“Dördlükdə görüşək” – Türkiyə yeni Qarabağ formatı təklif etdi
14 Oktyabr 2020 09:33 SiyasətBeynəlxalq miqyasda da işğala son qoyulmasının ciddi şəkildə gündəmə gəlmədiyi təqdirdə bu problemi həll etmək mümkün deyil.
Bu barədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri almaq üçün apardığı mübarizə barədə sualı cavablandıran Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
Onun sözlərinə görə, 1 milyona yaxın azərbaycanlı ata-baba yurdundan köçmək məcburiyyəti ilə üzləşib. "Azərbaycan bu gün mübahisəli ərazilərdə deyil, öz ərazisində bu mübarizəni aparır. Qarabağ Azərbaycan torpağıdır", - o deyib.
"Əgər biz işğala son qoyulmasından danışmasaq, Minsk qrupu fəaliyyət planı irəli sürməsə, bu böhranı həll etmək mümkün deyil. Əgər Minsk qrupu 30 ildir həll yolu tapa bilmirsə, biz 30 il də gözləyəcəyik? Bir halda ki, Rusiya Ermənistanın tərəfindədir və biz də Türkiyə olaraq Azərbaycanı dəstəkləyirik, gəlin bu problemin həlli yolunu müzakirə etmək üçün dördümüz bir yerdə görüşək. Minsk qrupu 30 ildən çoxdur ki, bir həll yolu tapa bilmədiyi üçün yeni bir mexanizm tapmağın vaxtı çatıb" - deyə Kalın əlavə edib.