Ermənistan humanitar atəşkəs rejimini pozmaqda davam edir
“Ermənistan Respublikası öz təcavüzkar və məkrli siyasətinə uyğun olaraq beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozmaqla qəsdən və məqsədli şəkildə mülki əhalinin qətlə yetirilməsi, yaralanması, mülki obyektlərin dağıdılması ilə nəticələnən sülh və insanlıq əleyhinə yönəlmiş müharibə cinayətləri və terror aktları törətməkdə davam edir”.
21 Oktyabr 2020 11:50 Siyasət"Ermənistan Respublikası öz təcavüzkar və məkrli siyasətinə uyğun olaraq beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozmaqla qəsdən və məqsədli şəkildə mülki əhalinin qətlə yetirilməsi, yaralanması, mülki obyektlərin dağıdılması ilə nəticələnən sülh və insanlıq əleyhinə yönəlmiş müharibə cinayətləri və terror aktları törətməkdə davam edir". Olaylar" xəbər verir ki, bu fikirlər Ombudsmanın Ermənistanın Gəncə təxribatı ilə bağlı hazırladığı yeni hesabatda əksini tapıb. Sənəddə qeyd olunur ki, 2020-ci il oktyabrın 17-də gecə saat 01 radələrində Gəncə şəhərinin mərkəzi hissələrinin Ermənistan ərazisindən yenidən qadağan olunmuş ballistik raketlərdən atəşə tutulması nəticəsində dinc əhali arasında qətlə yetirilənlərin (4-ü kişi, 5-i qadın, 5-i uşaq olmaqla 14 nəfər) və yaralananların (25-i kişi, 23-ü qadın, 9-u uşaq olmaqla 57 nəfər) olması faktı bunu bir daha aydın şəkildə sübut edir. Eyni zamanda raket mərmilərinin partlaması nəticəsində fərdi yaşayış evlərinin və digər mülki obyektlərin dağıntılara məruz qalması mülki əhaliyə külli miqdarda ziyan dəyməsinə səbəb olmuşdur. Belə ki, 20 ev tamamilə dağılmış, ətrafda olan bir çox bina, obyekt, o cümlədən 4 uşaq bağçası-körpələr evi, 1 məktəb və 1 uşaq poliklinikası zərər görmüşdür.
Bununla da Ermənistan Respublikası BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq normaları, xüsusilə də 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının tələblərini, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən Azərbaycanla Ermənistan arasında elan edilmiş humanitar atəşkəs rejimini bir daha kobud şəkildə pozmuşdur. Azərbaycanın dinc əhalisi arasında çoxsaylı tələfat və yaralanma hallarının baş verməsinə, mülki obyektlərin dağıdılmasına səbəb olmaqla onlara külli miqdarda maddi, mənəvi və fiziki ziyan vuran işğalçı Ermənistan Respublikasından sülh və insanlıq əleyhinə yönəlmiş bu cinayətlərə təcili olaraq son qoyması və bu işğalçı dövlətə qarşı beynəlxalq hüquqi məsuliyyət tədbirlərinin tətbiq olunmasının tələb edilməsi üçün Azərbaycan Ombudsmanı tərəfindən beynəlxalq təşkilatlara, dünya dövlətlərinə, milli insan hüquqları təsisatlarına çağırış olaraq növbəti etiraz bəyanatı ünvanlanmışdır.