Müxalifət lideri Kaxa Kaladzeni Tbilisidəki nəqliyyat xaosunda və korrupsiyada ittiham edib – ÖZƏL
11:08 DünyaOlaylar.az xəbər verir ki, "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri Laşa Parulava "Palitranews" telekanalının efirində Tbilisi meri Kaxa Kaladzenin doqquz illik fəaliyyətini kəskin tənqid edib. Siyasətçi paytaxt meriyasını tərəfdaşlardan alınan bir milyarddan çox kreditin nəqliyyatın inkişafı əvəzinə şəxsi və korrupsiya maraqlarına yönəltməkdə günahlandırıb. Onun sözlərinə görə, illik 105 milyon təşkil edən kredit ödənişləri cərimələr hesabına sadə vətəndaşların üzərinə yüklənir.
Parulava bildirib ki, yanlış planlaşdırma, mütəxəssis olmayan kadrların təyinatı və tenderlərin merə bağlı şirkətlərə verilməsi nəticəsində şəhərdə ciddi nəqliyyat böhranı yaranıb. O, Çavçavadze prospektinin təmir xərclərinin 8,2 milyondan 15 milyona qədər artmasını, "Qotsiridze" və "Varketili" metro stansiyalarının təmirindəki problemləri, eləcə də vəd edilən parkinqlərin və dairəvi yolun tikilməməsini nümunə göstərib.
Müxalifətçi meriyanın avtomobillər üçün tək-cüt nömrə sistemi tətbiq etmək təşəbbüsünü də əsassız adlandırıb və bu layihənin hakim "Gürcü Arzusu" partiyası daxilində belə dəstəklənməyəcəyini vurğulayıb. Parulavanın fikrincə, vəziyyətdən yeganə çıxış yolu başlanılmış 14 nəqliyyat dəhlizi layihəsinin tam şəkildə başa çatdırılmasıdır.