Avropa fond indeksləri həftəni əsasən yüksəlişlə başa vurub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropanın aparıcı fond indeksləri cümə günü keçirilən hərracları əsasən artımla tamamlayıb, yalnız Almaniyanın DAX indeksi geriləmə nümayiş etdirib. Regionun ən iri şirkətlərini birləşdirən "Stoxx Europe 600" indeksi 0,02% artaraq 664,14 bəndə çatıb və həftəlik 2,4% yüksəliş qeydə alıb. Böyük Britaniyanın FTSE 100 indeksi 0,36% bahalaşaraq son üç ayın maksimumunu yeniləyib, Fransanın CAC 40 indeksi 0,09%, İtaliyanın FTSE MIB indeksi 0,1%, İspaniyanın IBEX 35 indeksi isə 0,27% artıb. Almaniyanın DAX göstəricisi isə 0,08% dəyər itirib.

Statistik məlumatlara əsasən, oktyabr ayında Fransada illik inflyasiya 3,7% təşkil edib ki, bu da əvvəlki proqnozdan (3,8%) bir qədər aşağı olsa da, 2023-cü ilin dekabrından bəri ən yüksək həddir. İspaniyada inflyasiya gözlənildiyi kimi 5%-dən 4,9%-ə enib. Avropa İttifaqının statistika idarəsi isə üçüncü rübdə avrozona iqtisadiyyatının rüblük 0,4%, illik isə 1,3% artdığını təsdiqləyib.
Günün diqqətçəkən hadisəsi "Nvidia" şirkətinin rəhbəri Censen Xuanın şəxsi həyatı və Çin kəşfiyyatı ilə əlaqəli olduğu ehtimal edilən qadınla münasibətləri ətrafında yaranan qalmaqallar fonunda istefa verməsi xəbəri olub. 1993-cü ildən şirkətə rəhbərlik edən Xuanın gedişi süni intellekt çipləri bazarının gələcəyi ilə bağlı narahatlıq doğurduğundan Avropanın yarımkeçirici istehsalçılarının səhmləri ucuzlaşıb: "Aixtron" 4,7%, "Infineon" 4,3%, "ASM International" 4,1%, ASML 2,8%, "STMicroelectronics" isə 1% dəyər itirib.

Eyni zamanda, zərgərlik seqmentində satışları gözləntiləri doğrultmayan İsveçrənin "Richemont" (-3,8%) şirkətinin ardınca digər lüks mal istehsalçıları - "Kering" (-2,4%), "Hermes" (-0,8%) və LVMH (-0,3%) də ucuzlaşıb. İlin sonunda baş direktorunun vəzifəsini tərk edəcəyini açıqlayan "Hugo Boss"un səhmləri 0,5%, əməliyyat mənfəəti proqnozlardan zəif çıxan İtaliyanın "Assicurazioni Generali" sığorta şirkətinin səhmləri isə 1,1% geriləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31