3+3=5 yoxsa, 3+2=6?- ƏKBƏR QOŞALI YAZIR
12 Dekabr 2021 16:24 SiyasətBugünlərdə Moskvada Güney Qafqazda "sülhün və sabitliyin təmin edilməsi" məsələlərinə həsr olunmuş "3+3" formatlı işbirliyi platformasının ilk iclası keçirildi.
"3+3" formatının təşəbbüskarı Azərbaycanımızın və qardaş Türkiyəmizin dövlət başçılarıdır. Təşəbbüs, eyni zamanda, Rusiya Federasiyasının Prezidentinin də böyük dəstəyi ilə qarşılanıb; eləcə də, rəsmi Tehran "3+3" formatını açıq şəkildə dəstəkləyib.
Yerdə qalan dövlətlərsə Ermənistan və Gürcüstandır. Ermənistan uğursuz və məğlub dövlət (üstəlik, böyük qonşunun forpostu) olduğu üçün hətta istəsə belə bu formata qarşı çıxacaq halda deyil. Ayrıca, 30 il boyunca böyuk iddialar altında əzilmiş Ermənistan iqtisadiyyatı artıq kiçik öhdəlikləri belə yerinə yetirəcək gücdə deyil. Əslində, hal-hazırda "3+3"-ə ən çox ehtiyacı olan ölkə Ermənistandır.
Gürcüstanın da bu platformaya çox ehtiyacı var; lakin BMT-nin tanıdığı ərazilərinin iki parçası Rusiya tərəfindən ilhaq edildiyi üçün Gürcüstan Rusiya ilə bir masaya gəlmir. Bəlkə, Gürcüstan-Rusiya münasibətsizlikləri də məhz bu platforma cərçivəsində masaya yatırıla yaxud müəyyən tərəqqi vəd edə bilərdi - bu, qonşularımızın öz işidir, əlbəttə. Əlbəttə, biz bölgəmizdə barış, işbirliyi, anlaşma mühitinin yaradılmasında maraqlıyıq.
Gəlin "3+3" formatında yer alan dövlətlərlə bizim münasibətlərimizə nəzər salaq:
-Türkiyə qardaşımız, strateji müttəfiqimizdir. Azərbaycan-Türkiyə münasibətləri bütun qonşular, dostlar üçün arzulanan bir modeldir;
-İran bizim soydaşlarımızın öz dədə-baba torpaqlarında yaşadığı ölkədir. İranın 44 günlük Vətən Müharibəsindəki, müharibəsonrasındakı tutumu bizi qane etməsə də, Aşqabatda iki ölkə başçısının görüşündən sonra sular durulmaq üzrədir. Beləki
İqtisadi Əməkdaşlıq Təşkilatının 28 noyabrda qardaş Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Zirvə toplantısı çərçivəsində
İlham Əliyev və Seyid İbrahim Rəisi arasında görüş baş tutub.
İran Prezidenti son zamanlar nazirlər və nazir müavinləri səviyyəsində rəsmi Bakı ilə rəsmi Tehran rasında "çox yaxşı təmasların olduğu"nu vurğulayıb;
- Gürcüstanla Azərbaycan çox az movzu istisna olmaqla anlaşma içində olan qonşulardır. Azərbaycanın Gürcüstanın çətin vaxtlarında bu ölkənin iqtisadiyyatının dirçəlməsindəki müstəsna rolunu unutmaq gürcü qonşularımızın qədirbilməzliyi olardı.
Gürcüstan tranzit ölkə imkanlarını xeyli dərəcədə itirmək üzrə olsa da, Azərbaycanın, Türkiyənin yatırımlarını, dəstəklərini itirməməlidir.
Gürcüstanda da soydaşlarımız öz dədə-baba torpaqlarında yaşayır.
Ermənistanla münasibətləri zəminində (və bəhanəsində), bizim ərazilərin 30 il Ermənistanın işğalı altında olduğunu rəsmi olaraq deməkdən çəkinən Gürcüstanın, Rusiyanın ilhaq etdiyi Osetiya, Abxaziya bölgələrini bizim bugün də Gürcüstan ərazisi kimi tanıdığımızı dəyərləndirməsi yaraşıqlı olardı.
Bu yerdə, Gürcüstanın, Cavaxetiya bölgəsində naşükür ermənilərin "İkinci Qarabağ" yaratmamasına da özən göstərməsi, Axıska türklərinin öz doğma torpaqlarına qayıtmasını sürətləndirməsi gərəkdir.
Biz Gürcüstanın 44 günlük müharibənin gedişində Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına yol vermədiyini də unutmamışıq və bir daha təşəkkür edirik;
-Rusiya ilə Azərbaycanın münasibətlərində hər hansı qənaətbəxş olmayan məsələ varsa, bunun səbəbkarı biz deyilik.
