Avropa Parlamentinin siyasi riyakarlığı
Qərb, Avropadakı müəyyən dairələr, xüsusilə də antiAzərbaycan mövqedən çıxış edən qruplar heç bir halda Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi ilə barışmaq istəmir, bu reallığı qəbul etmirlər. Bu azmış kimi hər addımda Azərbaycana qaraya yaxmağa, dövlətimizlə bağlı beynəlxalq aləmdə mənfi rəy ormalaşdırmağa çalışırlar
6 May 2021 10:40 SiyasətQərb, Avropadakı müəyyən dairələr, xüsusilə də antiAzərbaycan mövqedən çıxış edən qruplar heç bir halda Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi ilə barışmaq istəmir, bu reallığı qəbul etmirlər. Bu azmış kimi hər addımda Azərbaycana qaraya yaxmağa, dövlətimizlə bağlı beynəlxalq aləmdə mənfi rəy ormalaşdırmağa çalışırlar. Elə bu günlərdə Avropa Parlamentinin 121 üzvünün Avropa İttifaqının sədrinə və Avropa Komissiyasının sədrinə müraciət edərək Azərbaycandan "erməni əsir"lərin qaytarılmasını tələb etməyə çağırması da bunun əyani sübutudur. Heç şübhəsiz ki, avroparlamentarilərin bu addımı Azərbaycan cəmiyyəti tərəfindən haqlı olaraq etirazla qarşılanıb.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Avropa Parlamentinin 121 üzvünün Aİ sədrinə və Avropa Komissiyasının sədrinə müraciət edərək Azərbaycandan "erməni əsir"lərin qaytarılmasını tələb etməyə çağırması açıq-aşkar siyasi riyakarlıqdır: "Sözün açığı, avroparlamentarilərdən belə bir riyakarlığı, hoqqabazlığı gözləmək olardı. Biz azərbaycanlılar onsuz da Qərbin də, beynəlxalq təşkilatların da, Minsk Qrupunun üç həmsədrinin də bu cür ədalətsiz davranışlarına, "ikili standart"lara əsaslanan taktikalarına çoxdan öyrəncəliyik. 121 avrodeputatın sözügedən müraciəti də elə həmin "ikili standart"ların bariz nümunəsidir. Belə bir ədalətsizliyi başqa cür qiymətləndirmək mümkün deyil. Burda "ikili standart"lar özünü nədə göstərir? Birinci məqam budur ki, avroparlamentarilər hər nə qədər iddia etsələr də belə, burada hərbi əsirlərdən söhbət gedə bilməz. Onların "hərbi əsir" kimi təqdim etdiyi şəxslər birmənalı olaraq terrorçu diversantlardır. Müharibə bitdikdən və 10 noyabr razılaşması imzalandıqdan sonra Azərbaycan ərazisində terrorçuluğa təşəbbüs göstərərkən yaxalanan bir qrup erməni silahlısını 121 deputat hansı kriterlərə əsaslanaraq "hərbi əsir" kimi təqdim edirlər? Avroparlamentarilər özlərimi cahildir, yoxsa bizi cahil sanırlar? Onlar hüquqi nihilizmə rəvac verməklə və yaxud hüquq müstəvisində siyasi quldurluğa imza atmaqla nəyə nail olmaq istəyirlər? Hüququn aliliyi prinsipinin bu sayaq çeynənilməsi, ayaqlar altına atılması yolverilməzdir".
Partiya sədri qeyd edib ki, Avropa Parlamentinin üzvləri siyasi quldurluqla, siyasi terrorla məşğul olmaq əvəzinə, universal Qərb dəyərlərinə sadiqlik nümayiş etdirməliydilər: "Onlar Avropa Komissiyasının sədri və Avropa İttifaqı sədrinə müraciət edərək Azərbaycandan "erməni əsir"lərin qaytarılmasını tələb etməyə çağırış edirdilərsə, o zaman eyni ədalətlilik meyarından çıxış edərək Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və əsir götürülmüş 4 mindən artıq azərbaycanlının taleyi ilə də maraqlanmalıydılar. Avropalıların özlərinin də tez-tez istinad etdikləri ümumbəşəri normalar da bunu tələb edir. Ancaq görünən budur ki, bütün bu normalar, beynəlxalq konvensiyalar Qərb siyasətçiləri, Avropa İttifaqı, Avropa Komissiyası kimi təşkilatlar üçün sadəcə örtükdür, fasaddır. Başqa sözlə desək, Qərbin illərlə təbliğ etdiyi dəyərlər, normalar artıq deklarativ xarakter daşıyır. Qərb siyasətçiləri "ikili standart"ları əsas prinsipə, normaya çevirməklə özləri Qərb dəyərlərini aşınmaya məruz qoyur, gözdən salırlar. Qərb dəyərlərinin aşınması, Qərb siyasi elitasının "erməniləşməsi" isə ilk növbədə Qərbin özü üçün faciədir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli isə deyib ki, Avropa Parlamentinin "Avropa Xalq Partiyası" fraksiyasından olan deputatlarının Avropa Komissiyasının və Avropa Şurasının sədrlərinə ünvanladıqları, Azərbaycana qarşı ən radikal erməni millətçisinin yaza biləcəyi qərəz və böhtandan ibarət olan məktub onu heç təəccübləndirmədi. Ən azı ona görə ki, bu prosesin önündə Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi, AP-də "Avropa Xalq Partiyası" fraksiyasının vitse-prezidenti Andrey Kovaçev dayanır və məktubu imzalayanların 49 nəfəri Fransanı təmsil edir: "Məktubi imzalayanlar arasında ikinci sırada dayananlar isə Yunanıstan və Şimali Kipri təmsil edən parlamentarilərdir. Yəni mənzərə aydındır. Heç bir fundamental əsası olmayan klassik Azərbaycan və Türkiyə düşmənçiliyi absurd iddialardan ibarət olan anti-Azərbaycan məktubunun imzalanmasında da özünü büruzə verib.
