Azərbaycan Soçi görüşündə qarşısına qoyduğu məqsədlərə nail oldu

Status məsələsinə birdəfəlik son qoyuldu

Başa vurmağa az qaldığımız 2021-ci ildə Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi münasibətlər strateji müstəvidə inkişaf edib. İl ərzində iki ölkə arasında ikitərəfli əməkdaşlıq ən yüksək səviyyəyə çatıb. çox fəal dialoq aparılıb.  Belə ki, ikitərəfli formatda bir sıra məsələlər öz həllini olunub. Münasibətlər bütün istiqamətlər üzrə qarşılıqlı maraqlar üzərində inkişaf edib. Xüsusən, iqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Ümumilikdə qarşılıqlı münasibətlər çoxlu sahələri ehtiva edir. Hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır. Azərbaycan-Ermənistan münaqişəsinin ədalətli həlli, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında da Rusiya faktorunun rolu danılmazdır. Belə ki, ötən müddət ərzində münaqişə zonasında yerləşdirilən Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar ciddi hadisələr olmayıb, yalnız sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolu yüksək qiymətləndirilir. Bütün sadalalnanlara baxmayaraq hələ də Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Azərbaycan delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Ermənistan tərəfinə açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun, bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlanılsın. Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəsini zəruri edir.

İki ölkə arasında müharibəyə son qoymuş Üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və bu il bütövlükdə, müsbət səciyyələndirilir. Ermənistandan fərqli olaraq Azərbaycan istər döyüş əməliyyatları dövründə, istərsə  sonra bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib. Azərbaycan həmişə humanizm prinsipinin aliliyini əsas götürüb və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindədir. Azərbaycan Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir.  Bu istək 26 noyabr Soçi Bəyanatında da tam şəkildə əks olunub. Siyasi ekspertlərin qənaətinə görə,  Azərbaycan Soçi görüşündə qarşısına qoyduğu məqsədlərə nail oldu. Belə ki, sözügedən Bəyanatda birmənalı şəkildə Qarabağ ifadəsi yoxdur. Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur, sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilir, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunub, hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapıb,  ölkələr Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq edirlər. Bundan başqa,  Rusiya prezidenti "dəhliz" dedikdə "avtomobil və dəmir yolları" demiş, həmçinin mətbuat konfransında dəfələrlə "dəhliz" ifadəsini işlədib.

Bəyanatda həmçinin Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması şərtlənib. Artıq üçtərəfli görüşün nəticəsi olaraq 2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti davam etdiriləcək. Sənəddə regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin həyata keçirilməsi zəruriliyi qeyd olunur. Nəzərə almaq lazımdır ki, Bəyanatda ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi sülh danışıqların daha çox ikitərəfli formatına yönəldir. 26 noyabrda imzalanmış sənəddə Minsk Qrupuna dair bir dənə də olsun bənd yoxdur. Həmsədr institutu koordinasiyalı şəkildə işləyə bilmir və nəticədə onun fəaliyyəti yalnız formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya daha aktiv və təşəbbüskardır. Bununla da status məsələsi artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarılıb. Bu isə Azərbaycan dövlətinin qətiyyətli mövqeyinin sənəddə əksini tapdığını bir daha təsdiq edir. Heç şübhəsiz ki, Azərbaycan tərəfi 26 noyabr Bəyanatında əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində müvafiq addımlarını atacaq. Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında qurulması istiqamətində lazımi tədbirlər görəcək.  

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31