Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etmək zorundadır
9 Dekabr 2021 11:33 Siyasət
Birləşmiş Millətlər Təşkilatınin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib. Ermənistanın Azərbaycana qarşı "hərbi əsirlərin dərhal qaytarılması" barədə iddiasını isə təmin etməyib. Beynəlxalq Məhkəmə həmçinin erməni tərəfinin "Hərbi qənimətlər Parkının bağlanması" və "Azərbaycanın hərbi cinayətlərinin təhqiq edilməsi" haqqında iddialarını da təmin etməyib. Hakimlər bildiriblər ki, Ermənistan bu məsələlərlə bağlı əsaslandırılmış subutlar təqdim edə bilməyib. Beynəlxalq Məhkəmə Ermənistandan Azərbaycana qarşı millətlərarası nifrətin körüklənməsinin dayandırılmasını tələb edib. İndi qalır, Beynəlxalq Ədalət Məhkəməsinin qərarının Ermənistan tərəfindən icrasını təmin etmək. Bəs, sözügedən məhkəmənin qərarları hansı qaydada həyata keçirilir?
Hüquqşünas Alim Hüseynli bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi-Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olmaqla qərargahı Niderlandın Haaqa şəhərindəki Barış Sarayındadır.1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə təsis edilmiş Məhkəmə, 1946-cı ildə Beynəlxalq Ədliyyə Məhkəməsinin varisi olaraq fəaliyyətə başladı. Beynəlxalq Məhkəmə Sədrininin öhdəliyi, Məhkəməni təşkil edən və tənzimləyən əsas konstitusiya sənədidir. Beynəlxalq Məhkəməni Beynəlxalq Cinayət Məhkəməsi və Belçika Hərbi Cinayət Qanununları ilə qarışdırmaq olmaz. Məhkəmə iki rəsmi dildə ingiliscə və fransızca icra olunur. Məhkəmənin iş prinsipi geniş məhkəmə fəaliyyəti ilə xarakterizə olunur. Onun əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir. Beynəlxalq Məhkəmə tərəfindən qəbul edilən qərarların sayı nisbətən az idi, lakin 1980-ci ildən başlayaraq, xüsusən də inkişaf etməkdə olan ölkələr arasında Məhkəmədən istifadə etmək istəyi açıq şəkildə ortaya çıxdı.
Beynəlxalq Məhkəmə vətəndaşlıqlarından asılı olmayaraq yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslərdən seçilmiş və müstəqil hakimlər kollegiyasını təşkil edən on beş nəfərdən ibarətdir. Beynəlxalq Məhkəmə hakimləri əsasən BMT-yə üzv dövlətlər arasından seçilir, amma yalnız Statusuna üzv olan dövlətlər də Baş Assambleyanın qərarı ilə öz hakimliyə namizədlərini irəli sürə bilərlər. BMT-in Baş Assambleyası və BMT-in Təhlükəsizlik Şurası 15 hakimi ayrı-ayrılıqda müstəqil şəkildə seçir. Hakimliyə nazmizədlər həm Baş Assambleyada, həm də Təhlükəsizlik şurasında birgə topladıqları səs sayına görə hakim seçilirlər. Əgər bir dövlətin bir neçə namizədi çox səs toplayıbsa, onların ən yaşlısı hakim seçilir. Hər bir hakim ayrı-ayrı ölkənin vətəndaşı olmalıdır, yəni bir dövləti eyni vaxtda iki hakim təmsil edə bilməz. Seçim zamanı namizədlərin təkcə göstərilən tələblərə uyğunluğu deyil, həm də onların hansı hüquq sistemini təmsil etməsi də nəzərə alınır. Seçilmiş bu hakimlər öz hüquqlarından 9 il müddətində istifadə edə bilərlər.Yəni hakimlər 9 illiyinə seçilirlər. Hakimlərin 9 illik seçilməyinə baxmayaraq, seçkilər hər üç ildə bir keçirilir və hər seçkidə 5 köhnə hakimi yeniləri əvəz edir.
Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyası
Hüquqşünas bildirib ki, Beynəlxalq Məhkəmənin səlahiyyətləri ancaq dövlətlər arasındakı mübahisələrə aiddir. Məhkəmə adi şəxslərlə dövlət arasındakı və əlbəttə, adi şəxslər arasındakı mübahisələrə baxa bilməz. Və hətta dövlətlər arasındakı mübahisələrə də bütün tərəflərin razılığı ilə baxıla bilər. Beləliklə, məhkəmənin səlahiyyəti dövlət üçün məcburi yox, ancaq fakültətivdir: "Beynəlxalq Məhkəmənin statutunda onun məcburi yurisdiksiyasının tanınması üçün bir neçə variant təsbit edilib. Belə ki, dövlət məcburi yurisdiksiya barədə maddələr olan müvafiq bəyanatla çıxış edə bilər, yaxud ikitərəfli beynəlxalq sazişin iştirakçısı ola bilər. Belə sazişlərə sülhməramlı sazişlər, sülh və əməkdaşlıq haqqında, təbii ehtiyatların müştərək istismarı haqqında, dəniz hövzələrinin bölüşdürülməsi haqqında və digər sazişlər aiddir. Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyası barədə klauzula çoxtərəfli sazişlərin və ən əvvəl universal beynəlxalq sazişlərin çoxsaylı qruplarının da tərkibində vardır. Bir çox dövlətlər bu sazişlərin iştirakçılarıdır. Beləliklə, Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyası saziş layihəsində dövlət tərəfindən ya tamamilə, ya hər hansı bir şərtlə, ya da beynəlxalq mübahisələrin konkret kateqoriyaları üzrə qəbul edilir. Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyasının tanınmasında şərtlərin geniş tətbiq edilməsi onun fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə daraldır.
Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyası dövlətlərin bəyanatları ilə yanaşı, beynəlxalq münasibətlərin bəzi spesifik sahələrini tənzimləyən bir sıra beynəlxalq konvensiyalarda da nəzərdə tutulmuşdur. Bir qayda olaraq, onlarda bu konvensiyaların şərhinə və tətbiqinə aid olan mübahisələrin təhqiqat üçün məhkəməyə verilmə qaydları və şərtləri çox ciddi qeyd olunur. Misal kimi 1961-ci il diplomatik əlaqələr haqqındakı Vyana konvensiyasına mübahisələrin məcburi həlli barədəki fakültətiv protokola müraciət etmək olar. Protokolun I maddəsində deyilir: "Konvensiyanın şərhi və ya tətbiqi üzrə mübahisələr Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyasına aiddir və bu protokolun iştirakçısı olan hər bir dövlətin mübahisəyə aid ərizəsi üzrə müvafiq olaraq bu məhkəməyə təqdim oluna bilərlər". Beləliklə, BMT-nin Beynəlxalq Məhkəməsinin məcburi yurisdiksiyasının tanınmasının aşağı səviyyədə olmasına baxmayaraq bir sıra hallarda ona kifayət qədər geniş səlahiyyətlər verilir ki, bu da məhkəmənin dövlətlərarası mübahisələrin həllində böyük potensial imkanlara malik olduğuna dəlalət edir. Əgər hər hansı bir dövlət heç bir hüquqi əsas olmadan Beynəlxalq Məhkəmənin çıxardığı qərarı yerinə yetirmirsə, bu zaman BMT-in Təhlükəsizlik Şurası adekvat tədbirlər həyata keçirə bilər. Ümumən, qəbul edilmiş bir qaydaya müvafiq olaraq iddiaçı dövlət təqdim olunmuş mübahisənin mahiyyəti üzrə baxılması üçün məhkəmənin səlahiyyətini əsaslandırmalıdır. Bundan əlavə, mübahisənin mövcudluğu faktının və onun hüquqi təbiətinin sübuta yetirilməsi öhdəliyi də elə bu dövlətin üzərinə qoyulur. Bu maddənin pozulması iddianı mənasızlaşdırır və beləliklə də, BMT-nin Beynəlxalq Məhkəməsinin yurisdiksiyasının tətbiqini mümkünsüz edir".
Nurlan