"Ermənistan əhalisi də Paşinyanın fəaliyyətindən narazıdır" - Millət vəkili

"Ermənistan tərəfi hər dəfə müxtəlif bəhanələr və taktikalardan istifadə etməklə Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqları pozmağa çalışıb. Biz hətta bundan öncəki görüşlərdə də Ermənistanın keçmiş prezidentlərinin danışıqları pozduğunun şahidi olmuşuq. Paşinyan da özündən əvvəlki rəhbərlərin yolunu davam etdirməkdədir".

Bunu  millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Ermənistanın bu günkü baş naziri Nikol Paşinyan fikirlərini tez-tez dəyişən bir şəxs olduğundan çox qeyri-ciddi siyasətçidir. 

"Onun təkcə özünü Qarabağ məsələsində deyil, daxili siyasətdə də qeyri-ciddi olduğunun şahidi oluruq. Hakimiyyətdə qısa zamanda olmasına baxmayaraq onun fəaliyyətindən ölkə əhalisi ciddi narazıçılıq edir, etiraz aksiyaları keçirilir. Ona görə də belə qeyri-ciddi insanla görüşdən ciddi nəticələr gözləməyə dəyməz", - deyə M.İbrahimqızı deyib.

Bununla belə millət vəkili hesab edir ki, Paşinyanı idarə edən və arxasında olan qüvvələr ona real vəziyyətin nə yerdə olduğunu başa salmış olarlar. "Paşinyanı idarə edən qüvvələr ona xatırladıblar ki, artıq Azərbaycan güclü dövlətdir, onun prezidenti İlham Əliyev dünyada böyük nüfuza malik bir siyasətçidir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, dünyada gedən proseslərdə aktiv iştirak edən bir şəxsdir, ordusu dünyanın ən güclü 50 ordusundan biridir. Ona görə də danışıqlar prosesini intensivləşdrimək lazımdır. Danışıqlarda Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər elə beynəlxalq hüquqda da təsbit olunub və beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə də Ermənistandan qeyd-şərtsiz işğal etdiyi torpaqlardan çıxması tələb olunur.  Odur ki, bu şərtlər yerinə yetirilməlidir", - deyə millət vəkili bildirib.
Deputat onu da əlavə edib ki, Ermənistan tərəfinin danışıqlar prosesini pozmaq istiqamətindəki təxribatçı hərəkətlərinə baxmayaraq, Azərbaycan danışıqlar prosesində iştirak etməlidir: 

"Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan tərəfinin danışıqlarda deməyə yetərincə arqumenti var. Digər tərəfdən də ən mürəkkəb münaqişələr belə danışıqlar yolu ilə  həll olunur.

Qarabağ münaqişəsinin həllinin iki yolu var: biri, hərb, digəri isə danışıqlar yoludur. Azərbaycan hərb yolu ilə münaqişəni həll etmək iqtidarına malikdir və bunu Paşinyan da yaxşı bilir. Elə onun hakimiyyətə gəldiyi ilk dövrlərdə Azərbaycan Ordusu Naxçıvan istiqamətində uğurlu hərbi əməliyyatlarla öz qüdrətini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusu 2016-cı ilin aprelində də öz qüdrətini erməni cəmiyyətinə yaxşı göstərib. Odur ki, danışıqlar aparılmalıdır. Bu görüşlərdə ciddi nəticələr olmasa da, növbəti görüşlərin keçirilməsi, danışıqların davam etdirilməsi üçün zəmin yaradır. Bir işartıdır və biz bundan istifadə etməliyik. 
Beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Düzdür, son illərdə qanunun aliliyi deyil, gücün aliliyinə daha çox üstünlük verilir. Ancaq istənilən halda məsələ hüququn aliliyi çərçivəsində həllini tapacaq", - deyə M.İbrahimqızı bildirib.

Deputat onu da bildirib ki, danışıqlar prosesində nəticələrin əldə edilməsində ATƏT MQ həmsədrlərinin böyük rolu ola bilər:

"Təəssüflər olsun ki, həmsədrlər bu uzun illər ərzində münaqişənin həlli istiqamətində heç bir iş görməyiblər, bölgəyə turistik səfər edərək öz gələcək karyeraları üçün çalışıblar. Azərbaycanın qonaqpərvərliyindən istifadə edərək, mətbəximizin ləziz yeməklərindən yeyib gediblər. Ancaq həmsədrlər  danışıqlar prosesinin intensivləşməsi və nəticəli olması üçün  Ermənistan tərəfə təzyiq etməlidirlər. ATƏT MQ həmsədrləri işğala məruz qalanla işğalçını eyni statusda tutmamalıdır. İşğalıçıya təzyiq edib, işğalçılıq siyasətindən geri çəkilməsi üçüm  konkret addımlar atmalıdırlar. Hansı ki, beynəlxalq hüquq və beynəlxalq təşkilatların da qəbul etdiyi sənədlər Ermənistandan qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmağı tələb edir. ATƏT MQ həmsədrləri də fəaliyyətlərini bu yöndə qurmalıdırlar".

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31