Ermənilər Lavrovun təklifinə nicat yolu kimi baxırlar

Mayis Səfərli: "Azərbaycan xalqı heç vaxt  rus hərbçilərinin hər hansı ad altında Qarabağa gəlməsini qəbul etməz"

"Rusiyya Xarici işlər naziri S.Lavrovun  "rus hərbi müşahidəçilərinin Dağlıq Qarabağa göndərilməsi doğru qərar ola bilər" bəyanatı ölkəmizdə ciddi etirazlarla qarşılanır. Bu da təbiidir. Şimal qonşumuzun Qafqazdakı "sülh missiyasını" heç kim unutmayıb. Bu "xidmətin" nəticəsi olaraq, 2008-ci ildə Gürcüstanın ərazi bütövlüyü pozuldu, Abxaziya, Cənubi Asetiya birtərəfli qaydada özlərinin müstəqilliyini elan etdilər və Moskva onların bu addımını tanıdı". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, Azərbaycan Ordusunun işğalçı Ermənistanın silahlı qüvvələrinə Qarabağda sarsıdıcı zərbə vurduğu, hərbi üstünlüyü ələ aldığı, 30 ildir düşmən tapdağında inləyən torpaqlarımızı bir-birinin ardınca azad etdiyi bir dönəmdə Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın bu təklifi nəyinki yersizdir, ümümiyyətlə, qəbul edilən deyil:"Əslində, bununla erməni işğalçılarını ölümdən xilas etmək, münaqişənin həllinin yenidən qeyri-müəyyən vaxta qədər uzadılmasını istəyirlər. Əgər Moskvanın bu hiyləgər təklifi qəbul edilərsə,(bunu yalnız fərz etmək olar)nə baş verər? Cavab çox sadədir. Ermənistan yaralarını sağaldacaq, özünü toparlayacaq, himayədarları tərəfindən pulsuz olaraq, daha müasir, dağıdıcı, kütləvi qırğın silahları ilə təchiz ediləcək. Sonra Yerevan  hərbi əməliyyatlarda itirdiyi mövqeləri qaytarmaq yenidən silaha əl atacaq. Elə bir neçə gün bundan əvvəl Moskvada humanitar atəşkəsin əldə edilməsindən sonra Ermənistan ümid edirdi ki, Azərbaycan silahı yerə qoyacaq və razılaşmaya əməl edəcək. Bundan sui-istifadə edən ermənilər daha da azğınlaşdılar. Ballistik raketlərlə Ermənistan ərazisindən şəhərlərimizi, dinc sakinlərimizi vurmağa başladılar".

Onun sözlərinə görə, Azərbaycan xalqı heç vaxt  rus hərbçilərinin hər hansı ad altında Qarabağa gəlməsini qəbul etməz: "Dövlətimizin, Prezidentimizin mövqeyi də qətidir. Ali Baş Komandanımız axırıncı düşmən əsgərinin torpaqlarımızdan qovulmasında, ölkəmizin ərazi bütövlüyünün bərpasında qərarlıdır. Heç kim, heç nə mövqeyimizi dəyişə bilməz! Qərarın arxasında xalq dayanır, Milli Birlik dayanır! S. Lavrovun bəyanatı Ermənistanda sevinclə qarşılanıb. Onlar bu təklifə nicat yolu kimi baxırlar. Dünya erməniləri, erməni diasporu və lobbisi də Dağlıq Qarabağa rus əsgəri müşahidəçilərinin gətirilməsini alqışlayır və onun qəbul edilməsi üçün genişmiqyaslı iş aparırlar. Lakin bu əbəsdir. Azərbaycanın razılığı olmasa, heç bir ölkənin Qarabağa müşahidəçi göndərmək ixtiyarı yoxdur.

Lavrovun Ermənilərin dəyirmanına su tökən bu təklif, Rusiya ictimaiyyətində də süngü ilə qarşılanmışdır. İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə insanlar Rusiyanın xarici ölkələrə əsgər göndərməsini birmənalı pisləyirlər. "Bizim uşaqlarımızı heç bir ölkəyə göndərməyin!" -deyə analar fəryad edirlər. Nə qədər çalışsam da, son 20 ildə Rusiyanın xarici ölkələrdə-Qafqazda, Suriyada, Liviyada, Afrikada və s. nə qədər hərbçi itirməsi ilə bağlı bir statiskaya rast gəlmədim. Amma itkilərinin sayının minlərlə ölçüldüyünə heç şübhəm yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31