MVP sədri Yunus Oğuz beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16 Oktyabr 2020 12:05 SiyasətMilli Vəhdət Partiyasının (MVP) sədri Yunus Oğuz Ermənistanın Azərbaycan ərazilərinə və mülki əhaliyə qarşı hərbi təcavüzü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. MVP-dən "Olaylar"a bildirilib ki, Beynəlxalq Əlillər (Handicap International),Beynəlxalq Həyəcan (International Alert),Beynəlxalq Ədalət Körpüsü (International Bridges to Justice),Beynəlxalq Hüquqşünaslar Komissiyası (International Commission of Jurists),Beynəlxalq Böhran Qrupu International Crisis Group), Beynəlxalq Tərəfdaş (Counterpart International),Beynəlxalq Tibb Korpusu (International Medical Corps) Beynəlxalq Xilasetmə komitəsi (International Rescue Committee),Sərhədsiz Həkimlər (Doctors without Borders),Sərhədsiz Vasitəçilər (Mediators Beyond Borders),Uşaq haqlarının Qorunması üzrə Beynəlxalq Təşkilat (Save the Children International),Transparency International,BMT-nin İnkişaf Proqramı (UNDP),Dünyaya baxış (World Vision), ABŞ-ın Beynəlxalq inkişaf proqramı (USAİD). kimi təşkilatlara göndərilmiş müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Azərbaycan Respublikasının mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin, təhsil, sosial, mədəni və strateji əhəmiyyətli obyektlərin ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulmaqda davam etdiyi əksini tapıb. Bildirilib ki, Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində mülki əhali, o cümlədən, uşaqlar arasında çoxsaylı ölüm və yaralanma halları baş verib, yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə, inzibati binalara, ictimai və digər sosial obyektlərə ciddi ziyan dəyib. Təəssüf hissi ilə bildirilib ki, beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması nəticəsində cəbhə bölgəsindən kənarda yerləşən və mülki əhalinin sıx yaşadığı Naftalan, Tərtər və Gəncə, Beyləqan, Xızı şəhərləri və Abşeron rayonuna atılan mərmilər nəticəsində 3 uşaq həlak olub, 23 uşaq yaralanıb, 3 uşaq isə hər iki valideynini itirib.
Müraciətdə həmçinin göstərilib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Ermənistan Silahlı Qüvvələrinin qeyd-şərtsiz olaraq işğal olunmuş Azərbaycan ərazilərinndən çıxması tələb olunmasına baxmayaraq bu ölkə hələ də işğalçılıq siyasətini davam etdirir. Üstəlik beynəlxalq humanitar qanunları pozaraq Azərbaycanın mülki əhalisini fundamental yaşamaq hüququndan məhrum etməyə cəhd edir. Müraciətdə Ermənistanın törətdiyi bu müharibə cinayətlərinə, vandallıq aktlarına və işğalçılıq siyasətinə, xüsusən Azərbaycanın haqq işinə adekvat münasibətin bildirilməsinə çağırış olunub.