Ermənistan danışıqlar formatının dəyişdirilməsinə cəhd edir - Geosiyasət

Qondarma rejimin danışıqlara cəlb edilməsi qəbuledilməzdir

İşğalçı ölkənin qeyri-konstruktivliyi səbəbindən  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc həlla həlli istiqamətində uzun müddətdən bəri aparılan danışıqlarda heç bir nəticə əldə edilməyib. Münaqişənin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyəti belə hansısa nəticənin əldə olunmasına təsir göstərə bilməyib. Lakin buna baxmayaraq həmsədrlər danışıqların tərəfdarı olduqlarını bəyan edərək prosesin davam etdirilməsində maraqlı olduqlarını nümayiş etdirilər. Bu dəfə də Minsk qrupunun həmsədrləri ənənəvi bəyənatla çıxış edərək növbəti görüşün vacibliyi qənaətinə gəliblər. Maraqlıdır, Ermənistanda yeni hakimiyyətin yürütdüyü qeyri-stabil siyasətlə danışıqlarla hansısa nəticə əldə etmək mümkündürmü?

Siyasi ekspertlər hesab edirlər ki, baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc həlli yolunun axtarışına kömək etməkdə qətiyyətli olduqlarını bəyan ediblər, ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi hansısa razılaşmanın əldə olunmasına imkan vermir. Baxmayaraq ki, zahirən də olsa, Minsk qrupunun həmsədrləri tərəflərə münaqişənin Helsinki Yekun Aktı, o cümlədən güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsipləri əsasında sülh yolu ilə həllinin tapılması istiqamətində kömək göstərməyə sadiq olduqlarını dəfələrlə xatırladıblar, Ermənistan isə inadkar mövqeyindən dönməyib. Hazırda da  Ermənistanın inqilab yolu ilə formalaşmış yeni hakimiyyəti də xələfinin  yolunu davam etdirir. Belə ki, Ermənistan hakimiyyəti hər vəchlə Dağlıq Qarabağ probleminin diplomatik yolla həllinə əngəl olmağa, bu istiqamətdə atılan addımlara maneçilik yaratmağa çalışır. İnqilabçı baş nazir Nikol Paşinyanın müntəzəm olaraq verdiyi açıqlamalar, problemin həlli istiqamətində aparılacaq danışıqlar prosesində İrəvanın deyil, separatçı Dağlıq Qarabağ rejiminin tərəf kimi iştirak etməsinin vacibliyini vurğulaması deyilənləri təsdiqləyir.

