"Paşinyan son ümidlərinin də puça çıxdığını görməkdədir” - Bəhruz Quliyev
“Bu gün müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəyliyi altında Qarabağ cəbhəsində əldə etdiyimiz qələbələr bir çox aparıcı ölkələrdə, hərbi-siyasi dairələrdə, sözün əsl mənasında, heyrət doğurmaqdadır. Əbəs deyil ki, hadisələr baş verən andan dünyanın bir sıra nüfuzlu qəzet və televiziyaları, media qurumları dövlət başçımızdan geniş müsahibələr alır, Qarabağ münaqişəsinin təfərrüatlarını ən incə məqamlarına qədər araşdırır, nəticələrə gəlirlər”. Bu fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin İtaliyanın nüfuzlu “La Republica” nəşrinə verdiyi müsahibəsində irəli sürdüyü fikirlərini şərh edərkən deyib.
4 Noyabr 2020 16:16 Siyasət"Bu gün müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi altında Qarabağ cəbhəsində əldə etdiyimiz qələbələr bir çox aparıcı ölkələrdə, hərbi-siyasi dairələrdə, sözün əsl mənasında, heyrət doğurmaqdadır. Əbəs deyil ki, hadisələr baş verən andan dünyanın bir sıra nüfuzlu qəzet və televiziyaları, media qurumları dövlət başçımızdan geniş müsahibələr alır, Qarabağ münaqişəsinin təfərrüatlarını ən incə məqamlarına qədər araşdırır, nəticələrə gəlirlər".
Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin İtaliyanın nüfuzlu "La Republica" nəşrinə verdiyi müsahibəsində irəli sürdüyü fikirlərini şərh edərkən deyib.
Siyasi ekspertə görə, bəzi jurnalistlərin verdikləri suallardan belə görünür ki, ermənistan uzun illər "yenilməz ordu" mifini yarada bilmişdi. Müzəffər Azərbaycan ordusu ilk növbədə işğalçı və terrorçu Ermənistanın uzun illər ərzində mifləşdirdiyi "yenilməz ordu" stereotiplərini qısa müddət ərzində məhv etdi: "Əslində, bu mif çoxdan dağıdılıb. 2016-cı ilin aprelində və sonrakı illərdə, cəbhə xəttində düşmənin təxribatlarına cavab verilərkən işğalçıların hərbi cəhətdən onurğa sütunları sındırılmışdı. Amma onların hərbi-siyasi rəhbərlikləri bu məğlubiyyətlərlə barışa bilmirdilər, ona görə də azğınlaşırdılar, aqressivləşirdilər. Nəticədə isə aqressivləşərək daha çox təxribatlara can atırdılar. Növbəti təxribatlarından sonra isə Azərbaycan Ordusu bu təxribatlara daha sərt cavab verməyə başladı və cənab Ali Baş Komandanımızın da vurğuladığı kimi, budəfəki cavab işğal altında qalan bütün torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi ana qədər verilir və veriləcək".
"Prezident İlham Əliyev italyan nəşrinə verdiyi müsahibəsində işğal faktının növbəti illərə gedib-çıxmayacağını açıq şəkildə bildirib və burada çox həssas bir məqama toxunub", deyən Bəhruz Quliyev qeyd edib ki, məhz dövlətimizin başçısı bütün müsahibələrində, eləcə də "La Republica"ya müsahibəsində Azərbaycan dövlətinin düz 30 il BMT-nin, ATƏT-in, Avropa Şurasının qətnamə və qərarlarına müvafiq olaraq, işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad edilməsi prosesində fəaliyyət göstərdiyini xatırladıb və həmin prosesin daha 30 il uzadılmasının yolverilməz olduğunu vurğulayıb: "Bu baxımdan, ölkə rəhbərimiz bütün dünya birliyinin qarşısında qətiyyət nümayiş etdirməklə bəyan etdi ki, artıq son həddir və işğalçı düşmən əzəli torpaqlarımızdan rədd olub getməlidir. O da əbəs deyil ki, müzəffər Ali Baş Komandanımız Qarabağdakı hərbi əməliyyatları Vətən müharibəsi adlandırıb və bu gün Azərbaycandakı vahidlik, həmrəylik, birlik reallığı cəbhədəki hərbi uğurlarımıza çox mühüm təkanlarını, dəstəyini verməkdədir. Onu da qeyd etməliyəm ki, müzəffər Ali Baş Komandan dünyaya müasir texnologiyalara malik taktik ordu modeli təqdim etdi. Azərbaycan ordusu hərbi əməliyyatlarda yüksək texnologiyaların müsar dünyamızda hərbi sahədə yeniliklərinin nəticələrini də ortaya qoydu. Etiraf etməliyik ki, Ordumuzun texnoloji, taktiki əməliyyatları peşəkar hərbi ekspertlər və inkişaf etmiş dövlətlər tərəfindən təqdir olunmaqdadır.".
