“Azərbaycanın sakral coğrafiyası”... Şəlvəçay hövzəsinin dini-mənəvi irsi mistik inanclarda, maddi abidələrdə və yer adlarında - V məqalə
Qarabağ dağlıq yaylasının Şəlvəçay hövzəsinin zəngin ruhsal-sakral maddi və dünyəvi irsi yer-yurd adlarında (Hacıxanlı, Hacılar, Mollalar, Kürdhacı Hacısamlı, Seyidlər (Böyük Seyidlər, Yığın Seyidləri), Pircahan...kəndləri), ruhani-mənəvi dünyagörüşünün formalaşmasında (Dambulaq kəndində Seyid İdiri Seyid Murtuza oğlu (1923-2014), Seyid Məcid Seyid İbrahim oğlu (1870-1971), Daşlı kəndində Seyid Hafizə Seyid Əli qızı (1890-1978)...irfani-təsəvvüf təlimləri ilə) və bölgənin ruhsal ocaqlarında (Hocaz kəndində “Əli bulağı piri”, Qarakeşiş kəndində “Yel daşı piri”, Böyük Seyidlər kəndində “Güllü qəbir piri”...) qorunub saxlanılmışdır.
15 Oktyabr 2020 10:00 SiyasətQarabağ dağlıq yaylasının Şəlvəçay hövzəsinin zəngin ruhsal-sakral maddi və dünyəvi irsi yer-yurd adlarında (Hacıxanlı, Hacılar, Mollalar, Kürdhacı Hacısamlı, Seyidlər (Böyük Seyidlər, Yığın Seyidləri), Pircahan...kəndləri), ruhani-mənəvi dünyagörüşünün formalaşmasında (Dambulaq kəndində Seyid İdiri Seyid Murtuza oğlu (1923-2014), Seyid Məcid Seyid İbrahim oğlu (1870-1971), Daşlı kəndində Seyid Hafizə Seyid Əli qızı (1890-1978)...irfani-təsəvvüf təlimləri ilə) və bölgənin ruhsal ocaqlarında (Hocaz kəndində "Əli bulağı piri", Qarakeşiş kəndində "Yel daşı piri", Böyük Seyidlər kəndində "Güllü qəbir piri"...) qorunub saxlanılmışdır. Müqəddəs ocaq sahiblərinin yaşadığı Yığın Seyidləri kəndi ziyarət edilən"Sarı Baba dağı"nın ("Xəlifə dərəsi" yaxınlığında) qoynundadır.
Qərbi Azərbaycan və Qarabağ bölgələri arasında yerləşən qədim Laçın nahiyəsi zəngin tarixi-maddi irsi, əski milli-mənəvi dini və dünyəvi dünyagörüşünün irfani-sakral tutmu ilə fərqlənən coğrafi ərazilərimizdəndir. Nahiyənin orta hissəsindən şimaldan cənuba doğru yataq salan Şəlvə çayı (uzunluğu 42 km, Kəlbəcər nahiyəsi ilə sərhəddə olan Mıxtökən silsiləsinin (3411 m) "Keçi beli yaylağı"ndan başlayır, Bülüldüz kəndi yaxınlığında Hocazsu (Qaranlıqçay, 63 km) çayı ilə birləşərək Həkəri çayını əmələ gətirir) hövzəsində yerləşən kəndlər (Hacıxanlı, Şəlvə, İmanlar, Kaha, Daşlı, Qabaqtərə, Budaqdərə, Pircahan...) bu sarıdan xüsusilə seçilir.
Mənşəyi ruhsal-mistik anlama uyğun gələn Pircahan kəndinin əski adı Pircan olub, 1965-ci ilədək və bu kənd Qarabağ bölgəsində yaranan müqəddəs ocaqların ata yurdu olan Böyük Seyidlər kəndindən 6 km aralıdır.