Rusiya Ermənistanın strateji müttəfiqidir, aralarında bir çox anlaşmalar var və Rusiya Ermənistanla Azərbaycan arasındakı hər hansı vasitəçilik missiyası üstlənərkən məsuliyyətini unutmamalıdır. Ermənistanla Rusiya həmhüdud ölkələr deyil. Ümumən "3+3"-də ancaq
Azərbaycan platformanın bütün ölkələri ilə (quru ərazilər boyunca) həmhüduddur.
Ermənistan və Rusiya kimi Gürcüstanla İran da bir-biri ilə həmhüdud deyil. Rusiya İranla Xəzər, Turkiyə ilə Qara Dəniz hövzəsində su qonşusu olsa da, quru qonşusu deyillər. Məhz bu gerçəkliklər də Azərbaycanın bölgə məsələlərinin çözümündəki rolunu, önəmini önplana çıxarır;
-Ermənistana gəldikdə... 103 il oncə bizim tarixi torpaqlarımızda qurulmuş uğursuz dövlətin başbilənləri anlamalıdır ki, Azərbaycanla (eləcə də Türkiyə ilə) anlaşmadan onlara rifah yoxdur.
Müdrik atasözu ilə desək, "Yaxın qonşu, uzaq qohumdan yaxşıdır". Bolgənin bütün üzüntülərini, sorunlarını məhz öz səylərimizlə çözməliyik. ATƏT-in Minsk qrupu örnəyi (daha doğrusu, örnəksizliyi) də göstərdi ki, bölgəyə aidiyyəti olmayan ölkələrin (Fransanın, ABŞ-ın...) siyasi gündəliyi ilə irəli getmək mümkünsüzdür.
"3+3" formatlı platforma Ermənistanın Türkiyə ilə "problemləri"nin çözümü üçün də təsirli vasitəyə çevrilə bilər.
Sonda onu da vurğulayaq ki, bəzi ekspertlər "3+3" platformasını gözdən salmaqçün bir sıra açıqlamalarda bulunur. Məsələn,
Rusiya, Türkiyə və İranın Suriya ilə bağlı məsələləri çözməyə çalışdığı "Astana formatı" ilə paralellər aparılır. Bizcə, bu müqayisə yanlışdır və Güney Qafqaz gerçəkliklərini dərk etməkdən xeyli uzaqdır. Yaxın Şərqdə, Suriyada baş verənlərlə Ermənistanla Azərbaycan arasında baş verənlər, ümumən "3+3"-dəki ölkələr arasındakı məsələlər paralellər aparmaqçün dərin uyğunluq təşkil etmir.
Əksinə, qonsuların işbirliyinin Benilüks və Skandinaviya ölkələri örnəkləri "3+3"-ə daha uyğundur. - Bu ölkələr bölgə platformaları çərçivəsində uğurlu işbirliyi içindədir.
Hazırda Güney Qafqaz (necə deyərlər) defraqmentasiya olunmuş məkandır - iqtisadi, nəqliyyat və logistika əlaqələri cırtdan Ermənistanın böyük iddiaları üzündən sıradan çıxarılıb. Sonucda, bölgə inteqrasiya olunmuş vahid kimi beynəlxalq ticarət və nəqliyyat kommunikasiyaları şəbəkəsindən "qıraqda qalıb". 44 günlük müharibədə Azərbaycanın tarixi Zəfərindən sonra bölgə yeni imkanlara qovuşub.
"Zəngəzur dəhlizi"nin yaradılması, habelə respublikamızın ərazisindən keçəcək "Quzey-Güney" layihəsinin gerçəkləşdirilməsi Güney Qafqaz bölgəsinin qlobal nəqliyyat və logistika sahəsində mövqelərinin möhkəmlənməsinə xidmət edəcək; sonucda istirakçı ölkələrə qazanc(lar) gətirəcək.
Diqqət edək:
Türkiyə, İran və Rusiyanın əhali sayı, birlikdə, 300 milyon nəfərdən çoxdur. Bu, Güney Qafqaz ölkələri üçün böyük satış bazarı imkanı deməkdir. "3+3" formatı bu ölkələrlə ticarət əlaqələrinin möhkəmlənməsinə fövqəladə töhfələr bəxş edəcək.
"3+3" platformasının məqsədi Güney Qafqazı ziddiyyətlər bölgəsindən ticari-iqtisadi işbirliyi məkanına, Avrasiyada nəqliyyat mərkəzinə çevirməkdir. Bu, həmçinin bölgəmizə "əvəzçıxma" və yeni savaşlara qarşı müəyyən immunitet verəcək.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA OLSUN!
Əkbər QOŞALI