Erməni lobbisinin aprel cəhdi- Siyasi ekspert

Erməni lobbisinin aprel cəhdi

Və Türkiyəyə qarşı yönəlmiş növbəti haqsızlıq

Qondarma soyqırım tarixi yaxınlaşdıqca ermənilər, xüsusilə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən  erməni lobbisi  Türkiyə əleyhinə ciddi hərəkətə keçir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ötən illər ərzində ermənilər qardaş ölkəyə qarşı mübarizədə arzuladıqlarına qismən nail olublar. Belə ki, dünyanın bir çox ölkələrində qondarma erməni soyqırımının tanıdılmasına nail olub, bir sıra ölkələrin qanunverici orqanları bu soyqırımı tanıyan qərarlar, qətnamələr qəbul ediblər.

Ermənistanın indiyə qədər ciddi cəhdlə fəaliyyət göstədiyi ölkələrdən biri dünyanın supergücü sayılan Birləşmiş Ştatlardır. Okeanın o tayında hər dəfə prezident seçkiləri keçiriləndə namizədlər erməni lobbisinin səsini qazanmaq üçün onlara qondarma soyqırımı tanıyacaqları vədini versələr də, lakin indiyə qədər heç bir Ağ Ev rəhbəri erməniləri bu barədə məmnun etməyib. Ermənilər bu dəfə isə Donald Trampa ümid bəsləyirlər.  Eyni zamanda paralel olaraq İtaliyə və Fransada qondarma erməni soyqırımının tanıdılması istiqamətində iş aparılır.  Belə ki, hər iki ölkədə 24 aprel tarixinin hətta "soyqırım günü" kimi qeyd edilməsi də gündəmdədir. Həm Fransa, həm də İtaliyanın belə bir addım atması təkcə qardaş Türkiyədə deyil, eləcə də Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olub. Cəmiyyətin müxtəlif təbəqələri Roma və Parisin bu mövqeyini kəskin tənqid ediblər. Millət vəkili Eldəniz Səlimov da deyib ki, istər Fransanın, istərsə də İtaliyanın uydurma və qondarma "erməni soyqırımı"nı tanıması, 24 apreli "soyqırımı günü" kimi qəbul etməsi qəbuledilməz və yolverilməzdir.  Onun sözlərinə görə, bu ölkələrdən biri ATƏT-in Minsk qrupunun həmsədri, digəri isə Minsk qrupunun fəal üzvlərindən, Minks konfransının əsas iştirakçılarından biridir: "Onların bu cür davranışı qardaş və dost Türkiyəylə yanaşı, Azərbaycana da qarşı hörmətsizlikdir. Bu, onların Qarabağ məsələsində də tərəfsiz və neytral olmasına böyük şübhə yaradır, böyük kölgə salır". Millət vəkili qeyd edib ki, Fransa onsuz da erməni və ermənistanpərəst bir dövlətdir, illərdir sanki ermənilərin ikinci bir dövləti rolunda çıxış edir. Millət vəkilinin sözlərinə görə, Fransanın mövqeyində ermənilərə və Ermənistana açıq-aşkar rəğbət, isti münasibət daim özünü göstərib və bununla bağlı Azərbaycan da hər zaman öz sərt təpkilərini ortaya qoyub, Fransanı həmsədr dövlət kimi, üzərinə düşən missiyanı yerinə yetirməyə, səhv, yanlış addımlardan, ikili standartlardan əl çəkməyə çağırıb: "Ancaq görünən odur ki, Fransa hakimiyyəti, siyasi dairələri bundan bir nəticə çıxarmayıblar, dərs götürməyiblər, yanlışlıqları növbəti yanlışlıqlar doğurmaqdadır. Türkiyə ilə bağlı, yəni, qardaş ölkəyə qarşı təzyiq məqsədilə ortaya qoyulan məlum qərar bunu bir daha təsdiqləyir. Amma Fransa ilə müqayisədə İtaliya Qarabağ məsələsində daim obyektiv və ədalətli mövqe nümayiş etdirməyə çalışıb. Bu ölkənin prezidentinin ötən ilin yayında Azərbaycana rəsmi səfərində də belə bir mövqenin sərgilənməsinin şahidi olduq. Ancaq indi İtaliya parlamentinin belə bir qərar qəbul etməsi onların da mövqeyinə şübhə ilə yanaşmağa əsas yaradır. Hesab edirəm ki, İtaliya dövləti və parlamenti hələ nə qədər ki, gec deyil, öz yanlış qərar və addımlarından geri çəkilməli, həm Türkiyə, həm də Azərbaycanla münasibətlərin gərginləməsinə imkan verməməlidirlər. Biz onlardan bir tərəfdaş dövlət olaraq bunu gözləyirik. Eyni zamanda, Fransanı bir daha ədalətə, obyektivliyə, məsuliyyətini dərk etməyə çağırırıq. Həmsədr dövlətin belə bir addım atması heç cür anlaşıla və qəbul edilə bilməz".

Millət vəkilinin qənaətincə, istər adıçəkilən dövlətlər, istərsə də, digər ermənipərəst dövlətlər bilməlidirlər ki, tarixlə tarixçilər, alimlər, araşdırmaçılar məşğul olmalıdır, siyasətçilər, dövlət xadimləri deyil: "Qərarı, hökmü də məhz tarixi həqiqətləri, gerçəkləri ortaya çıxaran əsl tarixçilər verməlidirlər. Bu isə görünür ki, çoxlarına sərf etmir, amma gec-tez onlar da bu gerçəkliyi dərk edəcək və görəçəklər ki, soyqırımına məruz qalan kimdir, soyqırımını törədən kim, işğala məruz qalan kimdir, işğalçı kim".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31