Cənubi Azərbaycanın Xoy mahalından XVIII əsrdə bu yerlərə köçən İmamverdi xan özünə yaxın bir neçə dini-irfani tərəkəmə ailəsi ilə Şəlvə çayı hövzəsində, "Qatar daşı"nın, "Çırlığın yoxuşu"nun qoynunda yurd-yuva salmış, binələnmiş və Pircan kəndinin bünövrəsi qoyulmuşdur. Bu barədə kəndin yaşlı sakinlərindən Musa Məmiş oğlu (1889-1974), Səfiyar Rzaqulu oğlu (1900-1978), Seyid Züleyxa, Seyid Həyat, Seyid Nabat söhbətlərində özlərindən əvvəlki yaşlıların bilgilərinə əsasən həmişə deyiblər. Kəndin ən iri nəsillərindən biri indi də "İmamaverdilər tayfası" adlanır.
Bir cəhəti nəzərə almaq lazımdır ki, əski soyun məskunlaşdığı ərazidə qədim Alban məbədi olub, təsadüfi deyil ki, kəndin ortasında bu məbədin tikililəri 1990-cı illərədək dururdu (Muxtar Şirin oğlunun (1930) evinin yaxınlığında). Hündürlüyü 4-5 m, dairəvi, sivri, daş örtükü-gümbəzli, tağbənd girəcəkli idi. Bir neçə daş lövhəsi yazılarla örtülmüşdü (bu əlifbanı oxumaq mümkün olmamışdır).
Pircan kəndinin qədim qəbirstanlığı, Böyük Seyidlər kəndi istiqamətində, 3 km şərqə doğru olan "Ağ dərə" deyilən yerdə salınmışdır. Kənd yolunun altında, çayın sol sahilində də çoxlu sayda qədim qəbir daşları (yazılı, naxışlı) üzə çıxmışdı, 1960-1970-ci illərdə. Kəndin mərkəzi hissəsində XIX əsrin 2-ci yarısında "Səfəralılar nəsli" tərəfindən tikilmiş "Kərbəlayi Səfəralı məscidi" (35-40 m uzunluğunda, 15 m enində, 3 otaqlı, üstü hamar örtüklü) dini-ibadət ocağı olmuşdur (Səfiyar Rzaqulu oğlunun (1922-1998), Səfər Mədət oğlunun (1928-2004), Əziz Kərim oğlu Mövlamverdiyevin (1896-1982) evlərinin yaxınlığında idi). Bu məsciddə kəndin mollası, mükəmməl dini savadlı Teymur Nəcəf oğlu Mərdanov (1891-1974) şirin, səlis avazla dualar oxuyardı. Onun oğlu Bahadur müəllim (1932-2005) bu kəndin ilk ali təhsilli nümayəndəsi (filoloji ixtisas üzrə) olub.
Qədim Alban məbədləri Şəlvə, Kaha və Kürdhacı kəndlərində də rast gəlinirdi.
Şəlvə çayının sol sahilində, eyni adlı kəndin ortasında, hündürlüyü 6 metr, üstü sivri daş örtükülü (daşların ölçüsü 1,5 m x 3 m), dördkünc formalı, divarlarında daşları elə hörmüşdülər ki, araları pəcərə kimi qalırdı.
Bu kənddə yaşayan bölgənin ağsaqqalı, Xorasan şəhərində 25 il ali-dini təhsil almış Molla Salah Tağı oğlunun (1848-1921) evi irfani-təsəvvüf dünyagörüşünün tədrisi və təbliği ocağı kimi ziyarət edilirdi.
Hay kilsəsinin təhriki ilə tutlduqdan sonra ondan xəbər olmamışdır. Şəlvə kəndinin mərkəzi hissəsində XIX əsrin II yarısında tikilmiş bir mərtəbəli məscidi 1950-ci illərdən sonra uşaq baxçası, 1960-cı illərdə isə musiqi məktəbi etmişdiləramma divarlarındakı taxçalar hələ də qalırdı.
