Deputat: “20 ildir, Boloniya eşidirik, amma hələ də bilinmir ki, bu sistemə keçdik ya yox”
20 Oktyabr 2020 14:37 Siyasət"Bizim qanunvericiliyə baxsaq, görərik ki, bir az sovet hökumətindən, bir az Rusiyadan, bir az ABŞ-dan, bir az Türkiyədən götürülmüş sistem var". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib. Deputat bildirib ki, ərazi bütövlüyümüz təmin olunandan sonra "Təhsil haqqında" qanun yenidən müzakirəyə çıxarılmalıdır: "20 ildir, Boloniya eşidirik. Amma hələ də bilinmir ki, bu sistemə keçdik ya yox. Təbii ki, təhsil sahəsində xeyli islahat həyata keçirilib. Bir çox neqativ hal təhsil sistemindən çıxarılıb. İndi artıq qanunvericilik və təşkilati məsələlərdə islahatlar həyata keçirilməlidir. Təhsil millətin gələcəyidir. Burada elə islahatlar aparmalıyıq ki, gələcək nəsil düzgün istiqamətdə yönəlsin. Bakalavrdan sonra magistratura, aspirantura, sonra nə gəlir, bilinmir. Bu, nə qədər davam edəcək?! Bu gün universitetdə dərs deyənə Ali Attestasiya Komissiyası qiymət verir. Belə müəllimlərin çoxunu heç tələbələr dərsə buraxmır. Biz ciddi şəkildə "Təhsil haqqında" qanuna yenidən baxmalıyıq".