“4 oktyabr 2020-ci il tarixi həyatımın ən unudulmaz və fəxarətli günüdür”- MÜNASİBƏT-ÖZƏL

Şəhrizad Süleyman: “Ali Baş Komandan İlham Əliyev cənabları illərdir həsrəti ilə yaşadığım Cəbrayıl rayonunun Karxulu kəndinin azad olunduğunu elan etdiyi an sevinc göz yaşlarımla diz çöküb Allaha səcdə etdim”

Şəhrizad Süleyman: "Ali Baş Komandan İlham Əliyev cənabları illərdir həsrəti ilə yaşadığım Cəbrayıl rayonunun Karxulu kəndinin azad olunduğunu elan etdiyi an sevinc göz yaşlarımla diz çöküb Allaha səcdə etdim"

Artıq 20 günə yaxındır ki, Azərbaycan Ordusu erməni təxribatına cavab olaraq işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirir.  Ötən müddət ərzində yenilməz ordumuzun işğal altında olan bir sıra ərazilərimizi düşməndən azad etməsi və həmin ərazilərdə Azərbaycan bayrağının dalğalandırılması harada yaşamasında, hansı peşənin və siyasi mənsubiyyətə malik olmasından asılı olmayaraq hər bir azərbaycanlıda qürur, fəxarət hissi yaradıb. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların da ürəyi bu günlərdə Azərbaycanla döyünür. Həmin soydaşlarımız arasında ata-baba yurdu bu günlərdə düşməndən azad edilən soydaşlarımız da var ki, onların sevinci daha artıq, müqayisə edilməz dərəcədədir. Belə həmvətənlərimizdən biri də əslən Cəbrayıl rayonundan olan, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Universitetinin Beynəlxalq əlaqələr kafedrasının azərbaycanlı müəllimi, şərqşünas, tədqiqatçı, yazar Şəhrizad Süleymandır. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ata-baba yurdunun işğaldan azad edilməsi sevincini yaşadığını deyən Şəhrizad Süleyman qeyd edib ki, Vətəndən uzaqda yaşasa da, qəlbi hər zaman canından çox sevdiyim doğma Vətəni, Azərbaycanla döyünür. Onun sözlərinə görə, işğalçı Ermənistanın azğınlaşmış silahlı birləşləmələrinin 27 sentyabr tarixindən etibarən növbəti dəfə ölkəmizin cəbhəboyu ərazilərinə hərbi təxribatlarına cavab olaraq Müzəffər Ordumuzun düşmən əsarəti altında qalmış torpaqlarımızı azad etmə əməliyyatlarını, Ali Baş Komandan, dövlət başçımız İlham Əliyev cənablarının xalqa müraciətlərini, hər bir çıxışını, xaricı televiziyalara müsahibələrini, Vətən savaşı ilə bağlı keçirilən gündəlik brifinqləri, yayılan rəsmi xəbərləri diqqət və həyacanla izləyir: "Azərbaycan haqq savaşında mənfur, riyakar düşmənlə mübarizə aparır. O düşmən ki, müxtəlif bölgələrimizdəki şəhərlərimizi, rayonlarımızı, sivil, mülki əhalimizi, yaşayış məntəqələrini, evləri, ictimai obyektləri  həyasızcasına hədəfə alır, məsum uşaqların, qadınların, yaşlıların, cavanlarımızın, hərbiçilərimizin, bir sözlə, günahsız vətəndaşlarımızın həlak olmalarına və xəsarət almalarına səbəb olur. Bir gözümüz gülsə də, bir gözümüz ağlayır. İllərdir düşmən əsarəti altında qalan torpaqlarımızın işğaldan azad edilməsi xəbərlərini sevinc və qürur hissi ilə qarşılasam da, qəhrəman əsgərlərimizin, sıravi vətəndaşlarımızın şəhid olmalarına hədsiz üzülürəm. Vətən yolunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm".

