Ermənistanın keçmiş səfiri İrəvanın enerji və xarici siyasət kursunu tənqid edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Niderland, İndoneziya, Malayziya və Sinqapurdakı keçmiş səfiri, beynəlxalq münasibətlər üzrə ekspert Dzyunik Ağacanyan "Sputnik Ermənistan" radiosunun efirində hazırkı hakimiyyətin xarici siyasət və enerji təhlükəsizliyi kursunu tənqid edib.

Sabiq diplomatın sözlərinə görə, Ermənistan rəhbərliyi xarici tərəfdaşlarla bərabərhüquqlu münasibətlər qurmaq əvəzinə, "bir neçə mərkəzdən asılılıq" siyasətinə üstünlük verir ki, bu da dövlət suverenliyinin itirilməsinə və müstəqil qərarvermə qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Ağacanyan bildirib ki, 2018-ci ildən sonra hakimiyyət ölkəni Qərbin və NATO-nun təsir dairəsinə keçirmək xətti tutub, bu isə iqtisadi və siyasi maraqlara ziddir.

Ekspert qeyd edib ki, Rusiya ilə ikitərəfli münasibətlər və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük sayəsində Ermənistan dünya bazarında ən ucuz qiymətə və yüksək keyfiyyətdə qaz, eləcə də buğda və bitki yağı alır. Onun fikrincə, İrəvanın Rusiya qazından imtina edərək alternativ kimi Azərbaycandan qaz almaq planları iqtisadi baxımdan sərfəli deyil. Ağacanyan iddia edib ki, Bakının təklif edəcəyi yanacaq əslində elə həmin Rusiya qazı olacaq, lakin Ermənistana daha baha başa gələcək və bu addım  Azərbaycanın həm maliyyə, həm də siyasi təzyiq rıçaqlarını artıracaq. (?) Bundan başqa, o, İrəvanın addımlarının Türkiyənin regional tranzit qovşağı kimi mövqeyini gücləndirdiyini və hakimiyyətin bütün bunları xarici siyasi təzyiq altında etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31