Qeyd edim ki, maraq doğuran məqamlardan biri, şansız və şərəfsiz məktubu imzalayanların arasında türk əsilli Bolqarıstan vətəndaşının olmasıdır. Onun da mayası çox güman ki, əvvəldən tərs gəlib və sapı nütfəsi qoyulan gündən özgəyə məxsus olub. İndi keçək mətləbə... Məktub müəllifləri iddia edirlər ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 8-ci bəndinin tələblərinə əməl etməyib və bununla da həm məlum bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin, həm də Cenevrə Konvensiyasının tələblərini pozub".
Elçin Mirzəbəyli xatırladır ki, "Avropa Xalq Partiyası" fraksiyası təmsilçilərinin sözügedən məktubda istinad etdikləri konvensiyanın və elə onların da nümunə gətirdikləri 4-cü maddəsinin 1-ci bəndində kimlərin və hansı dövrdə hərbi əsir hesab edildikləri dəqiqliklə ifadə olunur: "Sitat: "Münaqişə tərəflərindən birinin digər tərəfin hakimiyyəti altına düşən silahlı qüvvələrinin üzvləri, həmçinin bu silahlı qüvvələrin tərkibindəki könüllü dəstələrin təmsiçiləri hərbi əsir sayılırlar".
Göründüyü kimi, Konvensiyada söhbət münaqişə tərəflərindən və münaqişə (müharibə) vəziyyətində əsir düşən şəxslərdən gedir. Məlum olduğu kimi Azərbaycanla Ermənistan arasındakı münaqişəyə (müharibəyə) Avropa parlamentarilərinin də istinad etdiyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla son qoyulub. Ermənistanın təxribatçı-terrorçuları isə müharibə başa çatdıqdan 1 ay sonra, dekabr ayının 11-də, həm də konkret cinayət əməlləri törətdiklərinə görə, antiterror əməliyyatı nəticədə saxlanılıblar. Yəni "Avropa Xalq Partiyası" fraksiyası təmsilçilərinin həvəslə istinad etdikləri Cenevrə konvensiyasının hazırda Azərbaycanda istintaq altında olan terorçulara hər hansı bir aidiyyatı yoxdur".
BAXCP rəsmisi deyir ki, Avropa Parlamentarilərinin məktubunda istinad olunan digər "sənədlər" isə Ermənistan Ombudsmanının və "Human Rayts Votç" təşkilatının ilkin hesabatıdır: "Amma nədənsə Avropalı "humanistlər" Azərbaycan Baş Prokurorluğunun, Ombudsmanının müraciətlərində yer alan faktlar, HRV-nin mülki Azərbaycan əhalisinə qarşı Ermənistanın törətdiyi ağır cinayətlər, həmçinin qadağan olunmuş mərmilərdən istifadə edilməsi haqqında hesabatından söz açmağı "unudurlar". Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olduğu, yaşayış məntəqələrimizin vəhşicəsinə dağıdıldığı, yüzminlərlə azərbaycanlı məcburi köşkün və qaçqının fundamental hüquqlarının pozulduğu, Birinci Qarabağ müharibəsində 4 mindən artıq azərbaycanlının itkin düşdüyü, əsir və giröv götürüldüklərini təsdiqləyən çoxsaylı şahid ifadələrinin olduğu bu şəxslərlə bağlı Azərbaycanın tələblərinə Ermənistanın reaksiya vermədiyi hər zaman olduğu kimi yenə də yada düşmür. Gözləri erməni yalanlarının tüstüsünə kor olan, amma məşhur misalda deyildiyindən fərqli olaraq, erməni diasporunun istisinə qızınan Avropa parlamentariləri utanıb qızarmadan, misilsiz bir həyasızlıqla ölkəmizə böhtan atırlar. Qədim Roma filosofu, natiqi Siseronun təbirincə desək, "yaxşı ki, kağız qızarmır". Yoxsa "Avropa Xalq Partiyası" fraksiyası təmsilçilərinin imzaladıqları məktub qan rəngində olardı. Erməni işğalının və terrorunun qurbanı olan günahsız azərbaycanlıların qanı rəngində. Bu qana isə erməni siyasətçiləri və hərbçilərinin əli, Avropa parlamentarilərinin vicdanı bulaşıb. İkincisi daha ağır cinayətdir. Çünku yeni-yeni faciələr üçün president yaradır".
Məhəmməd
Olaylar.az