Regional münasibətlər sistemində Azərbaycan-Gürcüstan əməkdaşlığı
28 Mart 2019 12:55 SiyasətVə Ermənistanın bu əməkdaşlığa əngəl olma cəhdləri
Gürcüstanın yeni rəhbərliyinin Ermənistanla sıx əməkdaşlığa maraq göstərməsi, bu ölkənin iqtisadi blokadadan çıxması üçün İrəvanın təşəbbüslərinə dəstək verməsi Azərbaycan tərəfində haqlı narazılığa səbəb olur. Gücrüstanın dövlət başçısının bir müddət əvvəl Ermənistana səfər edərək orada qondarma soyqırım abidəsini ziyarət etməsinin doğurduğu narazılıq aradan qalxmadan Tiflis İrəvanın maraqlarına xidmət edən daha bir jest edib. Belə ki, Gürcüstan-Ermənistan sərhəddində iki ölkənin iştirakı ilə bir sıra iqtisadi layihələrin həyata keçirilməsi barədə ümumi razılıq əldə olunub.
Rəsmi Tiflisin İrəvanla sıx əməkdaşlığa maraq göstərməsini şərh edən ekspertlər Gürcüstanın bu addımını heç də normal qarşılamırlar. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl gürcü həmkarı ilə sərhəddə görüşmüşdü. O zaman bu görüş barədə açıqlama verilmədi: "Bu görüş bizdə də təəccüb doğurdu, çünki bir müddət əvvəl görüşmüşdülər. NATO-nun Gürcüstanda təlim keçirdiyi günlərdə Gürcüstanın baş nazirini sərhəddə erməni həmkarı ilə görüşməyə nə vadar edirdi? İndi Nikol Paşinyan elan edir ki, sərhəddə Ermənistanla Gürcüstan arasında xeyli birgə iqtisadi layihə müzakirə olunub. Əsas da nəqliyyat layihələrini və logistik mərkəzlərin tikintisini gündəmə gətiriblər. Bu arada, Nikol Paşinyanın Gürcüstanla əməkdaşlığa dair bu cümləsi diqqəti cəlb edir: "İki ölkə arasındakı əlaqələri geosiyasi təsirlərin kənarında saxlamaq olur, ancaq daha böyük layihələr müzakirə olunarkən geosiyasi təsirlər ön plana çıxır". Nikol Paşinyanın bu cümlədə nə demək istədiyini anlamağa çalışaq. Paşinyan geosiyasi təsirlər dedikdə böyük ehtimalla iki ölkəni nəzərdə tutur - Rusiya və Azərbaycan. Paşinyan anlayır ki, Ermənistan-Gürcüstan əlaqələrini Rusiyanın təsirlərinə görə inkişaf etdirmək çətindir. Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin olmaması Ermənistanın Gürcüstan üzərindən Rusiya ilə əlaqələrinə mənfi təsir edir". Politoloq deyir ki, burada Azərbaycan amili də var: "Gürcüstanın əsas regional layihələri Azərbaycan və Türkiyə ilə bağlıdır. Ermənistan bu durumu dəyişmək gücündə deyil. Deməli, Nikol Paşinyanın bu vəziyyətdə məqsədi Rusiya və Azərbaycan təsirlərindən kənarda Gürcüstanla əməkdaşlığı inkişaf etdirməyin yollarını tapmaqdır. Ermənistanla hansı istiqamətlərdə əməkdaşlıq etmək Gürcüstanın daxili işidir. Ancaq Gürcüstanda onu da bilməlidirlər ki, bu əməkdaşlıq Azərbaycanda xoş qarşılanmır. Tiflis Paşinyanın da işarə etdiyi geosiyasi təsirləri nəzərə almalıdır. Bunun üçün isə Bakıdan Tiflisə zaman-zaman mesajlar göndərilməlidir".
