Makron və Putin telefon danışığı zamanı ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər

Bu günlərdə Fransanın Yerevandakı səfiri bildirib ki, Fransa və Rusiya prezidentləri telefon danışığı zamanı ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər.

Məsələyə münasibət bildirən politoloq Nurlan Qələndərli "Olaylar"a açıqlamasında deyib ki, 44 günlük müharibənin Azərbaycanın mütləq qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil: "Bu, eyni zamanda, tarixi ədalətin təmin olunmasıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına nail oldu. Azərbaycan məhz öz milli gücü, hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etdiyinə görə ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə artıq heç bir əsas və ehtiyac yoxdur".

Onun sözlərinə görə, indi ictimai rəydə müzakirə predmetinə çevrilən məqamlardan biri ATƏT-in Minsk qrupunun bundan sonra hansı funksiyanı yerinə yetirəcəyi məsələsidir: "Əlbəttə, bundan sonra həmsədrlərin öz fəaliyyətlərini bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, 10 noyabr Bəyanatında nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi, kommunikasiyaların açılması və digər bir sıra istiqamətlərdə qurmaları daha məqsədə müvafiq olar". "Bütövlükdə, keçmiş münaqişənin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində vasitəçilik missiyası iflasa uğrayan ATƏT-in Minsk qrupu postkonflikt dövründə varlığını göstərmək istəyirsə, yeni reallıqları nəzərə almalı, hazırkı gerçəkliklər əsasında perspektivə baxaraq yuxarıda qeyd etdiyimiz məsələlər ətrafında faydalı təklif və təşəbbüslərlə çıxış etməlidir",-deyə Nurlan Qələndərli əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31