər iddia edirdilər ki, Ermənistan ciddi cəhdlə Brüsssel görüşü ərəfəsində dövlət sərhədində vəziyyəti gərginləşdirəcək və görüş baş tutmayacaq. Həmçinin Brüseel görüşündən əvvəlki Soçi görüşünün də alınmayacağı və Ermənistanın müxtəlif bəhanələrlə görüşlərdən yayınacağı bildirilirdi. Ancaq göründüyü kimi, hər iki görüş ən yüksək səviyyədə baş tutdu və istər Soçi, istərsə də Brüssel görüşündə Azərbaycan əsas diqtə edən, mövcud reallıqları Ermənistana qəbul etdirən tərəf kimi çıxış etdi, sözünü dedi. Hər halda Ermənistanın baş nazirinin kommunikasiya xətləri, Naxçıvana dəmir yolu xəttinin açılması ilə bağlı səsləndirdiyi fikirlər belə deməyə əsas verir.  Bu görüşün əhəmiyyətini artıran əsas məqamlardan biri də Soçidən sonra Brüsseldən verilən Zəngəzur mesajları oldu.

Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da belə deyir. O bildirib ki, Paşinyanın sosial şəbəkədəki paylaşımı da Brüsssel görüşünün demək olar ki, səmərəli keçdiyini təsdiqləyir: "Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə keçirilmiş üçtərəfli görüşün yekunları ilə bağlı sosial şəbəkədəki səhifəsində bunları yazdı: "Şarl Mişel və İlham Əliyevlə üçtərəfli görüş zamanı biz Azərbaycan prezidenti ilə dəmiryolunun fəaliyyətinin bərpası ilə bağlı razılığı təsdiqlədik. Dəmir yolu qarşılıqlı prinsip əsasında beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistan İran və Rusiya Federasiyasına dəmir yolu ilə çıxış əldə edəcək". Bununla Nikol Paşinyan bir daha Zəngəzur dəhlizinin yerinə kommunikasiya xəttinin açılacağını vurğulamış oldu. Paşinyan Brüsseldə vəd edib ki, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirəcək. O bildirib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək".

Politoloq deyib  ki, öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev bu mövzuya NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdən sonra keçirilən mətbuat konfransında bu şəkildə münasibət bildirib: "Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır".

Beləliklə, Qərbi Zəngəzurda maneəsiz keçid mümkün olmayacaq. Ancaq bu narahatlıq üçün əsas olmamalıdır. Ermənistan Qərbi Zəngəzurda bizə maneəsiz keçid yaratmayacaqsa, biz də Laçında ermənilərin maneəsiz keçidinin qarşısını almalı, sərhədi mütləq şəkildə nəzarətə götürməliyik. Kreml İrəvanla eyni mövqedən çıxış edərək, "Ermənistanın Qərbi Zəngəzurdan keçəcək nəqliyyat vasitələrinə nəzarət etmək hüququ var" prinsipini dəstəkləyib. Bu sərhəddə yoxlama deməkdir. Zəngəzur dəhlizində yoxlama bizə əsas verir ki, eyni yoxlamanı bizə də Ermənistanla sərhədin Laçın hissəsisində həyata keçirək".

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə deyib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələnin Bakıdan və ya Soçidən səsləndirilməsi bir ayrı, Brüsseldən - birləşmiş Avropanın və NATO alyansının siyasi mərkəzindən səsləndirilməsi isə tamam ayrı effekt verir, fərqli təəssürat yaradır: "Bu baxımdan Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının birmənalı və konkret mövqeyini ortaya qoyması olduqca təqdirəlayiqdir. Prezident haqlı olaraq vurğuladı ki, Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır və Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir".

Partiya sədri hesab edir ki, Ermənistan bunu etməyə borcludur və məhkumdur: "Çünki 10 noyabr və 11 yanvar bəyanatlarını imzalayan Ermənistan bununla bağlı üzərinə konkret öhdəliklər götürüb. Ermənistan bundan boyun qaçıra bilməz. Bu ölkənin sürüşkən mövqeli baş naziri Nikol Paşinyanın isə guya, 10 noyabr bəyanatında "dəhliz" sözünün yer almaması ilə bağlı söylədikləri isə söz oyunu və spekulyasiyadan başqa bir şey deyil. İmzaladığı öhdəliyin məsuliyyətini dərk etməyən Ermənistan liderinin sözlərin formal tərəfini qabartması sadəcə və sadəcə öz ölkəsinin ictimaiyyətini, daxili auditoriyanı aldatmaq cəhdidir. İlham Əliyev isə bu gün Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı məlum şərti irəli sürməklə Paşinyanın bu oyunlarının da qarşısını aldı. İndi düşmən ölkənin bu şərti düzgün dəyərləndirməkdən və qəbul etməkdən başqa bir yolu yoxdur.   İlham Əliyev istər Paşinyanın, istərsə də bütün ermənilərin anlaya biləcəyi tərzdə, çox sadə dildə izah etdi ki, bu gün Azərbaycan Laçın dəhlizindən sərbəst və təhlükəsiz istifadə etməyiniz üçün tam normal şərait yaradıb və Laçın dəhlizində heç bir post yoxdur. Deməli, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Məsələ bu qədər aydın və sadədir. Amma həm də prinsipial məsələdir. Əgər Ermənistan Azərbaycanın Zəngəzur dəhlizindən eyni şərtlərlə istifadə etmək haqqını tanımasa və karqolara, insanlara nəzarət etmək istəsə, o zaman Azərbaycan da Laçın dəhlizində gömrük postu açmaq imkanından yararlanacaq".

MHP sədri hesab edir ki, burada Ermənistanın yalnız iki seçimi var: ya Azərbaycanın şərtləri əsasında Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir, yadaki Laçın dəhlizindən istifadə etmək imkanını itirməsi ilə barışmalıdır: "İlham Əliyevin də qeyd etdiyi kimi biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır. Azərbaycanın dövlət başçısının Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı bu cür prinsipial mövqe sərgiləməsi proseslərin sonrakı gedişində əlimizi daha da gücləndirəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31