Nikol Paşinyan seçim qarşısındadır- ÖZƏL-RƏY
28 Mart 2019 13:40 SiyasətMübariz Əhmədoğlu: "Ya Ermənistan dövlətçiliyini
saxlamaq şərti ilə ölümlə razılaşmaq, ya da Qarabağ məsələsi, Ermənistan dövlətçiliyi də daxil olmaqla özünün ölüm variantını seçmək"
"Paşinyan Ermənistanın məhkumluğunun simvoludur"
Nikol Paşinyanın hakimiyyət hərisliyindən doğan "vətənpərvərliyi"nə aldanaraq ayaqlanan və sabiq prezident Serj Sərkisyanı devirməklə uzun illərin xunta rejiminə son verən erməni xalqı ümid edirdi ki, xalqın içərisindən çıxan Nikol onlara axır ki, bir gün ağlayacaq və ermənilərin həyat şəraiti yaxşılaşacaq. Ancaq Paşinyanın hakimiyyəti zəbt etdiyi ötən müddət ərzində nəinki erməniləri ağ günə çıxardığı, hətta ölkənin vəziyyətinin daha da ağırlaşdığı məlum oldu. Bu bir tərəfdən Paşinyanın siyasi səriştəsizliyi ilə bağlı idisə, digər tərəfdən Ermənistanın beynəlxalq aləmdə ciddi bir ölkə kimi qəbul edilməməsi ilə əlaqədardır. Ermənistanın müstəqilliyin ilk illərindəki durumu və hazırkı vəziyyətinə nəzər salan Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyir ki, SSRİ dağıldıqdan sonra Ermənistan dövlətçiliyinin hərəkət trayektoriyası yalnız enən xətdən ibarətdir. Politoloqun sözlərinə görə, o zamankı və indiki Ermənistanı ən ümumi də olsa müqayisə etdikdə bunu aydın görmək mümkündür: "Ermənistan və ermənilər güclü geosiyasi dəstəyə malik idilər. Səbəb SSRİ-nin dağılmasında iştirak etmələri idi. Soyuq müharibənin ən böyük probleminin açarı ermənilər oldu. Qərb dünyası tərəfindən ciddi dəstək var idi. SSRİ-nin əleyhinə getdiklərinə baxmayaraq ermənilər bir müddət Rusiyanı müttəfiqləri sırasına qoşa bildilər. Ermənilərin böyük maliyyə mənbələri var idi. SSRİ-nin o zamankı baş naziri Nikolay Rıjkov Spitak zəlzələsini əsas götürərək Ermənistana 2 illik dövlət büdcəsi başqa sözlə, təxminən 6-7 milyard dollar vəsait ayırdı. Məhz buna görə də Rıjkov Ermənistanın milliyyətcə erməni olmayan yeganə milli qəhrəmanıdır. Spitak zəlzələsindən 31 il keçməsinə baxmayaraq heç bir bərpa işi aparılmayıb. Bir qismi korrupsiyaya, müəyyən bir qismi də Dağlıq Qarabağ münaqişəsinin
başlanması və alovlanmasına sərf olunub. Birləşmiş Ştatlardan Ermənistana Spitak zəlzələsi zamanı yardım daşıyan karvana o zamankı ABŞ prezidenti ata Corc Buşun oğullarından biri başçılıq edirdi".
Mərkəz rəhbəri qeyd edib ki, diaspor Ermənistana hərtərəfli və aktiv dəstək verirdi: "Diasporun maliyyə imkanları 500 milyard dollar idi. Dünya erməniliyində ciddi birlik var idi. Ermənilər real, virtual 15 milyonluq cəmiyyəti olan dövlət yaratmağa hazırlaşırdılar". Mübariz Əhmədoğlu diqqəti hazırkı Ermənistanın durumuna yöndərək bildirib ki, indiki Ermənistanbütün parametrlər üzrə tam əks qütbdədir. Onun qənaətincə, heç bir müttəfiqi və geosiyasi dəstəyi yoxdur: "İranın Ermənistana
verdiyi dəstəyin arxasında İranın özünün tarixi maraqları dayanır. Gec-tez ermənilər bunu görəcəklər. Bu gün Ermənistanın 7 milyard dollar xarici borcu var. Diaspor erməniləri xeyli zəifləyib. Ermənistana və bir-birlərinə qarşı ədavətdədirlər. Əyani misal: Baş nazirin xanımı Anna Akopyan iki
dəfə İsveçrədə yaşayan erməni milyoneri V.Sirmakeşin ayağına getsə də, V.Sirmakeş ona bir sent də vermədi. Dünya erməniliyi sayca ən yaxşı halda 8 milyon nəfərdir. Ermənilik ciddi assimilyasiyaya məruz qalır. Ermənilər özlərini bütün dünyaya savadlı, intellektual xalq kimi göstərməyə çalışıblar. İndi bu sahədə də reqressiyadır. Ermənistanda ən savadlı sonuncu rəhbər LevonTer Petrosyan olub. Levon Ter-Petrosyandan sonra Robert Köçəryan və Serj Sərkisyan ali təhsil diplomlarına malik idilərsə də, elə dərin intellektləri yox idi. Nikol Paşinyanın həm dərin intellekti, həm də ali təhsil haqqında diplomu yoxdur. Ermənistan tarixinin uydurma mifləri artıq açıqlanır. Dünya ictimaiyyəti erməni tarixinin böyük əksəriyyətinin yalan olduğunu başa düşür. Bütün bunların hamısı Paşinyanın dövründə kumulyasiya olunur. Beləliklə Ermənistan dövlətçiliyi dərin böhran qarşısındadır. Qarşıda 3 yol var. Birincisi, zəifləyən Ermənistaniri dövlətlərin geosiyasi tapşırıqlarını yerinə yetirməklə tarixin şərəfsizlik zolağına yuvarlanır. İkincisi, Nikol Paşinyan Dağlıq Qarabağ məsələsini həll edir. Ermənistan Türkiyə, Azərbaycan və Gürcüstanla iqtisadi münasibətləri tamamilə yeni səviyyəyə qaldırır. Üçüncüsü, Ermənistan dövləti əlində olan qalan resurslarını da Dağlıq Qarabağ münaqişəsinə xərcləyirvə beləliklə əvvəlcə Ermənistan dövləti sıradan çıxır, sonra da Dağlıq Qarabağməsələsi avtomatik olaraq gündəlikdən çıxır".
Mərkəz rəhbəri deyib ki, bu variantların hər üçü Nikol Paşinyan üçün məhkumluq deməkdir: "Əlbəttə, Paşinyan siyasi və yaxud mənəviölümü dərk edən lider deyil. Ona görə Nikol Paşinyan seçim qarşısındadır. Ya Ermənistan dövlətçiliyini saxlamaq şərti ilə ölümlə razılaşmaq, ya da Qarabağ məsələsi, Ermənistan dövlətçiliyi də daxil olmaqla özünün ölüm variantını seçmək. Hələ ki Nikol Paşinyanın getdiyi yol sonuncu variantı seçdiyini göstərir. İstefa vəziyyətdən çıxış yolu deyil. Çünki "məxməri inqilab" prosesləri geri dönməz edib".
Məhəmməd