Baş redaktor digər bir maraqlı nüansa da toxunub: "Cənab Prezident İlham Əliyev bütün müsahibələrində də qeyd edir ki, bu gün yalnız Azərbaycanın deyil, həm də nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını həyata keçirir və ədaləti bərpa edir. Ona görə də belə məntiqi nəticəyə gələ bilərik ki, öz torpaqlarında mübarizə aparan şanlı Silahlı Qüvvələrimiz mövcud konvensiyaya uyğun şəkildə hərəkət edir və kimsə, heç bir təşkilat, qurum bizim qarşımızı kəsə bilməz. Əbəs deyil ki, bu gün Ermənistanın dalana sıxışıb-qalmış baş naziri Nikol Paşinyan siyasi hakimiyyətini itirmək üzrə olduğunu yaxşı anlayır, dərk edir. Ona görə də, sonuncu saman çöpündən yapışaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan və işğalda qalan Dağlıq Qarabağı dünya dövlətlərinə erməni ərazisi olaraq tanıtmaq istəyir. Amma bu yerdə mən Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı daha bir fikri diqqətinizə çatdırmaq istərdim. O, qeyd edib ki, Azərbaycan dövləti heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bu gün də həmin proses davam edir və artıq bir sıra rayon və şəhərlərimiz düşmən işğalından azad olunub.
Digər tərəfdən, Ermənistanın özü belə, Dağlıq Qarabağı "müstəqil dövlət" qismində tanımağa cürət etmir və edə bilməz. Çünki heç bir özünə hörmət qoyan ölkə beynəlxalq qanunlara, konvensiyalara qarşı bu cür sabotaj xarakterli addımı atmaz. Çünki Azərbaycanın suveren hüquqları və ərazi bütövlüyü BMT və s. təşkilatlar tərəfindən tanınıb. Yeganə özünə hörmət qoymayan ölkə isə məhz Ermənistandır və bənzər iddianı ortaya atmaqla nə isə əldə edə biləcəyini düşünür. Göründüyü kimi, Paşinyan son ümidlərinin də puça çıxdığını görməkdədir".
"Ermənistan özü qəbul olunmuş konvensiyaları pozur və buna sübut kimi işğalçı ölkənin öz ərazisinə Livandan, Liviyadan, Avropa ölkələrindən, habelə Yaxın Şərq ölkələrindəki PKK terror təşkilatlarından muzdluları cəlb etməsidir", deyən siyasi ekspert dövlət başçısının müsahibəsi zamanı bu məsələyə də toxunduğunu xatırladıb və bildirib ki, hələ 1977-ci ildə Cenevrədə qəbul olunmuş konvensiyaya əsasən, bir ölkə vətəndaşının digər xarici ölkədə muzdla döyüşməsi qadağandır və cinayət məsuliyyəti daşıyır: "Hətta nəzərə alarsaq ki, Ermənistana xarici ölkələrin erməni mənşəli vətəndaşları axışırlar, bunun özü də həmin konvensiyaya ziddir. Çünki xarici ölkə erməniləri yaşadıqları dövlətlərin vətəndaşlarıdırlar, Ermənistana, oradan isə Qarabağa gedib döyüşlərə qatılmaları terrorçuluq aktı hesab olunur. Əgər Ermənistanın əməlləri terrorçuluq üzərində qurulubsa və bu ölkəyə terrorçular axın edirlərsə, demək ki, Nikol Paşinyan hökuməti rəsmi terror siyasəti həyata keçirir".
Bəhruz Quliyev sonda Rusiyada fəaliyyət göstərən və ədalətli mövqedən çıxış edən bir sıra politoloqların da fikirlərinə münasibət bildirib: "Baxın, artıq dünya ermənilərin "məzlumkeşlik" ətrafındakı şoularından bezib. Hətta illər boyu hesabına yaşadığı, ayaqda qaldığı Rusiyanın nüfuzlu ictimai-siyasi elitası belə, erməniləri ən sərt şəkildə ittiham edirlər, bir neçə erməni lobbiçilərinin pul-parasından qidalanan saxta ekspertlərindən başqa.
Paşinyanın Rusiyanın prezidenti Vladimir Putinə yalvarışları da onun göstərir ki, bu danılmaz məğlubiyyətdir. Cənab Ali Baş Komandanımız müsahibəsində bu amilə də toxundu və sübut etdi ki, işğalçılar qarşımızda məğlub durumdadırlar. Ona görə də, rusiyalı politoloqlar haqlı şəkildə sual edirlər ki, nəyə görə Rusiya xalqının övladları, Rusiya vətəndaşları və əsgərləri başqasının torpağında, onlara aid olmayan müharibədə iştirak etməli və ermənilərin maraqlarını təmin etməlidirlər? Haqlıdırlar və ona görə də haqlıdılar ki, rusiyalı siyasilər Rusiyada yaşayan, fəaliyyət göstərən erməni lobbisinin varlı şəxslərindən onların nəyə görə Qarabağa döyüşməyə getmədiklərini, övladlarını da göndərmədiklərini soruşurlar. Bax, gerçəklik də buradadır və yalnız bu deyil, digər reallıqları da cənab müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev italyan qəzetinin müxbirinin suallarını cavablandırarkən diqqətə çatdırıb. Düşünürəm ki, artıq bütün dünya həqiqətin yanındadır və Azərbaycanın ədalətli mövqeyinə dəstək göstərməkdə davam edəcək. Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!"
Ay An