Yanğının səbəbləri tam araşdırılmalıdır - Prezident
28 Mart 2019 15:53 SiyasətMartın 26-da ticarət mərkəzlərinin birində yanğın baş vermişdir. Xoşbəxtlikdən insan itkisi olmamışdır. Ancaq o ticarət mərkəzində çalışan insanlara maddi ziyan dəymişdir. Yanğının səbəbləri araşdırılır, bu gün ilkin məlumat veriləcəkdir və əminəm ki, tam araşdırılacaqdır. Eyni zamanda, biz sahibkarların problemlərini həll etməliyik. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirdiyi müşavirədə çıxışı zamanı deyib.
Prezident dünən Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini xatırladıb:
"Bu gün səhər ikinci görüş keçirilib və onlara deyilib ki, dövlət onlara dəstək və yardım göstərəcək. Belə hadisələr baş verir. Əlbəttə ki, səbəblər tam araşdırılmalıdır və operativ olaraq dövlət sahibkarlara öz maddi yardımını göstərməlidir. İqtisadiyyat Nazirliyi ticarət mərkəzində çalışan sahibkarlarla bir-bir görüşməlidir, onların problemlərini dinləməlidir və onlara dəstək göstərməlidir. Maliyyə Nazirliyi operativ olaraq, ilkin maliyyə vəsaiti ayırmalıdır ki, sahibkarlara bu vəsaitin verilməsi təmin edilsin. Bununla bərabər, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi yanmış malların qiymətini sahibkarlarla birlikdə araşdırmalıdır, aydınlaşdırmalıdır və bizdə bu məsələ ilə bağlı dəqiq məlumat olmalıdır".