Adil Əliyev: “ABŞ kəşfiyyatı Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasını Qarabağ münaqişəsində Azərbaycanın zəiflədilməsinə hazırlıq kimi qiymətləndirirdi”

Böyük qazax yazıçısı Oljas Süleymanovun müdrik sözləri var. O deyir ki, "çox zaman müstəqillik mövcud problemləri həll etmir, əksinə yeni problemlər gətirir". 
Təəssüf ki, bu sözlərin doğru olduğunu müstəqilliyimizin ilk ilində gördük. Amma qüdrətli, müdrik liderlər bu ssenarini dəyişib onu ölkənin rifahı və inkişafına xidmət istiqamətinə yönəldə bilərlər. Müstəqilliyimizin ilk illərində Azərbaycanın rəhbərliyində belə lider olmadı. Nəticədə torpaqlarımızn işğalı, siyasi xaos və hərc-mərclik, iqtisadi tənəzzül, xarici siyasətdəki ciddi problemlər ölkəni uçuruma sürükləyirdi. Amma Azərbaycan ziyanın yarısından qayıtmağı bacardı. 
1993-cü ildə xalqın təkidli tələbi və o zamankı ölkə rəhbəliyinin xahişi ilə Ulu öndər, Ümummilli lider mərhum Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. "Müstəqillik yolu qədər çətin yol yoxdur" deyən Heydər Əliyev bütün çətinliklərə sinə gərərək qayıdışı ilə müstəqilliyin problemlər gətirdiyi deyil, yeni imkanlar və inkişaf gətirdiyi Azərbaycan dövlətini qurdu. Heydər Əliyevin Azərbaycan üçün nəinki mümkün olan, hətta qeyri-mümkün hesab olunanları etdiyi dünya liderləri və beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur.
Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyevin dəfnində iştirak etmək üçün Azərbaycana gələrkən belə bir ifadə işlətdi: "Heydər Əliyev Azərbaycan xalqı üçün mümkünsüz işlər görmüşdür. Onu heç vaxt unutmaq olmaz. Qoy, azərbaycanlılar məndən inciməsinlər, Heydər Əliyev Azərbaycan çərçıvəsinə sığan siyasətçi deyildi. O, ümumbəşəri bir siyasətçi idi".   
Heydər Əliyev siyasətinin mahiyyəti Azərbaycan hüdudlarını aşırdı, o, dünyada mövcud olan beynəlxalq ziddiyyətlərin Azərbaycan üçün problem mənbəyinə çevrilməsinin qarşısını alaraq, əksinə məharətlə həmin ziddiyyətləri milli maraqlarımız naminə istifadə etdi. Buna ən bariz misal Bakı-Tbilisi-Ceyhan layihəsi və Əsrin müqaviləsi kimi transmilli və trans-regional layihələrin həyata keçirilməsidir.  Həmin fəaliyyətin bəhrələri 2020-ci il Zəfərimizin təməlində dayanır.
Ulu öndər hələ 1969-cu ildə Azərbaycanda hakimiyyətə  gəlməsindən sonra korrupsiya və rüşvətxorluqla amansız mübarizəsinə görə 1970-ci illərdə dünyanın xüsusən də qərb mətbuatının diqqət mərkəzinə çevrilmişdi. 1980-ci illərdə  Böyük Britaniyanın məşhur Tayms (Times) nəşri Heydər Əliyevi yüksək bacarıq və keyfiyyətlərinə görə "SSRİ-nin parlayan ulduzu" adlandıraraq onu Sovet İttifaqının növbəti rəhbəri olmağa əsas namizəd kimi qiymətləndirirdi. Amma Qorbaçov 1985-ci ildə hakimiyyət başına keçdikdən sonra nəinki Heydər Əliyevin nəhəng potensialından ölkənin maraqları naminə istifadə etmədi, hətta onun, ümumiyyətlə SSRİ rəhbərliyindən kənarlaşdırılmasına və faktiki olaraq ev dustaqlığı şəraitində qalmasına nail odu. 
Heydər Əliyevə qarşı repressiyalar onun ailəsindən də yan keçmədi. Oğlu İlham Əliyev məzunu olduğu və mühazirə dediyi Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Heydər Əliyevin oğlu olduğu üçün işdən azad edildi. Təbii ki, bu məsələdə əsas bir səbəb Qorbaçovun Heydər Əliyevə qarşı olan şəxsi həsəd və qısqanclıq hissi və onun kölgəsində qalmaq kompleksi idi. Amma digər, bəlkə də ən əsas səbəb Heydər Əliyevin Moskvada Azərbaycanın arxa-dayağı olaraq xalqın maraqlarını müdafiə etməsi və Azərbaycanda olan nüfuzu idi. 
Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması və Azərbaycandan təcrid edilməsi Azərbaycana qarşı hazırlanan məkrli planların həyata keçirilməsinin tərkib hissəsi, xüsusən də Qarabağ münaqişəsinə hazırlıq kimi dəyərləndirilməlidir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Heydər Əliyevin istefasından bir neçə ay sonra 1988-ci ildə hazırladığı məxfi hesabatı da deyilənləri təsdiq edir. Qeyd edilən hesabatın hazırda üzərindən məxfilik götürülmüş müəyyən hissələrində 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilmiş və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuş Heydər Əliyevin 1987-ci ilin oktyabrında qəfildən təqaüdə göndərildiyi bildirilir və bu qəfil hərəkətin səbəbi Azərbaycanın siyasi nüfuzunun məqsədli şəkildə azaldılması kimi təsvir edilir.
Bundan əlavə, hesabatda  qeyd olunur ki, eyni zamanda  mətbuatda Heydər Əliyevə qarşı böyük qarayaxma kampaniyası aparılırdı. Hesabatda daha bir maraqlı məqam ondan ibarətdir ki, nəinki Heydər Əliyevin, hətta əslən rus olan, Bakıda doğulmuş SSRİ Dövlət Plan komitəsinin sədri vəzifəsini tutan Nikolay Baybakovun 1985-ci ildə vəzifəsindən uzaqlaşdırılması da Azərbaycanın siyasi nüfuzunun azaldılmasına yönəlmiş addım kimi xarakterizə olunur. Hesabat müəllifləri Baybakovu Azərbaycanın "etnik rus olmasına rəğmən, doğma oğlu" adlandırırlar. Eləcə də onun SSRİ Dövlət Plan Komitəsinin sədri olaraq ölkədə resursların bölüşdürülməsində böyük təsirə malik olduğu qeyd edilməklə Baybakovun vəzifəsindən kənarlaşdırılmasında məqsədin Azərbaycana ayrılan iqtisadi resursların azaldılması olduğuna eyham vurulur. Nikolay Baybakovun Heydər Əliyevlə işgüzar və dostluq münasibətlərini və Azərbaycana olan bağlılığını nəzərə aldıqda, məsələnin mahiyyəti daha da aydın olur.
ABŞ kəşfiyyatının sözügedən 1988-ci il hesabatında qeyd olunur ki, Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılması və buna görə də Azərbaycanın mövqelərinin zəifləməsi fonunda ermənilər davamlı olaraq Qorbaçov tərəfindən yüksək siyasi vəzifələrə irəli çəkilir, bununla da azərbaycanlılar Moskvanın Ermənistanın tərəfini tutduğunu başa düşürdülər. Amma təəssüflər olsun ki, Azərbaycanın o zamanki rəhbərləri bunu başa düşsələr də, şəxsi və ya qrup maraqlarını ümummilli maraqlarımızdan üstün tutaraq Heydər Əliyevə qarşı aparılan çirkin kampaniyaya qoşuldular. Bütün bunlara baxmayaraq, Heydər Əliyev yenə xalqını unutmadı və məhz onun şəxsi cəsarəti və uzaqgörənliyi sayəsində 20 yanvar hadisələri barədə həqiqətləri Moskvada ona qarşı olan bütün təhdid və məhdudiyyətlərə baxmayaraq dünyaya car çəkdi.
20 yanvarla bağlı Heydər Əliyevin həmin hərəkəti ona görə xüsusi önəm daşıyır ki, Moskvadakı ermənipərəst qüvvələr dinc nümayişləri islamçı qüvvələrin hərəkatı kimi qələmə verməklə Azərbaycanın milli azadlıq və Qarabağ uğrunda mübarizəsini etibardan salmaq məqsədi güdürdülər. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yuxarıda qeyd olunan hesabatında da oxşar süjet xətti nəzərə çarpır. 
Hesabatda bildirilir ki, Sumqayıt hadisələri zamanı azərbaycanlıların guya İranın o zamankı dini lideri Xomeyninin şəkillərini qaldırdıqları iddia olunur, Azərbaycanı İrana bağlamaq, baş verənləri dini motivli hadisə kimi qələmə vermək cəhdləri edilirdi və bunun da arxasında Azərbaycanı ləkələməklə Ermənistanın maraqlarını təbliğ etmək məqsədi dururdu. Bu faktlar Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, onun Azərbaycan üçün hansı misilsiz tarixi rol oynadığını və Azərbaycanı hansı məkrli qəsd və planlardan qoruduğunu bir daha bəlli edir.  
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Ulu öndərin vəsiyyəti yerinə yetmiş - Şuşa və digər işğal edilmiş torpaqlarımız düşmən tapdağından azad edilmişdir. İndi Heydər Əliyevin ruhu şaddır.
Allah Ulu öndər, Ümummilli lider mərhum Heydər Əliyevə rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31