Qeyd edək ki, münaqişənin nizamlanması ilə bağlı hazırda müzakirə edilən sənəd tərəflərə ilk dəfə 2007-ci il noyabrın sonunda Madriddə təqdim olunmuş yenilənmiş Madrid prinsipləridir. Hansı ki, bu prinsiplərə rəsmi Bakı müsbət yanaşsa da, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, 2012-ci ilin yanvarından bu günə kimi tərəflərarası hər hansı bir görüşün baş tutmamasına səbəb olub. Elə isə Rəsmi İrəvanın qeyri-konstruktiv mövqe nümayiş etdirərək, qəbul etmək istəmədiyi Madrid prinsiplərinin yenidən gündəmə gətirilməsi və bu gün üçün tərəflər arası görüşün keçirilməsinə səbəb nədir? Əvvala qeyd edək ki, Azərbaycanın sürətlə silahlanması və bunu açıq şəkildə biruzə verməsi regionda öz maraqlarını təmin etmək istəyən tərəflər üçün ciddi bir şəkildə siqnala çevrilib. Üstəlik, Ermənistanın yürütdüyü xarici siyasət fiaskoya uğradığından bölgədə vəziyyəti neytrallaşdırmaqda maraqlıdır. Azərbaycan tərəfi isə hesab edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir. Elə bu səbədən də Azərbaycan dəfələrlə bəyan edib ki, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır. Belə halda, ATƏT-in Mİnsk qrupu da daxil olmaqla bütün beynəlxalq güc mərkəzləri etiraf etməlidirlər ki, Ermənistanın işğal olunmuş ərazilərdəki qeyri-qanuni fəaliyyəti həm Azərbaycan qanunvericiliyini, həm də beynəlxalq norma və prinsipləri pozur. Ermənistan isə bütün mümkün imkanlardan istifadə edərək status-kvonu gücləndirməyə, işğal faktorunu dərinləşdirməyə çalışır. Belə bir şəraitdə Azərbaycan Azərbaycan 2019-cu ildə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması məsələsində irəliləyişə ümid edir və danışıqlar xatirinə danışıqların yox, ciddi nəticələrin ələ olunması üçün masa arxasında oturmağa razılıq verir. Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həll olunmalıdır. Nizamlanmanın hüquqi əsasına gəldikdə xatırlatmaq lazımdır ki, bununla bağlı BMT-nin 1993-cü ildə qəbul olunmuş 4 qətnaməsi, digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər təşkilatların qərar və qətnamələri mövcuddur. Yeri gəlmişkən xatırladaq ki, indiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüş baş tutub. Baxmayaraq ki, sözügedən görüşlərdə hər hansı müsbət nəticə əldə olunmayıb, ancaq Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır. Azərbaycan tərəfi münaqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qarşıdakı görüşə dair bəyanatını şərh edərkən bildirib ki, Minsk qrupunun həmsədrlərinin bu bəyanatı Ermənistana verilən bir siqnaldır, biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin mövqeyini onların diqqətinə çatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir: "Həmsədrlərin bəyanatında, həmçinin münaqişənin həlli ilə əlaqədar atılmalı olan addımlar da qeyd edilir. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zorla qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur. Dağlıq Qarabağın statusuna gəldikdə isə bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər. Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması - azərbaycanlı və erməni icması ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyən etməlidir. Məlum olduğu kimi, xalqların öz müqəddəratını təyinetmə prinsipi dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır. Həmsədrlərin bəyanatında da Helsinki Yekun Aktı əsas tutulur. Bu sənəddə qeyd olunur ki, "xalqların öz müqəddəratını təyin etməsinə hər zaman BMT Nizamnaməsinin prinsip və məqsədləri, beynəlxalq hüququn müvafiq normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq hörmət edilir. Münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində maraqlı tərəflərə gəldikdə isə bu tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır və bu icmalar bərabərhüquqludurlar". Politoloq Elxan Şahinoğlu da deyib ki, ATƏT-in Minsk Qrupunun son bəyanatı həm Bakıya, həm İrəvana mesaj əhəmiyyəti daşıyır: "Birincisi, həmsədrlər bildirirlər ki, iki ölkə liderinin birbaşa dialoqunu dəstəkləyirlər və yeni görüş hazırlayırlar.İkincisi, həmsədrlər bildirirlər ki, tərəflərdən birinin razılığı olmadan danışıqlar formatının dəyişdirilməsinin əleyhinədirlər. Bu Ermənistanın baş naziri Nikol Paşinyana mesajdır.Üçüncüsü, həmsədrlər ATƏT sədrinin bölgədəki təmsiliçisinə tam dəstək ifadə etdiklərinin bildirirlər. Bu isə rəsmi Bakıya mesajdır. Çünki, Azərbaycan Nazirlər Kabineti ATƏT sədrinin bölgədəki təmsiliçisi Anjey Kasprçikin fəaliyyətini kəskin tənqid edən hesabat açıqlayıb. Başqa sözlə rəsmi Bakı Kaspçikin dəyişdirilməsini istəyir. Həmsədrlər isə cavab olaraq "yox" deyirlər. Dördüncüsü, həmsədrlər növbəti dəfə münaqişənin həllinin yolunu göstərirlər: Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalıdır. Dağlıq Qarabağa özünüidarəetməni və bölgənin təhlükəsizliyini əks etdirən müvəqqəti status verilməlidir. Dağlıq Qarabağ Ermənistanla təhlükəsiz koridoruna malik olmalıdır. Dağlıq Qarabağda referendum keçirilməlidir. Bütün köçkünlər geri qayıtmaq imkanına malik olmalıdırlar. Bölgənin təhlükəsizliyinə beynəlxalq səviyyədə təminat verilməli və sülhməramlı qüvvələr yerləşdirilməldir. Deyəsən həmsədrlər əməlli-başlı əsəbləşiblər. Yoxsa həm Bakıya, həm də İrəvana xəbərdarlıq mesajları ilə dolu bəyanat göndərməzdilər. Bəyanatda bir məqam da diqqəti çəkir: "Əvvəlcə referendum tarixi müəyyənləşməli, ondan sonra köçkünlərin geri qayıdışı təmin olunmalıdır".

Zəka

Vaşinqton-Ankara münasibətləri gərgin atmosferdən sabitliyə doğru- Təhlil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31