Ermənistan Avropanın enerji təhlükəsizliyini təhdid edir
Mayis Səfərli: “İllərlə Azərbaycanın sərvətlərindən bəhrələnən nəhəng biznes strukturları niyə ağızlarına su alıb susurlar?”
14 Oktyabr 2020 10:57 SiyasətMayis Səfərli: "İllərlə Azərbaycanın sərvətlərindən bəhrələnən nəhəng biznes strukturları niyə ağızlarına su alıb susurlar?"
"Ermənistanın Qarabağ müharibəsindəki hərbi taktikasında və strategiyasında aydın görünən bir xətt var: Dinc sakinləri, əhalinin sıx yaşadığı şəhərləri ( Gəncəni, Mingəçeviri), strateji obyektləri ( Mingəçevir su barajını, İstilik elektrik stansiyasını və s.) vurmaqla Azərbaycanda panika yaratmaq, 90-cı illərin əvvəllərində olduğu kimi, mülki əhalini yaşayış yerlərini tərk etməyə məcbur etmək, iqtisadiyyatımıza zərbə vurmaq. Lakin düşmən buna heç bir vəclə nail ola bilmir. Olmayacaq da!Azərbaycan 30 il bundan əvvəlki ölkə deyil. Əksinə, bizim Ordumuzun sarsıdıcı zərbələri, hərb elminin ən son metod və vasitələrindən bacarıqla yararlanması,təkcə Qarabağdakı işğalçı, separatçı qüvvələri deyil, bütünlükdə Ermənistanı, dünya ermənilərini, onların himayədarlarını vahimələndirir". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, təcavüzkar dövlətin əl atdığı hərbi cinayətlərdən biri də Xəzərdə hasil edilən neft və qazı Avropaya daşıyan kəmərlərimizi, nəqliyyat xətlərimizi, ipək yolunu vurub-dağıtmaqdır: "Düşmən ordusunun bu ilin iyulunda Tovuz istiqamətində hərbi təxribatlara əl atması təsadüf deyildi. Ermənilər məhz həmin bölgədən keçən boru xətlərini və nəqliyyat infrastrukturunu sıradan çıxarmaq istəyini ortaya qoymuşdular. Hazırda həmin infrastrukturun keçdiyi Gəncə bölgəsinin də hədəfə alınması səbəblərindən biri budur. Ermənistan açıq-aşkar Avropanın enerji təchizatını və təhlükəsizliyini təhdid edir. Qarabağda baş verənlərə, ermənilərin vəhşiliklərinə, hərbi cinayətlərinə, terroruna reaksiya verməyən, yaxud şablon ifadələrlə bizi işğalçı ilə bərabər tutaraq danışıqlara çağıran Avropa İttifaqı, Avropa Şurası , NATO və digər strukturların məsələyə belə etinasız münasibəti acı təəssüf doğurur. Axı, onların öz maraqları da sual altındadır. Əgər Ermənistandan ərazilərimizə atılan balistik raketlər, mərmilər Qərbə istiqamətlənmiş enerjidaşıyıcı xətlərimizi, kəmərlərimizi dağıdarsa, bundan ilk növbədə avropalılar əziyyət çəkəcək. Azərbaycan neftindən və qazından hər il milyardlar qazanan transmilli korporasiyalar nədən bunu gözardı edirlər? Hər kəs yaxşı bilir ki, bizim neftimizdən ən çox pay almış nəhəng BP şirkəti dünyada istənilən proseslərə yön verə bilər. İllərlə Azərbaycanın sərvətlərindən bəhrələnən bu və digər nəhəng biznes strukturları niyə ağızlarına su alıb susurlar? Niyə bu ağır günlərdə xalqımıza dəstək olmurlar? Buradakı öz maraqlarının belə zərbə altına düşməsinə seyirçi qalırlar?"