Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verəcək

Təcavüzkar dövlət olan Ermənistan ölkəmizə qarşı terror aktını davam etdirməkdədir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan Dağlıq Qarabağa heç bir aidiyyati olmayan şəhər və rayonların raket atəşinə məruz qoyulması bu ölkənin dövlət səviyyəsində terror aktını həyata keçirməsini təsdiq edir.

Təcavüzkar dövlət olan Ermənistan ölkəmizə qarşı terror aktını davam etdirməkdədir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan Dağlıq Qarabağa heç bir aidiyyati olmayan şəhər və rayonların raket atəşinə məruz qoyulması bu ölkənin dövlət səviyyəsində terror aktını həyata keçirməsini təsdiq edir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirir, beynəlxlq qanunvericiliyi, Cenevrə konvensyalarının tələblərini kobud şəkildə pozmaqda davam edir. Artıq ikinci dəfədir ki, erməni terroristləri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin raket atəşinə tutulması məqsədli şəkildə həyata keçirilir. Beynəlxalq humanitar qanunları, müharibə qanunlarını ayaq altına atan Ermənistan yatmış dinc sakinləri ölümə məruz qoymaqdan belə çəkinmir. Əslində Ermənistan münaqişə zonasından 60-80 kilometr uzaqda olan şəhər sakinlərini, daha doğrusu uşaq, qoca və qadınları məqsədli şəkildə atəşə məruz qoyur. Məqsəd Azərbaycan xalqını təşviş içərisində saxlamaq, bundan istifadə edərək işğaldan azad edilmiş əraziləri geri qaytarmaqdır. Lakin birmənalı şəkildə qəbul edilməlidir ki,  Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtması qeyri-mümkündür. Çünki, rəşadətli Azərbaycan Ordusu hələ Apel döyüşlərində ermənilərin əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdləri tam iflasa uğratdı. Məhz bunun nəticəsidir ki, bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanın ikinci böyük şəhəri və yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin yenidən raket atəşinə tutulması vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi.

Ümumilikdə qeyd etmək lazımdır ki, sentyabrın 27-dən başlayaraq erməni silahlı birləşmələrinin təxribat əməllərinə tutarlı cavab verən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yağı tapdağı altında qalan torpaqlarımızın işğaldan azad olunması xalqımızda sözün həqiqi mənasında ruh yüksəkliyi yaradıb. Artıq 20 gündür ki, güclü Azərbaycan Ordusunun, rəşadətli əsgərlərimizin şücarəti nəticəsində hər gün cəbhədən sevindirici xəbərlər alırıq. Ölkə Prezidentinin hər zaman vurğuladığı kimi, "Bizim işimiz haqq işidir. Azərbaycan Ordusu hazırda öz torpaqları uğrunda döyüşür". Ermənistanın təbliğat maşını nə qədər yalan informasiyalar yaysa da, cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu düşməni darmadağın edərək irəliləyir. Böyük Vətən Müharibəsi şanlı Azərbaycan Ordusunun uğurları ilə davam edir. Hər gün cəbhədən  aldığımız sevindirici xəbərlərlə yanaşı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi-diplomatik sferada da məğlubiyyətə uğradır. Odur ki, hazırda  Ermənistan tərəfindən hərbi cinayətə və dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə məruz qalmış Gəncə əhalisi, ümumilikdə bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini istəyir və tələb edir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev xalqa müraciətində qeyd edib ki, günahsız insanların, şəhidlərin qisasını döyüş meydanında alacağıq: "Düşmən növbəti dəfə Gəncəni raket atəşinə tutub. Bu da ermənilərin faşist mövqeyini bir daha göstərir". Prezident bildirib ki, düşmən atəşləri nəticəsində dinc əhali arasında ölən və yaralananlar var: "Bu hücumlar nəticəsində iki minə yaxın ev dağıdılıb və ya ciddi ziyan dəyib. Bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz. Ermənistan rəhbərliyi cinayət törədir. Dinc əhaliyə əməliyyat raket kompleksləri ilə atəş açmaq ciddi cinayətdir və onlar buna görə məsuliyyət daşıyacaqlar. Biz günahsız insanların, şəhidlərin qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt dinc əhaliyə atəş açmayacağıq. Bizim öz amalımız var. Biz erməni deyilik".

Yeri gəlmişkən qeyd edək ki, ölkə vətəndaşları birmənalı olaraq yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə  nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər. Vətəndaşlarımız Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, ona dərin etimad göstərir, arxasında durduqlarını bəyan edirlər. 30 ildir yağı tapdağında qalan torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxmış xalqımız bu haqq savaşında öz Prezidentinə inanır, arxalanır, ondan güc alır. Qarabağ uğrunda savaş bizim Vətən savaşımızdır. Məhz bu ruh yüksəkliyinin nəticəsidir ki, Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistan döyüş meydanında böyük itkilərə məruz qalır, mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən alınır. Nəhayət beynəlxalq ictimaiyyət dərk etməlidir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və heç şübhəsiz də verəcək.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31