Müstəqil ekspert Rusif Məmmədsoy da hesab edir ki, Tiflis Bakının maraqlarını nəzərə alaraq İrəvanla sıx əməkdaşlığa maraqlı görünməməlidir. Çünki Gürcüstanın ayaqda durmasında məhz Azərbaycan əsas rol oynayır: "Azərbaycan və Gürcüstan əlaqələrinin olduqca böyük tarixi var. Hər iki dövlət keçmiş postsovet olkəsidir. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra əlaqələrimiz daha da möhkəmlənmişdi. İki dövlət arasında 1992-ci ildə qurulan diplomatik munasibətlər hazırki illərə qədər artan xətt üzrə inkişaf edir. Gürcüstanla münasibətlərimiz yalnız siyasi deyil, eyni zamanda iqtisadi sferada da öz əksini tapır. Buna misal kimi Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrini göstərə bilərik. Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri Gürcüstan üçün olduqca önəmli layihədir. Belə ki, Gürcüstan həmin layihələrdə tranzit ölkə kimi iştirak edir və bütün bunların hesabına öz iqtisadiyyatını tənzimləyə bilir. Lakin, Gürcüstanda yeni prezidentlər hakimiyyətə gəldikcə onların məsələyə baxışı da fərqli olur. Bildiyiniz kimi, bu il Gürcüstanda növbəti prezident seçkiləri baş tutdu. Seçkilərdən sonra Qafqazda ilk dəfə olaraq qadın prezident seçilən Salome Zurabaşvili hakimiyyətə gəldi. Onun seçki kompaniyasına diqqət yetirsək görə bilərik ki, xüsusilə əhəmiyyət verdiyi və vədlər verdiyi bölgə məhz erməni əhalinin yaşadığı ərazilər idi. Onun əsas rəqibi Qriqol Vaşadze isə azərbaycanlı əhali ilə daha sıx əlaqədə idi. Bir məsələni də diqqətinizə çatdırım ki, həm xanım Zurabaşvili, həm də Qriqol Vaşadze Mixail Saakaşvilinin komandasında olub. Hətta Salome Zurabaşvili bir müddət xarici işlər naziri vəzifəsinə də təyin olunub. Lakin, bir müddət sonra bu vəzifədən kənarlaşdırılıb və Saakaşviliyə müxalif olmağa başlayıb. İstənilən halda xanım Zurabaşvili artıq Gürcüstanın dövlət başçısıdır. Onun prezident postuna seçilməsindən sonra milli maraqlarımıza zidd olan bəzi addımlarının şahidi olduq. Məsələn, erməni cəlladına Gürcüstanda büst qoyuldu ,Gürcüstan hakimiyyəti işğal altındakı Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinin aparılması üçün zəmin yaratdı. Hansı ki, bu hal baş versəydi Rusiya ilə Ermənistanı Gürcüstan üzərindən birləşdirən yeganə yol açılacaqdı ki, bu da sonda Ermənistanın xeyrinə olacaqdı. Bu isə Azərbaycan tərəfinin yürütdüyü "təcridetmə siyasətinə" ziddir. Rəsmi Bakı uzun illərdir davam edən iqtisadi layihələrdən Ermənistanı kənarda qoyur. Bu da "Dağlıq Qarabağ" münaqişəsinin həlli üçün müəyyən təzyiq metodudur. Lakin, Gürcüstan tərəfi işğal edilmiş Abxaziya və Cənubi Asetiya bölgəsi üzərindən ticarət mübadiləsi aparsa bu Ermənistan iqtisadiyyatının inkişafına təkan verəcək". Ekspert bildirib ki, Salome Zurabaşvilinin ilk rəsmi səfəri Azərbaycana oldu. Fevral ayında iki ölkə başçısı arasında baş tutmuş görüşdə xanım prezident "Azərbaycanla münasibətlərimizin alternativi yoxdur" dedi: "Əlbəttə, Cənubi Qafqazın ən güclü ölkəsi məhz Azərbaycandır. Gürcüstan tərəfi də yaxşı başa düşür ki, Azərbaycanla münasibətlərdə soyuqluq yaratmaq olmaz. Çünki, Gürcüstanın iqtisadi vəziyyəti istənilən səviyyədə deyil və bu vəziyyətdə ona əsas dəstəkçi məhz Azərbaycandır. Hansı ki, SOCAR Gürcüstana olduqca aşağı qiymətlərlə qaz satır, iqtisadi layihələrdə iştirakını təmin edir və çox böyük investisiyalar yatırır. Gürcüstan prezidenti Bakıya səfərindən sonra Ermənistan rəsmiləri ilə görüş üçün İrəvana getdi. İrəvanda olarkən isə xanım prezident Ermənistanı Azərbaycan torpaqlarını işğal etməsində və işğal altındakı Abxaziya , Cənubi Asetiya bölgələrinə