Yeni təkliflər paketi Azərbaycanın maraqlarına cavab verəcəkmi? Siyasi analiz

Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşündə bir sıra razılaşmalara imza atıblar.

Paşinyan  Qarabağ münaqişəsinin həllində hansı addımı atacağını bilmir

Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşündə bir sıra razılaşmalara imza atıblar. Siyasi ekspertlər hesab edirlər ki, əsasən humanitar sahədə olan bu razılaşmaların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə təsir edəcəyi inandırıcı görünmür. Lakin görüşdə münaqişə tərəfləri ilə yanaşı, həmsədr ölkələrdən olan Rusiya tərəfindən yeni təkliflərin irəli sürüldüyü bildirilir. Hələlik təkliflərin detalları açıqlanmasa da ümumi razılaşmanın gələcək danışıqlarda müəyyən rol oynayacağı fikirləri səsləndirilir. Millət vəkili Fəzail İbrahimli  bildirib ki,  Ermənistanın işğalçılıq siyasəti dünya ictimaiyyətinin və ATƏT MQ həmsədr ölkələrin qınağına tuş gəlmədiyindən İrəvan öz məkirli  siyasətini davam etdirir. Ermənistanın bu siyasətinin arxasında xristian təəssübkeşliyi dayanır. Millət vəkili hesab edir ki, danışıqlar prosesində kompleks məsələlər əvəzinə hansısa epizodik məsələlərin müzakirəsi Azərbaycanın heysiyyatına toxunan məsələdir: "Burada digər məqam ondan ibarətdir ki, Ermənistanın danışıqlarda dominant rolunda çıxış etməsidir. Çünki danışıqlar heç də Ermənistan hakimiyyətinin özündən asılı olan ölkə deyil. Ermənistan danışıqlarda ağalarının diqtəsinə uyğun hərkət edir. Odur ki, Ermənistan danışıqlarda bir çox hallarda görüntü xarakteri yaradan ölkədir". F.İbrahimli hesab edir ki, münaqişənin yeganə həll variantı güc yoludur: "Ancaq burada da çox həssas məqamlar var ki, onları nəzərdə qaçırmaq olmaz. Elə Ermənistanın da istəyi Azərbaycanın sülhpərvər siyasətinə olan sədaqətinə kölgə salmaqdır. Onun üçün də müxtəlif yollarla Azərbaycanı təxribata cəlb etmək istəyir. Azərbaycan da ermənilərin bu hiyləgər siyasətinin arxasında  nə dayandığını bildiyindən səbr və təmkinlə hərəkət edir". Millət vəkili onu da əlavə edib ki, bu gün Paşinyan əvvəlki rəhbərlərdən fərqli olaraq Qarabağ münaqişəsinin həllində hansı addımı atacağını bilmir: "Əgər Ermənistanın əvvəlki hakimiyyətləri Rusiya və dünya erməni lobbisi ilə anlaşırdısa, indi Paşinyan bir neçə qüvvə arasında qaldığından nə etdiyini bilmir. Paşinyan bu gün bir yandan Rusiyadan qorxur və bu səbəbdən də Avropaya verdiyi vədlərə əməl edə bilmir, o biri tərəfdən isə erməni lobbisinin təzyiqləri altındadır. Bunların hansının rəyini nəzərə almaq Paşinyan üçün çətindir və özündən asılı olmayan proseslərin əsirinə çevrilib. Çünki onun dövlətçilik təcrübəsi yoxdur. Nə zaman özünü  Ermənistanın tamhüquqlu baş naziri kimi hiss etsə, o zaman bu məsələdə də hansısa mövqe sərgiləyə bilər. Paşinyan bu gün götürməyi bacarmadığı ağır bir yükün alıtna girib". Bununla belə millət vəkili hesab edir ki, danışıqlarda bir nəfərin, bir ailənin xeyrinə hansısa addımlar atılıbsa  və gələcəkdə də atılacaqsa  onu müsbət dəyərləndirirəm. "Ona görə də Azərbaycan bütün bu çətinliklərə baxmayaraq danışıqları davam etdirməlidir. Bu Azərbaycan üçün ağırdır, ancaq davam etdirilməlidir. Düzdür sonda onsuz da sözü  Azərbaycan Ordusu deyəcək. Biz Ordumuzun sözü deyəcək məqamını yetişdirməlik".

Moskva görüşünün faktiki olaraq Rusiyanın təşkilatçılığı və təşəbbüsü ilə keçirildiyini xatırladan politoloq Fikrət Sadıqov deyib ki, Rusiya XİN başçısı Sergey Lavrovun həmin görüşdə birbaşa iştirakı bunu bir daha sübut edir. F. Sadıqovun fikrincə Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni təkliflər paketi hazırlayır: " Lavrov görüş ərəfəsində Ermənistanın XİN rəhbəri ilə qapalı şəkildə bir araya gəlib. Hazırda bu görüşün nəticələri məlum deyil. Amma düşünürəm ki, bu görüşdə yeni təkliflər paketi ilə əlaqədar razılaşmalar müzakirə olunub". Politoloq hazırlanan yeni təkliflər paketinin Azərbaycanın maraqları ilə tam şəkildə üst-üstə düşəcəyinə əmin olmadığını da dilə gətirib: "Çünki, Rusiya ilk növbədə Ermənistanın siyasi müttəfiqidir. Düzdür, Azərbaycan-Rusiya arasında strateji əməkdaşlıq mövcuddur və Azərbaycanın beynəlxalq arenada aparıcı dövlətə çevrilməsi nəticəsində Rusiya bu münasibətlərin daha da inkişaf etməsində maraqlıdır. Bu, danılmaz faktdır və Rusiya bizimlə hesablaşır. Amma yeni təkliflərin tam mənada Azərbaycanı qane edəcəyi məsələsində yanıla bilərik. Bu baxımdan Azərbaycan öz hücumedici diplomatiyasını davam etdirməlidir. Çünki, bu cür diplomatiya istədiyimiz nəticəni bizə əldə etmək imkanı verir. Bu siyasətin nəticəsidir ki, danışıqlar formatı dəyişilməz olaraq qaldı". Rusiya tərəfindən hazırlanan yeni təkliflər planının digərlərindən fərqinə gəlincə F. Sadıqov vurğulayıb ki, planda Rusiyanın Cənubi Qafqazla bağlı maraqları öz əksini tapa bilər: "Rusiyanın əsas marağı nə Ermənistan, nə də Azərbaycanla bağlıdır. Bu baxımdan hesab edirəm ki, yeni təkliflər məhz Rusiyanın maraqlarına uyğun şəkildə hazırlanacaq. Ola bilsin ki, planda Dağlıq Qarabağın ətraf rayonlarının boşaldılmasına start verilməsi ilə bağlı məqamlar öz əskini tapsın. Lakin bunun hansı şərtlər və şəraitdə ediləcəyi müəmmalıdır. Son dövrlərdə Rusiya Ermənistan münasibətlərində gərginlik olsa da, düşünmürəm ki, Rusiya yeni təklifdə işğalçı ölkəni qurban vermək niyyətindədir. Bizim əsas məqsədimiz işğaldan azad olunma prosesinə start verilməsidir. Burada Laçın dəhlizi, qaçqınların qayıdışı kimi məsələlər müzakirə oluna bilər. Amma Azərbaycan heç zaman Dağlıq Qarabağın bir qurum kimi tanınmasına və ya danışıqların formatının dəyişdirilməsinə razı ola bilməz".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31