Ermənistan Rusiya üçün heç bir əhəmiyyət kəsb eləmir

Artıq 20 günə yaxındır ki, Azərbaycan Ordusu işğalçı Ermənistana qarşı uğurlu hərbi əməliyyatlar həyata keçirir. Sentyabrın 27-də erməni təxribatına cavab olaraq əks hücuma keçən Azərbaycan Ordusu qısa müddət ərzində uzun illər işğal altında olan bir sıra ərazilərimizi düşməndən azad edib. Ötən 20 günə yaxın  müddət ərzində bölgədə gərginliyin artması və hərbi əməliyyatların daha geniş vüsət almasından narahatlıq keçirən ölkələrlə yanaşı, eyni zamanda işğalçı Ermənistana açıq və ya dolayı yolla dəstək nümayiş etdirən dövlətlər də oldu. Bu sırada xüsusilə Fransa və Rusiyanın adını qeyd etmək olar. İyulun əvəllərindən müntəzəm olaraq Ermənistana təyyarələrlə hərbi texnikanın daşınması barədə ortada olan faktlar da belə deməyə əsas verir. Eyni zamanda Rusiyanın o mövqeyi də təqdir edilməlidir ki, Kreml ən yüksək səviyyədə bəyan edib ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir və Rusiya heç bir halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi bu prosesə müdaxilə edə bilməz.

Rusiyanın ortaya qoyduğu ikili münasibət, xüsusilə də bu ölkədən Ermənistana hərbi texnika, silah-sursatın daşınması barədə yayılan məlumatlar, eləcə də ortada olan  real faktlara diqqət çəkən bir sıra ekspretlər bununla bağlı müxtəlif versiya və ehtimallarla çıxış ediblər. Elə siyasi ekspert Xəyal Bəşirov da deyir ki, daim cəmiyyətimizi haqlı olaraq belə bir sual düşündürür ki, niyə Rusiya, daim ona əlavə yük olan Ermənistanla yaxından müttəfiqlik edir?. Onun sözlərinə görə, xüsusilə də bizə və Ermənistanla aramızda olan "Dağlıq Qarabağ" konfliktinə münasibətdə bu müttəfiqliyin daha da irəliləyərək, böyük qardaşlığa və ən üst səviyyədə dəstəyə çevrildiyinin şahidi oluruq: "Bəs bunun səbəbi nədir? Bəzi hallarda bu suala, Ermənistanın əslində Rusiyanın forpostu olması, eyni dini paylaşmaları və ermənilərin Rusiya elitasında əhəmiyyətli təsir gücünə malik olması kimi, müəyyən qədər həqiqət payının əks olunduğu cavablar da olur. Ancaq düşünürəm ki, sualın tam cavabı təkcə bu faktorlarla məhdudlaşmır. Məsələyə daha geniş prizmadan yanaşılmasının zəruriliyinin tərəfdarıyam. Dünya ilk gündən başlayaraq vəhşi təbiətin sərt qanunları ilə idarə olunmaqda davam edir. Ən güclü yırtıcı heyvanlar özlərinə və təsir dairələrinə aid hesab etdikləri əraziləri digər rəqiblərinə tanıtmaq üçün müntəzəm olaraq müxtəlif üsullarla işarələr buraxır və mesajlar verir".

Xəyal Bəşirov bildirib ki, yaşadığımız dünyada mövcud dövlətlərarası münasibətlərdə də, eyni məzmunlu qaydalar, sadəcə daha sivil və ağıllı formalarda hökm sürməkdədir: "Bu gün regionumuzda baş verən proseslərlə bağlı da, çox təəssüflər olsun ki, analoji qaydalar prizmasından yanaşmaqla münasibətin sərgiləndiyinin şahidi oluruq. İlk öncə onu qeyd etmək lazımdır ki, SSRİ-nin hüquqi varisi kimi sərhədlərindən daha uzaq ərazilərə uzanmış qolları zamanla kəsilərək öz sərhədlərinə doğru sıxışdırılmaqda olan Rusiya, bu gün onunla quru sərhəddi olmayan bəlkə də ən son dayaq məntəqəsi kimi Ermənistanı heç bir vəchlə itirmək istəmir. Hazırda Ermənistan Rusiya üçün əhalisi, dini və digər bu kimi amillər baxımından heç bir əhəmiyyət kəsb eləmir. Həmin amillər olsa-olsa, Rusiyaya onun Ermənistanla olan münasibətlərinin əsas məqsədlərini pərdələmək baxımından lazım ola bilər. Əsas məqsəd isə, daha dəqiq tarixi incələmə aparsaq, ötən əsrin əvvəllərində Azərbaycan ərazisində, elə Rusiyanın özü tərəfindən yaradılan və ərazisinin kiçik olmasına baxmayaraq Ermənistanın yerləşdi(rildi)yi coğrafi mövqedən regionda özünün təsir gücünü qorumaqla bağlıdır".