Şəlvə çayının mənbəyi yaxınlığında, Mıxtökən silsiləsinin cənub, Keçiddağının (mistik inanclara əsasən el arasında "Dürr dağ" adlanırdı) şimalında, "Yastı yurd yaylağı"nın ətəklərində yerləşən Lolabağırlı kəndinin quzeyində (1 km aralıda), "Quru dərə"dən, "Söyüdün dərəsi"ndən, Namlı çayının yatağından "Göl yeri"nə, "Təhlə bulağı"na qədər yamac boyu uzanan qədim qəbirstanlıqda - "Qəbirli yeri"ndə müxtəlif ölçülü at-qoç formalı, ərəb əlifbalı yazılı qəbir daşlarının torpağa batmış halda yayılması bu yerlərin qədimliyinə və müqəddəsliyinə maddi sübutdur.
Keçiddağının Lolabağırlı kəndinə tərəfində dərin meşə dərəsində (orada bir neçə mağara yerləşir) qədim yurd yerində göyərən palıd ağacının (hündürlüyü 7-8 m) üstündə dağ kirkirənin (dairəvi, diametri 1 m-dək) "göyərməsi" ocağ bərəkətinin müqəddəsliyinin mistik simvolu kimi qəbul edilmiş, toxunulmaz qalmış və ruhani-inanc ocağına çevrilmişdir.
1918-ci ilin mart ayında Qərbi Azərbaycanın Dərələyəz mahalının müsəlman-türk kəndlərinə hücum edən hay-daşnak quldurlarının (A.Ozanyanın, H.Bjşkyanın başçılığı ilə) amansız qətliamlarından-soyqırım faciəsindən qurtularaq Lolabağırlı kəndində məskunlaşan Seyid İsmayıl Seyid Məhəmməd oğlu (1892-1967,o, həm də din xadimi idi, el arasında "Qara molla" kimi tanınırdı) bu yazıları oxumuşdur. Bir baş daşında yazılan vəsiyyət mövlanə-ruhsal duyğulu idi:
İlxını, sürünü min-min eylədim,
axırda... bir keçi, bir bardaq qaldı.
Bülündüz kəndindən (Şəlvə çayının sol sahilindəki) təqribən 5 km aralıdakı "Xanlıq yeri" deyilən sahədə salınan qədim qəbirstanlıqda bədii süjetli-münüatür naxışlı, əski yazılı sənduqələr, qoç, at, buğa heykəlli qəbirüstü daşlar yayılmışdı. Bu tarixi-maddi, dini-irfani nümunələrin bəzilərini 1974-1992-ci illərdə fəaliyyət göstərmiş Laçın şəhərinin Tarix və Diyarşünaslıq muzeyində saxlanılsa da, sonralar qarət edilərək, yağmalanaraq düşmən ərazilərinə aparılmışdır.
Şəlvə kəndindən 3-4 km cənub-şərq istiqamətdə aralı və Şəlvə çayının sol sahilindəki Daşlı kəndinin düzəngah "Qəbirstanlığın düzü"ndəki "El qəbirstanlığı"nda 1950-ci ilədək Şəlvə bölgəsinin bütün kəndləri dəfn mərasimləri keçirirdi. Oradakı qoç heykəlli qəbir daşları 1960-cı ildən sonra yoxa çıxdı... Baş daşlarında və sənduqələrdə olan yazıları Kaha kəndinin din xadimi, molla Əkbər Hacı İbad oğlu (1909-1989) oxumuş, onların tarixini 1780-ci illərlə əlaqəli olduğunu bildirmişdir.
Daşlı kəndinin ziyarət məkanlarından biri də "Seyid Hafizə ocağı" idi. Bu ocağa, dədə-baba yurduna "Şəlvə dərəsi"nin kəndlərindən, eləcə də Ağdam, Bərdə, Cəbrayıl, Beyləqan... rayonlarından da ziyarətə gələnlər olub.
