Təxribat, terror, yoxsa məsuliyyətsizlik?
2 Dekabr 2021 12:10 SiyasətAzərbaycanda, eləcə də dünyada xeyli sayda hərbi və yaxud mülki helikopter qəzaları baş verib. Lakin hərbi təyinatlı helikopterlərin qəzaya uğraması həmişə ən müxtəlif suallar doğurub. Çünki dinc şəraitdə təlim zamanı hava hücumundan müdafiə sistemində baş verən bədbəxt hadisə belə çoxsaylı versiyaların ortaya çıxmasına səbəb olur. Xatırladaq ki, Azərbaycanda azı iki dəfə hərbi helikopterin faciəvi şəkildə qəzaya uğraması hadisəsi baş verib. Belə ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycana məxsus "Mi-8" hərbi helikopteri erməni silahlı quldurları tərəfindən vurulub. Ermənistan silahlı bölmələri tərəfindən helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri vurulub. 2021-ci il noyabrın 30-da da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 yüksək rütbəli hərbçimiz həlak olub, 2 nəfər isə yaralanıb. Məlumata görə, helikopter Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq "Qaraheybət" təlim meydanı istiqamətinə uçuş edib, saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb. Sözügedən hadisələrdə paralellik aparmasaq da fakt ondan ibarətdir ki, hər iki hadisə zamanı ölkənin hərbi, siyasi qaymaqları və ictimai xadimlər bir araya gələrək həyatlarını itiriblər. Hər iki hadisə zamanı helikopterlər üç yüz metr yüksəklikdə uçuş həyata keçiriblər. Hazırda sosial şəbəkələrdə hadisənin baş vermə səbəbləri barədə ən müxtəlif şayiələr yayılmaqdadır. Məsələ orasındadır ki, rəsmi dövlət qurumlarının, daha dəqiq hüquq-mühafizə orqanlarının qəza barədə ictimaiyyətə vaxtında məlumat verməmələri belə şayiələrin meydana gəlməsinə şərait yaradıb. Təsəvvür edin, saat 10.40 radələrində baş verən qəza barədə rəsmi qurumlardan axşam saatlarında xəbər gəlməsi hazırki informasiya tezliyi mühitində hansı nəticələrə səbəb ola bilər. Verilən açıqlamanın da alayarımçıq, xüsusi eyforiyaya köklənmiş olması şübhələri bir az da artırmış oldu. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev helikopterin pilotunun - polkovnik Füzuli Cavadovun ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlardan biri olduğunu deyib. Eyni zamanda, DSX rəisi kənar müdaxilənin istisna olunduğunu bəyan edib. Bildirilib ki, qəzaya uğrayan Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopter təzədir və yeni təmirdən çıxıb. Baş Prokurorun müavini də bildirib ki, helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna edilir. Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş texniki nasazlıq, hava şəraiti, o cümlədən hər hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar istintaq tərəfindən ətraflı yoxlanılır.
![]()
![]()
Göründüyü kimi rəsmi qurumların açıqlamasındakı ilk cümlə ondan ibarətdir ki, helikopter qəzasının baş vermə səbəblərində bütün kənar müdaxilələr versiyası istisna olunur. Ardınca bildirilir ki, hələlik hadisəninn baş vermə səbəbləri barədə dəqiq heç nə demək mümkün deyil, hava şəraiti və ehtiyatsızlıq versiyaları araşdırılır. Maraqlıdır, əgər hələlik heç bir dəqiq məlumat yoxdursa, səslənən versiyaların heç biri araşdırılmayıbsa, "qara quru" barədə hər hansı ekspert rəyi yoxdursa, hansı əsasla kənar müdaxilə versiyası təkzib olunur? Bu zaman bir sıra suallar meydana çıxır ki, onların cavablandırılması elə də asan olmayacaq. Suallardan biri ondan ibarətdir ki, əgər helikopter təzədirsə, yenicə təmirdən qayıdıbsa, necə oldu ki, havaya qalxdıqdan cəmi 20 dəqiqə sonra qəzaya uğradı? Əgər, texniki təhlükəsizlik qaydalarına uyğun olaraq helikopterin təlimdə iştirakına icazə verilibsə, niyə bu qədər tez nasazlıq yaranıb? Yaxud, əlverişsiz hava şəraitində helikopterin təlim uçuşu etməsi hansı zərurətdən yaranıb? Halbuki, qəza zamanı sağ qalan şahidlər bu versiyanı istisna edir, hava şəraitinin normal olduğunu təsdiq edirlər. Yeri gəlmişkən, qəza zamanı sağ qalan şəxslərin ilikin görüntüləri, ciddi xəsarət almamaları, verdikləri ifadələr, qəza anı barədə heç nə xatırlamamalarının özü də şübhələri artırır. Digər bir məqam, helikopterin pilotu polkovnik Füzuli Cavadovun ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlardan biri olduğu halda, nədən heç bir manevr etmək imkanı olmayıb? Ən azından qəza barədə işarə verməyib, hərbçilərin xilas olması üçün mühafizə sistemi işə salınmayıb? Məlumata görə, helikopterdə həmçinin hərbi sursatların da olduğu ehtimal edilir. Belə halda, nədən 14 nəfər yüksək rütbəli zabit hərbi sursat daşıyan helikopterə yerləşdirilib? Düzdür, sadalanan sualları araşdırmaq təbii ki, hüquq mühafizə orqanlarının işidir. Hazırda Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb və istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ancaq, niyə aidiyyati cavabdeh şəxslər bu sualları həll etmədən helikopterin təlimə uçuşuna icazə veriblər? Əgər adi planlı təlimlərdə belə səhvlərə yol verilirsə, gələcəkdə bizi nə gözlədiyini təsəvvür etmək elə də cətin məsələ deyil.
![]()
Alim