Xəyal Bəşirov deyib ki, Türkiyə, Azərbaycan, İran və Gürcüstanın əhatə dairəsində yerləşməklə, onun üçün forpost obrazını ən uğurlu şəkildə yerinə yetirən Ermənistan, Rusiyaya həmin dövlətlərlə münasibətlərdə dayaq məntəqəsi rolunu oynayır: "Onlara aid olan öhdəlikləri daha yüksək səviyyədə yerinə yetirmələri üçün bizim ərazilərimizdə heçdən dövlət yaratmalarına imkan verilməsindən sonra ermənilərə yeni bir şey vəd olunmalı idi. Məhz bu məqsədlə, Rusiya bir imperiya kimi Sovetlrə Birliyindən əvvəl də, onun tərkibində olarkən də və SSRİ-nin süqutundan sonra da, ermənilərin utopik arzuları olan Böyük Ermənistan xulyasının heç vaxt reallaşmayacağını bilə-bilə onlara bu məsələdə vəd verməklə bundan maksimum şəkildə yararlanmağa çalışır. Ümumiyyətlə tarixdən məlumdur ki, imperialist dövlətlər nəinki kimsəyə nəyi isə qarşılıqsız vermir, əksinə verdiklərinin qarşılığında mütləq daha artığını alırlar. Real olaraq bu günə qədər Rusiya Ermənistan ərazisində hərbi baza yaratmaqdan, müxtəlif növ silahlar və onların ləvazimatlarını verməkdən başqa ermənilərə heç nə verməyib. Müxtəlif növ silahları da, faktiki olaraq pulsuz versə də, əslində onları sadə bank siyasətinə uyğun olaraq, faktiki Ermənistan ərazisinin girov qoyulması müqabilində kreditlə verir. Bunda da məqsəd, kredit məbləğinin artmasına (əslində ödənilməsi Ermənistanın imkanları xaricində olduğu üçün heç vaxt ödənilməyəcək) rasional olaraq Rusiyadan asılılığın daha da çoxalmasına nail olmaqdır".

Ekspert onu da diqqətə çatdırıb ki, Rusiya regionda olan digər dövlətlər kimi quru sərhdləri olan Gürcüstan və Azərbaycana münasibətdə də müəyyən siyasət yürütməkdədir: "Gürcüstanla münasibətlərdə bilavasitə ərazi müdaxilələri və eyni zamanda da 2000-ci illərdən başlayaraq Gürcüstanın Rusiyadan üz döndərməklə  konkret olaraq Avropaya üz tutması səbəbindən çox böyük uçurumlar mövcuddur. Azərbaycana qarşı da, tam fərqli münasibət sərgilənməkdədir. Azərbaycan dövlətinin müstəqil siyasət yürütməkdə iddialı olması fonunda, zaman-zaman "Dağlıq Qarabağ" konflikti və iki milyona qədər soydaşımızın Rusiyada yaşaması və işləməsi kimi faktorlar mövcud qarşılıqlı münasibətlərdə həlledici xarakter daşıyır. Hazırda regionumuzda erməni təxribatlarının məntiqi nəticəsi kimi mövcud olan çox gərgin vəziyyətlə bağlı məqama gəldikdə isə, hər birimiz şahidi olduq ki, bu prosesdə də Rusiya özünün uzunmüddətli xüsusi planının tərkib hissəsini həyata keçirməkdə israrlıdır. Ermənistan tərəfinin növbəti hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlamaq məcburiyyətində qalan Azərbaycanla Ermənistan arasındakı cəbhədə baş verən gərgin döyüşlərə Rusiya  faktiki olaraq iki həftə səssiz qaldı. Bu səssizliyin arxasında da, bir sıra gizli məqsədlərin durduğu şübhəsizdir. Belə ki, ilk öncə tərəflər, xüsusilə də Ermənistan kifayət qədər silah istifadə etsin və yenidən krditlə silah almaq istəyi ilə Rusiyaya müraciət etsin. Digər tərəfdən də, konfliktin tərəflərinə, daha sonra aylar öncə Liviyada və Suriyada ona münasibətdə demək olar ki, böyük üstünlük əldə edən Türkiyəyə və bütün dünyaya regionda söz sahibi olduğunu bəyan etmək üçün səsini çıxartdı. Onsuz da silahların susmayacağını bilən, lakin tərəfləri yenə də atəşkəsə dəvət etməklə Rusiya, son dövrlər onun da ciddi narahatlığına səbəb olan Türkiyənin Cənubi Qafqaz regionuna daxil olması ilə bağlı fikirlərə son qoymağı düşünürdü". Xəyal Bəşirov bildirib ki, münaqişə ilə bağlı döyüşlərin aktiv fazaya keçməsinə ilk əvvəl müəyyən etinasızlıq nümayiş etdirməklə Rusiya həm də, Qərbdəki bəzi quvvələrə Ermənistan hakimiyyəti ilə bağlı müəyyən mesajlar verdi: "Bu, Qərbdəki bəzi quvvələrin siyasi oyuncağı kimi hakimiyyəti zəbt edən və Rusiyaya itaətsizlik etməyə müəyyən cəhdlər göstərən Paşinyana, onun Qərbdəki havadarları olan Corc Sorosa, Makrona və digərlərinə Ermənistanın əsl sahibinin kim olduğunu isbat etmək cəhdi idi".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31