edilən səfərlərlə bağlı itiham etdi. Təbii ki, bu açıqlama bizi razı salmaya bilməzdi. Lakin, bu zaman da belə bir sual ortaya çıxır ki, Salome Zurabaşvili Ermənistanı bu cür ittiham edəcəkdisə, nəyə görə məhz ermənilərlə görüşlər keçirir, onların maraqlarını müdafiə edir və hətta erməni cəlladına büstün ucaldılmasına heç bir reaksiya göstərmir?". Ekspertin sözlərinə görə, Salome Zurabaşvili başa düşür ki, hakimiyyətə gəldikdən sonra bütün bunları həyata keçirtmək, yəni ermənipərəst siyasət yürütmək yalnız onların milli maraqlarına ziddir: "Belə ki, xanım Zurabaşvili istənilən halda müəyyən seçim etməli idi. Ya bölgədə heç bir gücü olmayan Ermənistanın, ya da Cənubi Qafqazın ən güclü ölkəsi hesab edilən, xüsusilə Gürcüstan üçün ən böyük investorlardan olan Azərbaycanın yanında olmalı idi. Təbii ki, xanım prezident ikinci variantı daha üstün tutdu. Hansı ki, seçkilərdən sonra Salome Zurabaşvili azərbaycanlı əhali ilə daha sıx görüşməyə başlayıb. Novruz bayramı ərəfəsində dəfələrlə Marneuliyə səfərlər edib və yerli əhali ilə görüşüb, onları təbrik edib. S.Zurabaşvilinin azərbaycanlı əhali ilə görüşü zamanı daha çox diqqətimi çəkən onun çıxışı oldu. Belə ki, öz çıxışı zamanı dəfələrlə qeyd etdi ki, azərbaycanlı uşaqlar gürcü dilini bağça yaşlarından öyrənməlidir. Bunun məcburiyyət olmadığını, valideynlərinin özünün də bunu istədiyini qeyd etdi. Hesab edirəm ki, ölkə başçısının əsas narahat olduğu məsələlərdən biri də məhz azərbaycanlı əhalinin sayıdır. Xanım Zurabaşvili düşünür ki, bu gələcəkdə onlar üçün böyük bir problemə çevrilə bilər. Bu səbəbdən də bu cür gedişlərlə özünə qarşı bir növ azərbaycanlı əhali arasında reytinq toplamağa çalışacaq. Çünki, həmin bölgələr xüsusilə Qriqol Vaşadzenin tərəfdarlarından ibarətdir və gələcəkdə ona qarşı olacaq hər hansı bir hadisədə özünə dayaq yaradacaq. Salome Zurabaşvilinin Azərbaycanla əlaqələrindən danışarkən deməliyəm ki, iqtisadi layihələr davam etdikcə, Gürcüstan bu layihələrin iştirakşısı olduğu müddətcə hər hansı bir soyuqluq yaşanmayacaq. Bu mənada onu da qeyd etməliyəm ki, Zurabaşvilinin erməni həmkarını bu mənada ittiham etməsi heç də o demək deyil ki, Gürcüstan höküməti "Dağlıq Qarabağ" münaqişəsinin həllində maraqlıdır. Çünki, ilk növbədə bu münaqişə həll edilərsə gələcək layihələrdə Gürcüstanın iştirak etməsi sual altında qalır. Belə ki, Azərbaycan höküməti daha artıq pullar xərcləyərək həmin boru kəmərlərini çəkirlər. Lakin, bu məsələ həll edilərsə həmin boru xətlərinin Ermənistan üzərindən keçməsi ehtimalı da var ki, bu da əslində neft və qazımızın Avropaya çıxarılmasında ən uyğun yollardan biridir. Gürcüstan höküməti özü də bunu yaxşı anlayır. Bundan əlavə din məsələsi də önəmli faktordur. Sonda isə Salome Zurabaşvilinin Fransa ilə sıx bağlılığı bu məsələdə ön plana çıxır. Fransanın və Rusiyanın Ermənistana olan münasibəti hər birimizə bəllidir. Yəni, hər iki dövlət faktiki şəkildə Ermənistanı dəstəkləyir. Belə olduğu halda Gürcüstandan bu istiqamətdə müsbət adıım gözləməyə dəyməz. İstənilən halda Salome Zurabaşvili Qərblə Rusiya arasında bir növ körpü rolunu da oynayır. Hər iki tərəf onun gəlişindən razıdır. Fransa Gürcüstanın NATO-a və Avropa İttifaqına tez bir zamanda qəbul edilməsini istəmir, Rusiya isə öz növbəsində Gürcüstanın adını çəkdiyim qurumlara üzv olmasında maraqlı deyil. Bu səbəbdən də düşünürəm ki, Rusiyanın Abxaziya və Cənubi Asetiya ərazilərində də güzəştə gedəcəyi yeganə şəxs Salome Zurabaşvili , bilavasitə Bidzina İvanaşvili ola bilər ki, bu da olduqca böyük zaman tələb edən prosesdir".
Füzuli