Ermənilər tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ordumuz tərəfindən azad olunması xəbərinə gəlincə, Şəhrizad Süleyman bildirib ki, uzun illərdir nisgilli qərib ruhuna, varlığına hakim kəsilən ən ümdə arzusu həyata keçib: "Ata-baba yurdum Cəbrayıl rayonu, uşaqlıq illərimin keçdiyi doğma kəndimiz rəşadətli Ordumuzun əzmkarlığı, qəhrəmanlığı sayəsində düşmən əsarətindən azad olundu. 4 oktyabr 2020-ci il tarixi həyatımın ən unudulmaz və fəxarətli günüdür. Ali Baş Komandan İlham Əliyev cənabları illərdir həsrəti ilə yaşadığım Cəbrayıl rayonunun Karxulu kəndinin azad olunduğunu elan etdiyi an sevinc göz yaşlarımla diz çöküb Allaha səcdə etdim.  O qədər təsirlənmişdim ki, sanki başqa bir aləmdə idim. Sevincimdən var gücümlə qışqırmaq istəsəm də, qəhərdən nitqim tutulmuşdu. İllərdir həsrətində olduğum şad xəbəri dünyadakı haqq səsimiz, mərd sərkərdəmiz, dövlət başçımız elan etmişdi. Bu gözlənilməz xəbərlə nisgilli, həzin dünyam işıqlandı, nura boyandı. Kəndimizin azad olunması və bu şanlı zəfər günü münasibətilə mənə və ailəmizə Azərbaycandan, BƏƏ-dən, digər ərəb və Avropa ölkələrindən,  Rusiyadan, Türkiyədən, uzaq Amerikadan, Avstraliyadan, Kanadadan, Afrikadan,  bir sözlə dünyanın hətta ən ucqar nöqtələrindən belə təbrik mesajları ünvanlandı, hər kəs gözaydınlığı verdi. Mənə bu unudulmaz zəfər sevincini yaşadan Ali Baş Komandanımıza, Müzəffər Ordumuza, qəhrəman əsgərlərimizə, yüksək rütbəli zabitlərimizə öz dərin minnətdarlığımı bildirirəm. Torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında isə baş əyirəm".

Şəhrizad Süleyman onu da deyib ki, işğalçı Ermənistanın ölkəmizə qarşı yürütdüyü hərbi-terror siyasəti  Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşlarımızın hər birində kəskin etiraz və qəzəb hissinə səbəb olub: "İlk gündən  böyüklü-kiçikli hamılıqla birləşərək, birlik və həmrəylik nümayiş etdirərək düşmənə qarşı səfərbər olduq və Vətənimiz, torpağımız uğrunda ölümə belə getməyə hazır olduğumuzu bəyan etdik. Bu günlər qəhrəman əsgərlərimiz kimi savaş meydanında olmasaq da, informasiya müharibəsində düşmənə qarşı mübarizə aparırıq. Hər kəs əlindən gələn köməyi əsirgəmir, Vətənimizə, dövlətimizə, Ali Baş Komandana, xalqımıza, Milli Ordumuza, istər maddi, istərsə də mənəvi cəhətdən dəstək oluruq. Ölkəmizlə bağlı  hər bir xəbəri həyacanla izləyir və yaratdığımız bir neçə Whatsapp qruplarında anında bölüşürük.  Vətən Müharibəsində iştirak edən əsgərlərimizlə, yüksək rütbəli zabitlərimizlə, xalqımızla, dövlətimizlə və bu gərgin zamanda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının əsl sərkərdəyə xas tərzdə nümayiş etdirdiyi rəhbərlik və qətiyyətdən sonsuz qürur duyuruq. Xalqımızın özünümüdafiə hüququnu həyata keçirən, 30 ilə yaxındır düşmən tapdağı altında qalan doğma torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücuma keçən rəşadətli Ordumuzun qısa müddət ərzində qazandığı uğurlar xalqımızla yanaşı bizə də fəxarətli, sevincli anlar yaşadır".

Süleyman İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31