Vaşinqton-Ankara münasibətləri gərgin atmosferdən sabitliyə doğru- Təhlil

Vaşinqton-Ankara münasibətləri gərgin atmosferdən sabitliyə doğru

Birləşmiş Ştatlarla Türkiyə arasında münasibətlər hər ötən gün bir qədər də gərgin xarakter alır. Vəziyyət o həddə çatıb ki, hətta Vaşinqtondan Ankaraya yönəlik təhdid dolu fikirlər, hədələ səsləndirilir. Bu günlərdə Birləşmiş Ştatların Müdafiə Nazirliyinin sözçüsünün Türkiyə ilə bağlı işlətdiyi xoşagəlməz fikirlər belə deməyə əsas verir. Ancaq paralel olaraq iki ölkənin bir nömrəli şəxsləri arasında baş tutan telefon danışıqları Ankara-Vaşinqton münasibətlərinin bir qədər normallaşacağına ümid yaradır. Müstəqil ekspert Rusif Məmmədsoy da deyir ki, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Körtis Skaparottidən sonra ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Çarlz Sammers də Türkiyəni "S-400" almamaq üçün hədələyib: "Bildiyiniz kimi iki ölkə arasındakı münasibətlər dalana dirənib. Belə ki, ABŞ və Türkiyə nə Suriyada, nə də "S-400" məsələsində razılaşa bilmirlər. Əvvəlcə Suriyadakı vəziyyətdən danışaq. Hazırda ABŞ və Türkiyə Suriyada əsas aktorlardan biridir. Hər birinin bu bölgə ilə bağlı öz maraqları var. Bu mənada hər ikisinin maraqları toqquşur. Məsələn, Türkiyə öz cənub sərhədləri boyunca PYD/YPG terror qruplaşmalarını məhv etmək və sərhədlərinin təhlükəsizliyini təmin etmək istəyir. ABŞ isə həmin terror qruplaşmalarına hərtərəfli dəstək verir. Bu isə iki NATO müttəfiqi arasında problemləri üzə çıxarır. Bundan əlavə Suriyanın şimalında yerləşən Mənbiçdə nəzarət ABŞ-a məxsusdur. Hansı ki, Donald Trampın bəyanatına əsasən ABŞ hərbiçiləri o bölgəni də boşaltmalı və tədricən Türkiyəyə təhvil verməli idi. Lakin, burada da elə bir irəliləyiş yoxdur. ABŞ-ın bu bölgədən ümumiyyətlə çıxmasını gözləmək də sadəlövhlük olardı. ABŞ ümumilikdə Yaxın Şərqdə 7 trilyondan çox pul xərcləyib. Belə asanlıqla çıxarmı? Əlbəttə, xeyr.  Hətta bu fikir səsləndirildikdən dərhal sonra Pentaqonda bir neçə vəzifəli şəxslərin istefasının şahidi olduq. Bu isə Donald Trampın 2020-ci il seçki kampaniyasına təsirsiz ötüşməyəcək. Hazırda ABŞ-ın əsas məqsədi Türkiyəni öz tərəfinə çəkmək və Rusiyadan uzaqlaşdırmaqdan ibarətdir. Lakin, Türkiyənin ABŞ-la münasibətlərinin tənzimlənməsi bir az zaman alacaq". Ekspertin sözlərinə görə,  "S-400" - lərə gəldikdə isə "S-400" uzaq məsafəli zenit təyyarə sistemidir: "Qanadlı və ballistik təyyarələrin məhv edilməsi üçün nəzərdə tutulub. Bildiyiniz kimi bu Rusiya istehsalıdır. ABŞ isə Türkiyəni bu addımdan yayındırmağa çalışsa da Türkiyə tərəfi dəfələrlə qeyd edib ki, "Biz artıq Rusiya ilə razılaşmışıq və bu iş bitib ". ABŞ isə Türkiyəyə "S-400" almayacağı təqdirdə ABŞ-ın Türkiyəyə "F-35" verəcəyini deyirlər. Türkiyə bu məsələdə də mövqeyini dəyişmir. Belə ki, onlar həm "S-400", həm də "F-35" almaq istədiklərini vurğulayırlar.  İstənilən halda Türkiyə bu sazişdən geri çəkilməyəcək. Çünki, artıq imzalar atılıb. ABŞ-ı narahat edən əsas məsələlərdən biri də məhz bir NATO ölkəsinə Rusiyanın silah satmasıdır ki, bu da həmin təşkilatın birbaşa nüfuzuna zərbədir. Lakin, əsas diqqət çəkən məqam ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında baş tutmuş telefon danışığı oldu. Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında bildirib ki, " D.Trampla çox yaxşı münasibətləriniz var. Onunla ikitərəfli əməkdaşlığımız haqqında danışdıq. Hətta 31 mart bələdiyyə seçkilərindən sonra ya mən ABŞ-a gedəcəm, ya da cənab Tramp Türkiyəyə gələcək". Bu açıqlamanın da bəzi səbəbləri var. Bildiyiniz kimi Türkiyə Suriyada Rusiyanın nəzarətində olan İdlib bölgəsində də aktiv iştirakçılardan biridir. Bu mənada Türkiyə-Rusiya-İran üçlü zirvə görüşlərində də bəzi məsələlər gündəmə gəlmişdi. Hansı ki, Rusiya Türkiyəyə müəyyən vaxt vermişdi ki, 15 km-lik məsafədə terror qruplaşmalarının silahlarını təmizləsin. Təbii ki, qısa zamanda bu mümkün olacaq bir şey deyil. Eyni zamanda İdlib həmin terror qruplaşmalarının son qalasıdır və asanlıqla təslim etməyəcəklər. Bu səbəbdən də həmin vaxt ərzində Türkiyə bunu edə bilmədi. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, ötən həftə Suriya ordusu və İranın dəstəklədiyi terror qruplaşmaları İdlibə hücum etmişdi. Təbii ki, Rusiya olmadan rahatlıqla hər hansı hərbi əməliyyat keçirtmək mümkün deyil. Xüsusilə də Suriya hökuməti üçün. Bu mənada Ərdoğanın bu açıqlamasını məhz bu məsələ ilə əlaqələndirirəm. Hesab edirəm ki, Ərdoğan Rusiya və İrandan da müəyyən mənada ehtiyat edir. Bu səbəbdən də ABŞ ilə də bütün körpüləri yandırmaq istəmir. İstənilən halda gələcək aylarda ABŞ və Türkiyə arasında yaxınlaşma görə bilərik".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31