Ümumiyyətlə, Daşlı kəndinin seyidlərinin Seyid Alı Xəlifə soyundan olduqları, nahiyənin Böyük Seyidlər kəndindən köçməsi və bu yurda məskunlaşmları bildirilir.
Şəlvə çayının sol sahilindəki Dambulaq və Kaha kəndlərinin arası 1 km-ə qədərdir, aralarında "Pirgüney yüksəkliyi" var. Bu yüksəklikdə qədim Alban məbədinin sökülmüş, dağılmış divarlarının, yeri, bünövrəsi dururdu, amma yenə də müqəddəs yer kimi ziyarət olunurdu. Daşlarında Günəş, Ay rəmzli naxışlar bilinirdi. Kaha kəndinin yaşlı sakinlərindən Mirzə Süleyman oğlu Mirzəyev (1888-1989), Şahməmməd Məşədi Əsəd oğlu Abdullayev (1878-1976) oranın əski çağlarda pir kimi qorunduğunu deyirdilər.
Dambulaq kəndinin şimal-şərq hissəsində (Çalbayır dağlıq silsiləsinə tərəf), 3 km aralıdakı düzən yerdə "Qətl ağacı" Məhərrəmlik ayında dini-ibadət yeri idi, el mərasimləri keçirilirdi. Palıd ağacını ( hündürlüyü 5 m, diametri 40-50 sm) Seyid Alı Xəlifənin nəslindən olanalr 1910-cu illərdə basdırmışdılar, dibinə 1 m boyda daş yığmışdılar.
Bu kəndin adı, qərb hissədə, 50 m aralı olan örüş yerində "Ocaq bulaq" adlanan yerdə ("Kiçik Çalbayır yaylağı"nın 2-3 km-də) XVIII əsrdə daşdan tikilən örtüyə görə (bulağı sel yuyub aparmasın deyə) bu cür adlanıb. Ora müqəddəs yer kimi qorunub. Bəd nəfsdən, pis niyyətdən, bədnəzər baxışdan quruyan bulaq, üstündə qurban kəsiləndən sonra... yenidən çağlayardı.
Mistik dini inancdan, müqəddəs ruhsal duyğulardan "qidalanan" bu bulaq kənd sakinlərindən Müzəffər Mehdi oğlunun (1936-2016), Seyid Əhəd Seyid Ələsgər oğlunun (1906-1986), Dinşah Mehdi oğlunun (1945-2017)... evlərinə yaxın idi.
...1930-cu illərdə Şəlvə kəndinə Bakı şəhərindən haylardan ibarət bir hökumət dəstəsi gəlir, "yeni təsərrüfat quruculuğu" adı altında bölgənin camaatı ilə görüş keçirirlər. Nəticədə, Şəlvə çayının sol sahilində yerləşən Hacıxanlı kəndinin adı "dini", "xan-bəy" tərkibli-mənalı olduğu üçün dəyişdirilir "Zor keşiş" qoyulur, qarşı üzdəki "Keçikçi dağı" isə "Keşiş dağı" adlandırılır...
1960-cı illərədək hay mənşəli bu toponimlər qüvvədə qalmış, xəritələrdə, inzibati-ərazi bölgüsündə, sənədləşmə-yazışmalarda yer almışdır...
"Azərbaycanın sakral coğrafiyası"nın Qarabağ bölgəsindəki zəngin irsi Laçın-Həkəri nahiyəsinin həm də "Pirçənisçay hövzəsi"ndə yayılmışdır.
Bu barədə növbəti yazılarımızda.
(Yazının hazırlanmasında eləcə də Laçın rayonunun Pircahan, Lolabağırlı və Kaha kənd sakinləri Aydın Qədim oğlu Abbasovun (1935), Hacı Bayram Paşa oğlunun(1936) və Vəzirxan Laçın Mirzə oğlunun (1944) məlumatlarından istifadə edilib.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi